• 27 Dekabr 2024

GEDİRSƏN…

Gedirsən…
Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək? Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN!
Nə həddimizə sənə “dur, getmə!” – deyək…
Hələ səndən doymadıq, doya-doya ibadətlərimizi, tövbələrimizi, dualarımızı sığdıra bilmədik sənə, bir az da qal – deyək. Həddimizmi var?
Sənsə gedirsən… Hələ gecələrini, gecələrini demirəm. Heç bir ayın gecəsinə bənzəməyən Ramazan gecələri… Titrək dodaqlardan gecələrinin qoynuna səpilən dualar, ″Allahım, məni bağışla, məni bağışla, ya Rəhman, məni bağışla, ey mərhəmətlilərin ən Mərhəmətlisi…″deyə yalvaran qəlblər bir başqa abu-hava verirdi sanki sənin gecələrinə. Doymadıq ki… Heç doymaq olarmı?

Gedirsən…
Gəlişində günləri sayırdıq. Sanki dünən idi hamı biri-birinə həyəcanla ″Sabah Ramazan gəlir, sabah Ramazandır!″ deyə müjdələr verirdi. Rəhmətlə gəlirdin. Əvvəlin rəhmət idi, ey ayların Sultanı, rəhmət dolu idin. Sanki dünən idi… Bu gün isə gedişinə lap az qalıb. Bağışlanma, bəraət dolu son anlar… Qədr gecəsinə qovuşmaq istəyən həsrətli qəlblər, Allahın dərgahına açılan tövbəkar əllər, ümüd dolu yaşlı gözlərin müşayəti ilə keçəcək son günlərinin son dəqiqələri. Ramazanın sonu…

Gedirsən…
Özünlə imsaq süfrələrimizi, iftar sevinclərimizi də aparırsan. Bunu da sənə etiraf edək ki, başqa aylarda tutduğumuz oruclarımızın iftarı səninki qədər dadlı, ləzzətli və həyəcanlı olmur, ey ayların Sultanı. Xurmalar belə bir başqa dadır səninlə.
Hələ insanların simalarını demirəm. Ramazan gecələrində yuxusuz qalan gözlərdən daha gözəl göz, aclığın əks olunduğu üzlərdən daha gözəl üz, sırf Allahın rizası üçün dua edərkən titrəyə-titrəyə dodaqlardan süzülən sözlərdən daha gözəl sözmü var?

Gedirsən…
Düz on bir ay məscidlərimiz təravihsiz qalacaq. Səninlə gəlmişdi gecənin qaranlığına üzlərindən nur saçan möminlərin Təravih namazına tələsmələri. Ən uzun qiyamlar, Allaha ən yaxın məsafə olan təravihin səcdələri səninlə gəlmişdi. Hələ son rükətin qunut dualarını demirəm. Rəbbin dərgahına eyni anda açılan minlərlə əllər. Yaşlı, qoca, cavan, yetkin, uşaq –bir döyünürdü hamımızın qəlbi. Böyük bir vücudun döyünən ürəyi olurduq sanki hər təravihdə. Lakin sən təravihimizi də özünlə götürüb bizi tərk edirsən.

Gedirsən…
Yenə gələcəyini bilə-bilə ayrılığın yaman ağırdır, ey bir gecəsi min aydan daha xeyirli olan. Qəlbimiz qorxu və ümüdlə döyünür. Birdən sən son Ramazanımızsansa… Bir daha sənə qovuşa bilməriksə… Rəbbim nəsib etməz, ömür vəfa etməzsə… Növbəti gəlişini görməriksə…
Ağırdır, yaman ağırdır ayrılığın.
Bir dəqiqə sonra nə olacağını belə bilməkdə acizkən tam bir il sənin təkrar gəlişini, ayrılığın növbəti sonunu gözləməliyik. Günahlar, savablar dolu tam bir il…
Gözləyəcəyik səni, ey on bir ayın Sultanı, həsrətli günləri saya-saya gözləyəcəyik…
Gedirsən…

FA’Nİ / Azerislam.az

Read Previous

YALANÇI ACLIQ

Read Next

Bayram namazını evdə qıla bilərikmi?