• 26 Dekabr 2024

DOSTUNU MƏNƏ GÖSTƏR SƏNİN KİM OLDUĞUNU DEYİM

45Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, yaxşı dost əttar (ətir hazırlayan və satan) kimidir, dükanına gedərsən, oturub söhbət edərsən, heç bir şey almadan çıxıb getsən də, o dükandan üst-başına hopan gözəl qoxu günlərlə səni tərk etməz; pis dost isə körükçü kimidir, yanında oturarsan, o dərinin, dabbağın ağır qoxusu, hisi hopar canına və sən hara getsən, insanlar sənin bu halından əziyyət çəkərlər.

Təkcə ətir qoxusu, dəri iyi deyil, xasiyyətlər, davranışlar da yoluxucu olur, insanlardan bir-birinə keçir. Bəzən sən fərqinə varmırsan, amma birisi ilə uzun müddət oturub-durandan sonra qeyri-iradi olaraq onun hansısa davranışını, xüsusiyyətini təkrarlayırsan. Bəlkə elə buna görədir ki, sevgililər səvgilisi Həzrəti Məhəmməd (s.ə.s.) tövsiyə edir ki, gördüyümüz zaman bizə Allahı, Axirət gününü xatırladan insanlarla dost olaq. “Allahı xatırladan” ifadəsi zehinlərdə yanlış təsəvvürlər doğurmasın, bu ifadə Allahdan qorxan, həyatının hər məqamını Allahın görmək istədiyi kimi yaşayan şəxsləri nəzərdə tutur.

Dostluq, səmimiyyət şəxsi müstəvidə deyil, dəyərlər ətrafında qurulanda etibarlı olur. Bu mənada bir-birini dost tutan, sevən iki müsəlman düz xətt üzrə deyil, çox-çox yüksəkdə hər ikisinin qovuşduğu bir nöqtədə birləşirlər. Sözlər, davranışlar, hərəkətlər bir-birinin zövqünə, xarakterinə görə deyil, Allah-Təalanın müəyyən etdiyi çərçivələrdən keçərək bir tərəfdən o birisinə çatır.  Türkiyədə insanlar bir-birinə öz səmimiyyətlərini bildirəndə “Səni Allah üçün sevirəm” deyirlər. Bir müsəlmanın başqa bir müsəlmanı Allah üçün sevməsi sevilənin Allahın rəğbətini, məmnunluğunu qazanması üçün çalışması, sevənin də onda bu keyfiyyəti bilməsi kimi izah olunur.

Gözəl bir söz var: Dost istərsən, Allah yetər; həmdəm istərsən, Quran yetər; ibrət istərsən, ölüm yetər.

Ən böyük dost Allahdır. Allah-Təalanın dostluğu sarsılmazsır, ən etibarlı dostluqdur.

Allah-Təala Onunla dost olmağın da yollarını açıq-aydın söyləyir.

Quran insana Allahla dost olmağın yollarını öyrədir.

Allahla dost olanlar dünyanı sevməzlər, dünyanı sevənlər Allahı sevə bilməzlər.

Allahla dost olmaq könlünü dünya cazibəsindən, zövqündən arındırmaqla, təmizləməklə başlayır.

Allahla dost olanlar bu dostluqdan danışmazlar, danışanlar bu dostluğun nə olduğunu bilməyənlərdirlər.

Allahla dost olanlar Allahın yaratdıqlarını Allah üçün sevərlər, Mövlana demişkən, yaradılanı Yaradandan ötrü sevərlər.

Allahı sevən Onun bəndəsinə haqsızlıq etməz. Bəndəyə haqsızlıq edən Allahı sevdiyini iddia eləməsin.

Bir hədisi-şərifində Rəsulullah (s.ə.s.) buyurur ki, Allah dostları insanlar arasında gizli olar, nəzərə çarpmazlar, bir yerə gəlmədikdə onu axtarmazlar, adamlar arasına çıxdıqda isə başqaları onun Allah yanındakı məqamını bilməzlər. Təxmini anlamını söyləmək istədiyimiz bu hədis əslində Allah dostlarının bir cəhətini, daha doğrusu, onların nə qədər sadə, təvazökar olduğunu göstərir. İnsandan təmənnası olmaz belələrinin. Allah dostlarının təmənnası Allahdan olar, bəndədən olmaz.

