• 02 Dekabr 2024

YALANÇI ACLIQ

Nəhayət ki, saatlarla gözlədiyin bir yay gününün sonunda süfrə arxasına oturursan. Qarşında fərqli növdə naz-nemətlər düzülüb. Suyu, təbii şirəsi, qatığı, ayranı, xurması, şorbası, əti, toyuğu, düyüsü, meyvəsi, şirniyyatı və s.

Ramazandır axı, qoy süfrələrimiz ruzili, bərəkətli olsun. Orucu da tutaq, Allah verəndən də yeyək. Bizə nə Somalidə acından ölürlər. Biz də bütün günü ac idik. Günorta vaxtı başqasının evindən, kafe və restoranlardan dadlı, ləzətli, ətirli yemək iyi gəlsə də, dodaqlarımız susuzluqdan çatlasa da, səbir etdik, oruc tutduq. İndi isə Allahın bizə verdikləri ilə baş başayıq…

Orucumuzu açmağa dəqiqələr qalır. Gah bu təqvimə baxırsan, gah da o təqvimə. Gah dostuna mesaj yazırsan, gah da başqa bir dostun zəng edib iftar vaxtını soruşur. Televiziyada göstərilən təqvimlə sənin təqvimin uyğun gəlmir. Radionu açırsan, orada da 2-3 dəqiqə fərq var, amma filan veb səhifə ilə eynidir. Sanki Allah Təala bir gün bizim orucumuzu hesaba çəkərkən, saat əqrəblərindəki dəqiqələrin fərqini soruşacaq. O dəqiqələrə görə o qədər əsəbiləşirik ki, hər yeri axtarıb, araşdırır, lakin bir qərara gələ bilmirik.
Lakin bu gün oruc tutarkən başqalarının oruc üçün deyil, yeməyə bir şey tapıb yemədiklərinə görə ac qaldığını heç bu qədər düşünmədik. Pulu necə qazanıb, nəyə xərclədiyimizi nəzərə almadıq. Ona bir söz atdıq, bunun dalınca danışdıq, başqasına baxıb istehza ilə güldük, birinə istehza edib dostumuza göz vurduq, əzizimiz zəng etdi acı sözlə telefonu söndürdük, iftara tələsdik, yolda camaatı incitdik. Nəhayət bir təhər dözüb, vaxtın çatdığını hiss etdikdə süfrəyə hücum edirik. Nə var, hamısından ağız dolusu yeyib-içirik… Səhərdən boş olan mədəni elə yükləyirik ki, sonra ayağa qalxmaq da istəmədən ətalət bizi basır. Təbii ki, mədəmiz lazımi miqdarda olan qida və mayeni qəbul edən kimi beynimizə siqnal ötürmür ki, biz də yetərlidir, kifayətdir, bəsdir duraq artıq deyə bir qərar verək. Mədənin işi gələnləri həzm etməzdən əvvəl, gələnlər üçün uyğun şəraiti və ifrazatları hazır etməkdir. Bütün o hazırlama prosesi müddətində, hazırlıqdan sonra başlayan həzm prosesi müddətində də, biz əlimizə keçəni “acıq” deyə içəriyə ötürürük.
Əvvəla gün ərzində yalnız ac-susuz qalmaqla oruc tutduğumuzu zənn edirik. Gözlərimizi, dilimizi, qəlbimizi, fikrimizi, beynimizi, düşüncələrimizi, barmaqlarımızı, ayaqlarımızı heç qorumuruq, onlara oruc tutdurmuruq. Həmişə necə idilərsə, Ramazanda da o cür davam edirlər. Sonra günün sonunda da, bir təhər rahatlayan mədə bağırsaq, sağlamlıq yoluna ilk addımını atmaq istəyən orqanizmə bir dağ çəkirik ki, adını da qoyuruq “iftar”. Ramazan ayı boyunca yemək-içməyi azaltmaqdansa, biz daha da çoxaldırıq. Səhər tıxa-basa “gün ərzində dözə bilək” bəhanəsi ilə çox yeyirik, axşam da “çox acmışıq bütün günü ac qaldıq” bəhanəsi ilə mədəni doldururuq. Diqqətlə baxıb müqayisə etsək, görərik ki, adi günlərdə yediyimizdən, indi daha çox yeyib-içirik. Onda daha Ramazanın nə faydası, nə məqsədi, nə rolu qaldı ki?! Nə əzalarımızı qoruya bildik ki, ruhu və mənəvi olaraq təmizlənək, nə də orqanizmimizi qoruduq ki, ən azından bircə ay sağlamlıq tapaq. Hələ diyet və orqanizmin təmizlənməsi üçün oruc tutanlardan bəhs etmək istəmirik.
Ruhu və mənəvi qida haqqında çox yazmaq olar. Amma sağlam və düzgün bir oruc gününü başa vurub, iftarı doğru-dürüst açmaq üçün bir-iki kəlmə demək istərdik;

– İftar açanda həmən ağır yeməklərlə deyil, məsləhətdir ki, bir neçə ədəd xurma yeyib, üstündən bir az su, yaxud süd, yaxud qatıq içəsiniz. Bir az şorba da içmək olar. Daha tez həzm oluna biləcək yüngül şeylərdən yemək lazımdır.

– Sonra da, yalançı aclıq hissinə qapılmamaq üçün, bir az ara vermək lazımdır. Bunun üçün ən uyğun variant, durub axşam namazını qılıb yenidən süfrəyə qayıtmaqdır. Bu zaman həzm prosesi işə başlamış və hətta bədənə müəyyən taqət də gəlmiş olacaqdır.

– Namazdan sonra belə, həmən ağır yeməkləri 10 dəqiqəyə yeyib bitirmək yaxşı olmaz. Göyərti və tərəvəzdən daha çox istifadə etmək lazımdır ki, həm mədə üçün yüngüldür, həm də bədənin maye ehtiyatına köməkdir.

– Hər gün ət, toyuq, şirniyyat, meyvə yemək şərt deyil. Bu hətta ziyanlıdır. Günləri elə planlaşdıra bilərsiniz ki, müəyyən günlərdə ət, müəyyən günlərdə şirniyyat, müəyyən günlərdə də daha çox meyvə yeyəsiniz.

– Bədəninizin maye ehtiyatını balansda saxlamaq üçün də, iftardan sonra səhərə qədər, bir saatdan bir, bir stəkan su içmək kifayətdir. Daha çox süd və qatıq içmək faydalıdır.
Sadə və həmişə eşitdiyiniz məsləhətlər ola bilər. Biz də xatırlatmaq istədik.
Allah oruc və dualarımızı qəbul etsin! Tutduğumuz orucları ibadət kimi, diyet, sağlamlıq və ya adət kimi yazmasın Rəbbimiz! Oruc tutmaqla nə əldə etməyimizi istəyirsə Rəbbimiz, məhz bizə onu bəxş etsin, orucumuzun savabından bizi məhrum etməsin! AMİN!

Şahmar Kərimov / Azerislam.com

Read Previous

İTALYADA BU TARİXDƏ MƏSCİDLƏR AÇILACAQ

Read Next

GEDİRSƏN…