• 03 Oktyabr 2024

Həzrət Peyğəmbərin vəfatı

Həzrət Aişədən gələn rəvayətə görə Allah Rəsulu (s.ə.s) ən-Nəsr surəsi endikdən sonra hər bir namazında “Sübhanəkə Rabbəna! Və bihəmdikə Allahumməğfirli (Ey Rəbbimiz! Səni təsbih və həmd ilə tənzih edirəm. Allahım! Məni bağışla) deyə dua edərdi.[1] Səbəbi soruşulduğunda; “Rəbbim mənə ümmətimdə bir əlamət görəcəyimi xəbər verdi və onu gördüyüm zaman həmd ilə istiğfar etməyimi əmr etdi” demişdi.[2]

ən-Nəsr surəsi endikdə Həzrət Rəsul bir xütbə oxuyaraq belə demişdir: “Bir qul , Allah onu dünya ilə özünə qovuşması arasında sərbəst buraxdı, o, Allaha qovuşmağı seçdi.”[3]

Bu sözlərin nə mənaya gəldiyini Həzrət Əbu Bəkr başa düşmüş “canlarımız, mallarımız, atalarımız, uşaqlarımız sənə fəda olsun” demişdir.

Həzrət Abbas ağlayaraq:

–”Sənə vəfatın xəbər verilir.” dedikdə

Allah elçisi:

“Bəli, dediyin kimidir” deyə cavab vermişdir.[4]

Hicrətin onuncu ilində Vida həcci vaxtında enən və artıq dinin tamamlandığı bildirən[5] ayədən sonra: “diqqət edin təbliğ etdimmi” deyə üç dəfə təkrarla Vida xütbəsini bitirən Nəbi (s.ə.s) Mədinəyə qayıtmışdır. Artıq Allahı həmd ilə təsbih edirdi. Son olaraq: “Bu gündən qorxun ki, o gün (hamınız) Allaha qaytarılacaqsınız, sonra hər kəsə qazandığı tam olaraq veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.”[6]  ayəsi enmişdir.

Allahın Rəsulu Vida həccindən sonra səksən gün yaşadı. Səfər ayının sonlarında baş ağrısı ilə halsızlaşmış və son üç gündə məscidə çıxa bilməmişdir. Azan oxunduqca “Əbu Bəkrə söyləyin insanlara namaz qıldırsın” deyə buyurmuşdur  Rəbiul-əvvəl ayının 12-si, bazar ertəsi günü (doğulduğu gündür), Həzrət Aişədən gələn rəvayətə görə önündəki qaba mübarək əlini batırıb su ilə üzünü məsh edir və “Allahım! Mənə səkəratına qarşı yardım et! ” deyə dua edirdi.[7]  Züha vaxtı xəstəliyi ağırlaşdı. Həzrət Aişə onu qucağına almışdı. Bu fani aləmə gözünü yumdu. Son sözü: “Ey Allahım! Mənə məğfirət et, mənə mərhəmət et və məni rəfiqi-əlaya (ən uca dost məqamına) qovuşdur” sözü oldu.[8]


[1]Buxari, Təfsir, 110/,2.

[2] Müslim, Səlat, 221; İbn Macə Hüdud, 29; Darimi, Riqaq, 15; Əhməd İbn Hənbəl, ll, 282, 450, lll, 10.

[3] Buxari, Mənaqibul-Ənsar, 45, Səlat, 80; Fəzailus- Səhabə, 3; Müslim, Fəzailus-Səhabə, 2.

[4] Buxari, Təfsir, 110/3; Darimi, Müqəddimə, 14; Əhməd İbn Hənbəl, l, 217, 344, 356.

[5] Maidə 5/3

[6] Bəqərə, 2/281

[7] İbn Macə, Cənaiz, 64; Tirmizi, Cənaiz, 7

[8] Bax. Ali-İmran, 3/149; Buxari, Mərda, 19 Fəzailus-Səhabə, 5, Məğazi, 83-84, Fəzail, 85, 46; Fəzail , 85, 87; Tirmizi, Dəavat, 76; Malik, Müvəttə, Cənaiz, 46; Elmalılı, Nasr, 110/3

Read Previous

Orucun qəzası

Read Next

İSTANBULUN FƏTH EDİLMƏSİNİN İLDÖNÜMÜDÜR