Təmənna məsələsi insanları bir-birindən ayıran mühüm amildir: kimin təmənnası Allahdandırsa, bu dünyaya könül verməz, kimin təmənnası dünyadandırsa, Allahı tanıdığını söyləməsin!

Qurani-Kərim dostluq haqda belə buyurur: “Sizin dostunuz, yardımçınız ancaq Allahdır, onun Peyğəmbəridir. Allahın əmrlərinə boyun əyərək (İslam şəriətinə bağlı, iman və Quran həqiqətlərinə bərk-bərk sarılan), namazını doğru-düzgün qılan, zəkatını verən möminlərdir. Kim Allahı,  Onun peyğəmbərini və inananları özünə dost tutarsa, bilsin ki, şübhəsiz, Allaha tərəf olanlar üstün gəlirlər”.

Fədakarlığın tək qaynağı Allaha imandır. Ancaq Allaha inanmış insan dünyanın hər naz-nemətindən imtina edib, önündə açılmış cazibəli, amma uçurumlara aparan qapıların yanından laqeydcə ötüb keçə bilər.

Allah-Təala (c.c.) İbrahim Peyğəmbəri (ə.s.) Özünə dost seçdi. İbrahim Peyğəmbər bu dostluğa layiq olduğunu dəfələrlə isbat eləmişdi.

Xanımını kafir hökmdarın yanında qoyub, Allahın əmri ilə başqa otağa keçəndə namusunu Allaha əmanət eləmişdi; Nəmrudun yandırdığı dağ boyda tonqala doğru süzərkən havada “HasbinAllah”, yəni Allah mənə yetər, O mənim halımı bildisə, mənə nəyi rəva gördüsə, qəbuldur, Ondan başqa kimsəyə üz tutmaram, kimsədən bir şey istəmərəm” deyəndə canını Allaha əmanət eləmişdi; Allah belə istəyir düşüncəsilə sevimli övladının başına bıçağı çəkəndə övladını Allaha əmanət eləmişdi.

Hər şeyin Sahibi olan Allah öz qulunun əmanətini zay edərmi?- Əsla etməz. Etmədi də, hələ üstəlik, bu təslimiyyətin qarşılığı kimi hər dəfə üzərinə bir mükafat da qoyub İbrahimə qaytardı, ən başlıcası isə İbrahimi də özünə dost elədi.

Sevgili Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) bir hədisi-şərifində belə deyir: “İnsan dostunun dini üzrədir. O halda sizdən hər biriniz dost seçdiyiniz adama diqqət etsin! Pis dostdan uzaq durun! Çünki adınız onunla birlikdə tanınar! Ancaq həqiqi möminlərlə dost olun! İkiüzlü ilə dostluq qurmayın! Ondan pis xasiyyət götürərsiniz! İnsan ancaq sevdiyi və münasibət qurduğu ilə birlikdə olur!”

Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bizə düşmənlərimizi göstərir və onlardan qorunmağı tövsiyə edir: şeytan, nəfs, pis dostlar və dünyanın aldadıcı cazibəsi.

Nə düşünürsünüz, başımıza gələn bəlaların əsl səbəbkarı bu dörd düşmən deyilmi?

Tənha bir qarı varmış, əri ölmüş, övladları da böyüyüb, ayrılıb getmiş. Qonum-qonşular məzəmmət edirlər:

– Bir çətən oğul-uşaq böyütdün, yemədin, onlara yedirdin, geymədin, onlara geydirdin, atalı-analılardan daha firavan, daha bəxtəvər saxladın, birinin də gözünə kədər qondurmadın, amma indi biri də yanında deyil ki, hay deyəndə hayına yetişsin. Niyə çağırıb tənbeh eləmirsən, “haqqımı qaytarın” demirsən?

Yüngülcə bir təbəssümlə cavab verir qarı:

– Mən onlara borc vermədim ki… Mən  kimsəyə borc vermədim, boynuma düşən borc nəydisə, onu yerinə yetirdim. Allah mənə övladlar verdi, mən də Allahın verdiyi övladları böyütdüm. Allahın boynuma qoyduğu analıq vəzifəsini yerinə yetirdim, gələcəyim üçün övadlarıma borc vermədim ki.. Mən neylədimsə, Allah qarşısında borcumu yerinə yetirmək üçün elədim. Sizdən də bir təmənnam yoxdur, kimsə mənə bir yaxşılıq edəcəksə, əvvəlcə Allahın rəğbətini, məmnuniyyətini düşünsün, əgər uyğundursa, onu qazanmaq üçün eləsin. Yoxsa kimsədən zərrə qədər də minnət qəbul etmərəm.

