• 15 Noyabr 2024

Həyatı “LƏBBEYK” şüuru ilə yaşamaq

hacc2Allahın insanlara əmr etdiyi bütün ibadətlərin fərdi və sosial həyatı tənzimləyici rolu vardır. Allah bu ibadətləri əmr edərək insanları onun istədiyi kimi yaşamağa sövq edir və cəmiyyət arasında nümunəvi şəxsiyyətlər olmasını istəyir. Məsələn namaz ibadəti ilə insanlar arasında birlik-bərabərlik şüuru formalaşır, oruc ibadəti ilə humanistlik duyğuları şəkillənir, zəkat ibadəti ilə yardımlaşma, paylaşma duyğuları cuşə gəlir. Eyni şəkildə həcc ibadəti ilə də bütün insanların, insan olaraq Allahın hüzurunda eyni olduğu, üstünlüyün təqva ilə olduğu, rəng və irgin heç bir dəyəri olmadğı anlaşılmış olur.

Bu ibadət vasitəsi ilə dünya həyatının fani olduğu təcrübə edilir. Həcc mövsümünün ərəfəsində olduğumuza görə, bu ibadətdən məqsəd və hikmətinə nəzər salmaq istərdik. Heç bir ibadət əslinə uyğun şəkildə əda edilməzsə faydası olmaz.

Həcc ibadəti insanları günahlardan təmizləyən bir ibadətdir. Bu ibadət vasitəsi ilə hər bir şəxs anasından yenicə doğulmuş kimi günahsız ola bilər. Ancaq bütün ibadətlərdə davamlılıq əsas olduğuna görə, bu ibadətdə də davamlılıq şərtdir. Söhbət hər il həccə getməkdən getmir. Belə ki, namaz ibadəti onu yerinə yetirəni pis əməllərdən çəkindirdiyi kimi, oruc ibadəti ac olanın dərdi ilə dərdləndirdiyi kimi, zəkat həqiqi mülk sahibini xatırlatdığı kimi, həcc ibadəti də həyatının hər anını tövbə və istiğfar ilə keçirərək Allahın hüzuruna günahlardan paklanmış şəkildə çıxmağı hədəfləyir. Həccə gedən hər bir şəxs bütün dünyəvi duyğu və mənfəətlərdən uzaqlaşaraq özünü Allaha təqdim edir. Dünyəvi duyğu, düşüncə və hərəkətlər bu ibadəti batil edən amillərdir. Allahın hüzuruna bütün duyğu və təmənnalardan uzaqlaşıb çıxan şəxs “Ləbbeyk. Allahummə ləbbeyk. Lə şərikə lək. Ləbbeyk. İnnəl həmdə vənni`mətə ləkə vəl mülk lə şərikə lək” (Ya Rəbb! Əmrinə amadəyəm. Hüzuruna gəldim. Sənin şərikin yoxdur. Buyur Allahım! Dəvətinə səmimi duyğularımla icabət edirəm. Şübhəsiz nemət səndəndir. Həmd və şükrümüz sənədir. Sənin şərikin yoxdur) deyərək özünü Allaha həvalə edir. Bu duyğulardakı səmimiyyət onu günahlardan azad edir. Ehrama girən hər bir hacı namizədi ürəyindəki iman həyəcanı ilə bu tövhid mahnısını oxuyur. Minlərlə ürəkdən eyni duyğular, minlərlə ağızdan eyni mahnılar səslənir. Bu mahnı ehramdan çıxana qədər elə çoşqu ilə söylənir ki, müsəlmanın şəxsiyyəti bu duyğularla şəkillənir. Həyatını bu duyğularla yaşayır.

Həcc ibadəti məhz bu duyğu və həyəcanla yerinə yetirilməlidir. Bütün dünyəvi mənfəətlərdən uzaq şəkildə yerinə yetirilən bu ibadət nəticəsində, hər bir müsəlman özünü Allahın buyruqlarına görə proqramlayır. Bir növ qəlb aləmini yeni proqrama görə tənzimləyir. Elə bir proqram ki, bu proqram sayəsində hər bir anını, hər bir addımını Allahın nəzarətində olduğu şüuru ilə yaşayır və görür. Hər bir canlı onun üçün Allahın əmanətinə çevrilir. Hər bir insan ona görə Allahın yer üzərindəki xəlifəsinə çevrilir. Rəhmət nəzəri ilə baxır hər şeyə. Xülasə yaradılana Yaradana görə təzim edir. Odur ki, Həcc əsnasında ucadan söylədiyimiz Ləbbeyk sədaları hər an qulağımızda səslənməlidir. Bu sədalar həyatımızın hər saniyəsini dolduracaq həssaslığı qazandırmalıdır bizə. İslam dinini müsəlman şəxsiyyət elə yaşamalıdır ki, bütün həyatı boyunca Allahın hökmlərini “Ləbbeyk” deyərək qarşılaya bilməli, onun verdiyinə və aldığına riza göstərməlidir.“Ləbbeyk” şüuru müsəlmanın həyatındakı mühimləri yenidən sıralayır. “Ata-ana, övladlar, qardaş-bacılar, həyat yoldaşı, dost, əqrəba, qazandığı mallar, zərər edəcəyindən qorxduğu və əsirgədiyi ticarət malları, həyat və dünyalıq ləzzətlərmi? Yoxsa ki, Allah və Rəsulunun tövsiyə etdiyi həyat düsturları mı? Bu iki yoldan hansı daha sevimli və dəyərlidir? “Ləbbeyk” burada müsəlmanın seçimini ortaya qoyur. “Ləbbeyk” ilə “Ya Rəbb! Hər şeyi geridə buraxdım. Səni və Rəsulunun yolunu seçdim. Əmrinə amadəyəm” deyərək seçim yolunu göstərir. Əlbəttə bu duyğunu həyatının sonuna qədər yaymaq və onun həyəcanı ilə yaşamaq əsasdır. Məhz bu duyğular həyatımıza işıq saçdığı zaman Həcc ibadəti layiqli şəkildə yerinə yetirilmiş sayılır. Buna da Quran ifadəsi ilə “Həcci məbrur” deyilir.

Xülasə, həcc ibadəti həyatımıza “ləbbeyk” şüurunu gətirməlidir. Dünyada yaşamağı, lakin dünya üçün yaşamamağı öyrətməlidir. Bu şüur bizə ilahi kameranın nəzarətində olduğumuz fikrini qazandırmalıdır. Hər anımızda “ləbbeyk – buyur, sənin hüzurundayam” deyə bilməyi adət halına gətirməlidir. Bu günkü dünyada əxlaqi çöküş və əslindən uzaqlaşma xəstəliyindən azad ola bilmək üçün bütün müsəlmanların bu duyğuya ehtiyacı vardır. Müsəlmanları birləşdirəcək və bir-birinə sevdirəcək qardaşlıq şüuru məhz bu duyğular vasitəsilə mümkündür.

Həm sevincli həm də kədərli anımızda Allahın hökmünə “Ləbbeyk” deyə bilmə təmənnaları ilə…

Mənbə:irfandergisi.com

Read Previous

Ən böyük məktəb (HƏCC)

Read Next

İsmayıl Qurbanı yoxsa İbrahimin Qurbanı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.