![siyer.yolculuk[1]](https://minber.az/wp-content/uploads/2013/11/siyer.yolculuk11-225x145.jpg)
Möhtərəm möminlər! Dil, Uca Allahın bizə verdiyi böyük bir nemətdir. İnsan onun vasitəsi ilə fikrini bəyan edir, insanlarla ünsiyyət qurur.   Necə ki, Allah-Təala buyurur: “Məgər biz ona iki göz vermədikmi,  eləcə   də bir dil və qoşa dodaq (vermədikmi)”[1]
    Bu dil ya insanın dünya və axirətdə hörmətini və dərəcəsini artırır, ya da cəhənnəmin dibinə düşməyə səbəb olur. Bu dil ya haqqı (lə iləhə illəllah və s.) deyir, ya da batili (küfr, şirk və s.) deyir.
  Buna görə insan danışığına fikir verməli və bilməlidir ki,  dilindən çıxan hər bir kəlmədən məsuldur.  Ümumiyyətlə, insanlar danışıqlarına   görə   dörd qismə bölünür:
Birinci qism: o kəslərdir ki, danışmamışdan qabaq fikirləşir, sonra danışır. Bunlar ən xoşbəxt insanlardır.
İkinci qism: o kəslər ki, danışa-danışa fikirləşir, bunlar da xoşbəxt insanlardır.
Üçüncü qism: o kəslər ki, danışır daha  sonra nə danışdığını fikirləşir, bunlar bədbəxt insanlardır.
   Dördüncü qism: o kəslər ki, nə danışqıqdan əvvəl, nə danışa-danışa, nə də danışdıqdan sonra fikirləşmir, bunlar da ən bədbəxt insanlardır.
    Əziz müsəlmanlar! İnsan hər tələffüz etdiyi kəlimə barəsində sorğu sual olunacaqdır.
Əbu Hureyrə (r.a): Rəsulullahdan (səs) soruşdu: İnsanları ən çox Cənnətə salan nədir? –Allah Rəsulu (səs) – “Allah qorxusu və həyadır”- dedi. Bəs insanları Cəhənnəmə salan şey nədir? – “Dili və övrət yeridir”- buyurdu.
Süfyan İbn Abdullah nəql edir: «Ey Allahın Rəsulu dedim. Mənə xeyirli bir əməl tövsiyə et. Ona əməl edim.» (Hz. Peyğəmbər (səs) belə cavab verdi: «Rəbbim Allahdır de. Sonra doğru ol.» daha sonra «Ey Allahın Rəsulu» Mənim haqqımda ən çox qorxduğun şey nədir?» deyə soruşduğumda əli ilə dilini tutub «Bu» deyə cavab verdi.[2]
Bəli insan ağzından çıxan hər kəlmə haqqında sorğu sual olunacaq. Allah təala belə buyurur: “Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”[3]
 
Peyğəmbərimiz (səs) belə buyurdu: “İnsan Allah rizası üçün bir söz deyər və elə zənn edər ki, bu sözün heç bir qədir qiyməti yoxdur. Lakin Allah-Təala bu kəlməyə görə onun dərəcəsini (dünya və axirətdə) artırar. Həmçinin insan Allahı qəzəbləndirəcək bir söz deyər və elə zənn edər ki, bu sözün heç bir günahı yoxdur, lakin Allah bu sözə görə ona qiyamətə qədər günah yazar.
    Birincisinə misal: şəhadət kəlməsidir (yəni  əşhədü  ən  lə  ilahə  illəllah və aşhədü ənnə  Muhammədən   abduhu və rəsuluh  demək) Necə ki,   Peyğəmbərimiz   (səs.) belə buyurub:    ‘Kimin axır  sözü Lə iləhə illəllah olarsa (o kimsə) cənnətə daxil olar.’
    Başqa bir hədisdə də belə buyurur: “Qiyamət günü Allah -təala bir şəxsi hüzuruna çağıracaq və onun 99 dənə əməl dəftərini çıxarıb ona göstərəcək. Bu əməl dəftərləri tərəzinin bir gözünə qoyulacaq, günahla dolu olacaq. Sonra isə tərəzinin o biri gözünə balaca kağız parçasına yazılmış bir şey   qoyulacaq  və  bu   daha    ağır  gələcək.  Açıb   baxanda   görəcək   ki,  o   kağızda  “Lə ilahə illallah” yazılıb.
    Bir kəlmə  (tövbə  edib  Allahın təkliyinə şəhadət vermək) onun bütün günahlarını bağışladı.
İkincisinə misal: Peyğəmbərimiz (səs.) bizdən əvvəlkiləri bizə misal çəkərək  belə buyurdu: Bir nəfər günah edən yoldaşına nəsihət edərdi, o isə onun nəsihətinə məhəl qoymazdı. Nəhayət bir gün nəsihət edən bezib onun haqqında belə dedi: “Allaha and olsun ki, Allah filankəsi bagışlamayacaq”. Allah onların ikisini də hüzuruna gətirdi və dedi: “Kimdir mənim əvəzimə deyən ki, mən filankəsi   bağışlamayacağam.   Artıq  mən onu   bağışladım  və  sənin əməlini puç etdim”.
    Əbu-Hureyrə (ra) (bu hədis haqqında) demişdir: “O kimsə  bir  kəlmə  ilə   dünyasını   və   axirətini    puç etdi.  Bizdən   əvvəlkilərin  başlarına  gələn   pis aqibət bizlərə nümunədir.
     Əziz     müsəlmanlar!   Elə isə gəlin ağzımızdan çıxan hər sözə diqqət edək. Ağzımızdan çıxan hər kəlimədən məsul olduğumuzu unutmayaq. Peyğəmbərimiz  (səs)-in “Allaha və axirət gününə inanan ya xeyir söyləsin ya da sussun” hədisini unutmayaq. Dilimizlə kimisə incitməyək.  Necə ki, xalq arasında məşhur olan bir atalar sözü  var: Qılınc yarası sağalar, söz yarası sağalmaz.  
     Xütbəmə bir ayə ilə son verirəm:   
“Allahı, Onun Peyğəmbərini (diliylə) incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün hərarətli bir əzab hazırlamışdır!”
       29  Noayabr  2013 /25  Məhərrəm 1435
[1]əl-Bələd, 8,9.
[2]Tirmizi Zühd 61 (2412).
[3]Qaf, 17, 18.