Allah-Təala Qurani-Kərimdə bizə bu mövzuda bir çox dəyərli tövsiyələr verib: Allahın rənginə boyanın! Allahın ipinə sarılın! Əlbəttə, eyni rəngə boyanmışlar, eyni ipə sarılmışlar, eyni səmtə yönəlmişlər, bir-birini asanlıqla seçər və asanlıqla da başa düşərlər. Eyni ipə sarılmışlar bir-birinə dəstək verər, kömək olarlar. Eyni atmosferdə, eyni iqlimdə yaşayanlar bir-birinin xeyrini, mənfəətini arzulayarlar.

Bizdən istənən dostluq budur. Bizdən gözlənən səmimiyyət bir-birimizə qarşı təmənnasızlıqdır. Təmənna ancaq Allahdan olar. Bütün münasibətlərimizin təməlində bu prinsip dayanmalıdır.

Həzrəti Əli buyurur ki, uşaq valideynlərindən çox öz zəmanəsinə bənzəyir. Əgər bu gün həyət-bacada, küçədə əxlaqı pozulmuş, hər cür fitnə-fəsada bulaşmış insanlar addımbaşı qarşınıza çıxırsa, demək, daha diqqətli olmaq lazımdır.  Ən böyük sərvət əxlaqdır, əgər bu gün o sərvətimizə ən müxtəlif istiqamətlərdən hücumlar gəlirsə, insan söykənə biləcəyi, dərdini deyib, sirrini aça biləcəyi adamlar axtarmalıdır. Bir şair gileylənir:

Dörd tərəfim adamdır,

Kimə deyim dərdimi?

Görünür, çoxluq içində təklik heç də olmayan şey deyil. Amma bir həqiqət də var ki, Allahını tanıyan insan tək qala, tərk edilə bilər, amma tənha olmaz, çünki könlünü Allaha verəni Allah tərk etməz.

Çoxumuz özümüzdən xəbərsizik, Avropanın yalan fəlsəfəsi ilə yetişmiş insanlara qibtə edirik.

Ən gözəl görüntü bəzən ən böyük yalana çevrilir. Bizim qibtə ilə baxdığımız o insanların çoxu öz həyatını haram  prinsiplər üzərində quranlardırlar.

Amma bu da gerçəkdir ki, biz örnək bir müsəlman obrazını ətrafımızda görə bilmirik. Görə, tanıya bilmirik ki, hər qayğımızı, problemimizi onunla paylaşaq, qəlbimiz qubar eləyəndə, gözümüz yaşla dolanda başımızı ətəyinə qoyub hönkürək. Etimad, güvən əskikliyi var aramızda. Dostu, dostluğu, gözəli, gözəlliyi dağların o üzündə axtarırıq, uzaqda bilirik. Yanımıza, yanımızdakına baxmaq ağlımıza da gəlmir çox zaman. Özümüzünkünün görüntüsündə qüsur var nəsə. Nəsə birtəhər görünür gözümüzə, tutumu, mahiyyəti gözəl olsa belə. Bilirsinizmi niyə? – Çünki gözümüz dağların, sərhədlərin, qitələrin o üzündəkilərə zillənib.  Sevirik, çox şeyimizi fəda edirik, sonra da Aşıq Veysəl kimi “Dost, dost deyib neçəsinə sarıldım, Mənim sadiq yarım qara topraqdır” deyirik.

Kiminlə oturub, kiminlə durduğumuza, kimə nə verib, kimdən nə aldığımıza, kiminlə zaman keçirdiyimizə fikir verməliyik. Unutmayaq ki, təkcə xəstəliklər deyil, xarakterlər də yoluxucu olur

MƏNBƏ:

XEZERXEBER.COM

Read Previous

KİŞİLƏR EV İŞLƏRİNDƏ ÖZ XANIMLARINA KÖMƏK ETMƏLİDİRLƏRMİ?

Read Next

SEVİMLİ PEYĞƏMBƏRİMİZ (SƏV)-İN EVİNİ ZİYARƏT EDƏK.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.