• 26 Dekabr 2024

İTALYADA BU TARİXDƏ MƏSCİDLƏR AÇILACAQ

İtalyada hökumət rəsmiləri ilə İslam icmasının nümayəndələri ölkədə məscid və məbədlərin yenidən ibadətə açılmasını müzakirə ediblər. Baş nazir Cuzeppe Konte və daxili işlər naziri Luçiana Lamorqezenin sədrliyi ilə keçirilən müzakirədə “İslam Mədəniyyət Mərkəzi”nin baş katibi Abdellah Reduane, “İslam İcması Quruluşu”nun sədri Yəhya Pallavicini, “İslam İcmaları Şurası”nın sədri Yasine Laframe və “İslam Konfederasiyası”nın sədri Abdallah Kozzolino iştirak ediblər.

İclasdan sonra yayılan bəyanatda, imzalanan ortaq protokola əsasən məscidlərin 18 may tarixində açılacağı bildirilib.

Protokol çərçivəsində operativ qərargahın müəyyən etdiyi, ibadət vaxtı riayət edilməsi vacib olan normativ qaydalar da açıqlanıb.

Bu qaydalara əsasən məscidlərin girişində dezinfeksiya edici mayelərin qoyulması, maska taxılması məcburi olacaq və ibadət edən şəxslər arasında ən azı 1,5 metr məsafə olacaq. Yaxın vaxtlarda kovid-19 virusunun daşıyıcısı olanlarla təmasda olanlar və 37,5 dərəcədən çox hərarəti olanlar məscidlərə buraxılmayacaq. Həmçinin məscid rəhbərliyinin müəyyən etdiyi təhlükəsizlik əməkdaşı məsciddə sosial məsafə qaydalarına riayəti nəzarətdə saxlayacaq və yaranacaq izdihamın qarşısını alacaq.

Xatırladaq ki, İtalya qlobal kovid-19 pandemiyasını ən ağır keçirən ölkələrdən biridir. İndiyə qədər bu ölkədə 223 885 nəfər kovid-19 virusuna yoluxub, 31 610 nəfər bu səbəbdən dünyasını dəyişib.

islamveirfan.com

Read Previous

SADƏCƏ QUR`ANLA DANIŞAN QADIN

Read Next

YALANÇI ACLIQ