• 03 Dekabr 2024

SADƏCƏ QUR`ANLA DANIŞAN QADIN

Təbei-Tabein nəslindən Abdullah ibn Mübarək (r.a.) rəvayət edir ki:
” Həccə gedirdim. İraq-Suriya torpaqlarından keçərkən yalqız bir qadına rast gəldim.
Salam verdim, salamımı, “Üstəlik Rəhmli Rəbb (onlara) `Salam` deyəcək!” (Yasin 58) ayəsi ilə aldı.

-Buralarda nə edirsən?- deyə soruşdum.
“Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz” (əl-Ə’raf, 186) ayəsini oxudu.

Başa düşdüm ki, yolunu itirib.

-Hara gedirsən? – sualıma,
“Öz qulunu gecə vaxtı Məscidul Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul Əqsaya aparan (Allah) pak və müqəddəsdir…” (əl-İsra, 1) ayəsiylə cavab verdi.

Başa düşdüm ki, həccdən qayıdır və Qüdsə gedir.

-Neçə müddətdir yolunu itirmisən? – dedim.
“Tam üç gecə (yəni üç gündür)” (Məryəm 10) ayəsini oxudu.

Ona yemək təklif etdim.
“Sonra gecəyədək orucunuzu tamamlayın” (Bəqərə 187)ayətini oxudu.

-Axı ramazan ayı deyil… – dedim.
“Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir” (Bəqərə 158) ayəsi ilə cavab verdi.

-Səfərdə orucu pozmaq olar – dedim.
“Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir” (Bəqərə 184) ayəsini oxudu.

Niyə mənim kimi danışmadığını soruşdum.
“Dediyiniz elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanınızda hazır durmuş gözətçi olmasın” (Qaf 18) dedi.

-Kimlərdənsən? – deyə soruşdum.
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır” (İsra 36) ayəsi ilə cavab verdi.

-Səhv etdim, haqqını halal et!-dedim.
“Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın!” (Yusuf 92) dedi.

Dəvəmə mindirib karvanına çatdırmağı təklif etdim.
“Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir” (Bəqərə: 215) ayəsiylə cavab verdi.

Dəvəmi yanına gətirdim.
Minərkən, “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər” (Nur 30) ayəsini oxudu.

Gözlərimi çevirdim, minərkən dəvə ürküb qaçdı, bu vaxt paltarı bir az cırıldı.
Öz-özünə, “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!” (Şura 30) ayəsini oxudu.

Səbr et, dəvəni bağlayım – dedim. Mənim dəvəmi daha yaxşı idarə edəcəyimi nəzərdə tutaraq.
“Bu barədə Süleymanı anlayışlı və daha məqsədəuyğun hərəkət etmə qabiliyyəti verdik” (Ənbiya 79) ayəsini oxudu.

Dəvəyə mindi və “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı” (Zuxruf 13) ayəsini oxudu.

“Haydı!”- deyə dəvəni sürətləndirdim.
“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”(Loğman: 19) ayəsini oxudu.

Gedərkən şeir oxumağa başladım.
“Qurandan sizə müyəssər olanı oxuyun!” (Muzzəmmil 20) dedi.
-Şeir oxumaq haram deyil ki! – dedim.
“Bunu ancaq ağıllı adamlar dərk edərlər!” (Bəqərə: 269) ayəsi ilə cavab verdi.

Bir müddət getdikdən sonra evli olub olmadığını soruşdum.
“Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın” (Maidə 101) ayəsini oxudu.

Nəhayət karvanına çatdıq.
– Karvanda kimsən varmı? – deyə soruşdum.
“Mal və övlad dünya həyatının bəzəyidir!” (Kəhf 46) dedi.

Anladım ki, övladı var. Adlarını soruşdum.

“Allah İbrahimi (Özünə) dost tutmuşdur!” (Nisa 125) “Allah Musa ilə danışdı” (Nisa 164) “Ey Yəhya! Kitabdan bərk yapış (Məryəm 12) ayələrini oxudu.
Ey İbrahim, ey Musa, ey İsa! – deyə karvana səsləndim. Nur üzlü üç gənc: – Buyur! – deyə çıxıb gəldi. Onlara pul verib,
“İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə halal ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (Kəhf: 19) ayəsini oxudu.

Yemək hazır olanda mənə,
“Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” (Haqqa: 24) dedi.

Uşaqlara, Ananızın bu vəziyyətini mənə deməsəniz bu yeməkdən yemərəm! – dedim.
Onlar da:
– Anamız ağzından Cənab-ı Allahın qəzəbinə tuş gələ biləcək səhv bir söz çıxarmaq qorxusuyla 40 ildir beləcə ancaq Qur`anla danışır – dedilər.

Abdullah İbn Mübarək bu hadisəni Qur`anda hər şeyin olduğuna dair dəlil olaraq danışardı.

* əl-Kinnəvci, Əbcədül-Ülum 2/191-193/azerislam.

Read Previous

SALAM

Read Next

İTALYADA BU TARİXDƏ MƏSCİDLƏR AÇILACAQ