• 08 Oktyabr 2024

Həsəd/Paxıllıq

Fərd və cəmiyyəti içdən məhv edən, mənəvi xəstəliklərdən biri də həsəddir. Həsəd, başqalarında olan mal-mülkü, sağlamlığı, övladları qısqanmaqdır. Həsəd xəstəliyinə tutulmuş bir insandan dinə, vətənə və millətə xeyir verməyi gözləmək mümkün deyildir. Çünki həsəd, Peyğəmbərimizin dili ilə desək: “Atəşin odunu yandırıb qurtardığı kimi,  yaxşı və gözəl əməlləri də o cür yandırıb yox edər.”[1] Həsəd səbəbi ilə çox ailələr dağılıb, çox dostlar düşmən olubdur.

     Həzrət Adəmin (ə.s) övladları arasında çıxan fitnə, yer üzündə ilk axıdılan qanın səbəbi də yenə həsəddir. Həzrət Yaqubu övlad həsrətindən yandıran həsəddir. Şeytanın əbədi lənətə uğrayaraq cəhənnəmlik olmasının səbəbi onun həsədidir. Nəmrud, Firon, Əbu Cəhl kimi insanları küfrdə inad etdirən onların həsədidir.

    Uca Allah, Fələq surəsində Rəsulullahın (səs) şəxsində möminlərə xitabən belə buyurur:

“(Ya Peyğəmbər!) De ki: “Pənah aparıram sübhün Rəbbinə!,  Yaratdıqlarının şərindən;” Zülmətə bürünməkdə olan gecənin şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən  qadınların şərindən; Və birdə paxılın şərindən!”

     Peyğəmbərimiz (səs) bir Hədisi-Şərifində belə buyurur:

     “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd (paxıllıq) etməyin, bir-birinizə arxa çevirməyən, ey Allahın qulları qardaş olun”[2]  

Başqalarının mal-mülkünə, sağlamlığına göz dikərək:

    “Məndə olmayan mal-mülk onda da olmasın. Məndə olmayan sağlamlıq onda da olmasın. Mənim nail olmadığım şeyə o da nail olmasın.” deyə pis niyyətlə qısqanan kimsə paxıldır və həqiqi müsəlman deyildir.

     Həqiqi müsəlman kiməsə paxıllıq edən deyil, yaxşı mənada qibtə edən kimsədir. Qibtə həsəddən tamamı ilə fərqli bir şeydir. “Filan müsəlman qardaşım zəngindir malının zəkatını verir, kasıb və yoxsullara yardım edir, kaş ki, məndə onun kimi zəngin olub zəkat verə bilsəydim, kasıb və yoxsullara yardım edə  bilsəydim” deyə düşünməsi  və bu yolda çalışması həsəd  deyil, qibtədir ki, bu da günah deyildir.

    Bütün bunlarla bərabər həqiqi müsəlman, “başqalarına mal-mülk verən Allah mənə də verər” deyə əzmlə çalışan kimsədir. Həqiqi müsəlman, qənaətkar və könlü zəngin olan kimsədir. Bu səbəblə Rəsulullah (səs):

   “Zənginlik, dünya malının çoxluğu ilə deyildir. Əsl zənginlik, nəfs və könül zənginliyindən ibarətdir deyə buyurmaqdadır.[3] 

   Çox yoxsullar vardır ki, əlində heç bir var-dövləti olmadığı halda, iman və könül zənginliyinə sahib olduğu üçün hər zaman Allaha şükür etməkdədir. Çox zənginlər də vardır ki, var-dövlətinin sayı hesabı bilinmədiyi  halda, özündən daha zəngin insanlara qısqanaraq haram yollarla qazanc əldə etməkdədir.

    Dünya nə qədər geniş, nə qədər zövqlü və nemətlərlə dolu olsa da axirət nemətlərinin yanında heç sayılır. Bu baxımdan bu dünyanın keçici zövqünə aldanaraq əbədi nemətlərdən məhrum olmayaq. Bunun üçün nəfsimizlə mübarizə apararaq onu imanımızın əmrinə verək. Çünki imanın tabeçiliyində olmayan bir nəfis insana hər cür pisliyi işlətdirir. İmanın əmrində olmayan nəfis sahibi hər kəsə həsəd (paxıllıq) edər.

    Yazımı  Fələq surəsi ilə yekunlaşdırıram:

“(Ya Peyğəmbər!) De ki: “Pənah aparıram sübhün Rəbbinə!,  Yaratdıqlarının şərindən;” Zülmətə bürünməkdə olan gecənin şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən qadınların şərindən; Və birdə paxılın şərindən!”

Vüqar Məmmədov.


[1] İbn Macə, Tc.c. 5, s. 29

[2] Müslim, müxtəsər  Şuabul  İman, s. 157.

[3] Buxari, Müslim, Tirmizi, Tac c. 5, s. 166.

Read Previous

Küsülü Qalmamaq

Read Next

ƏN UZUN VƏ ƏN AZ VAXT ORUC TUTAN ÖLKƏLƏR