• 23 Dekabr 2024

Hər kəs Allahın nəzarətindədir.

    Möhtərəm möminlər,

Kainatın ən üstün varlığı olaraq yaradılan insanın qarşısında əbədiyyətə gedən bir yolçuluq vardır. Bu yolçuluq insanın dünyadakı inancına və əməllərinə görə cənnətə və ya cəhənnəmə aparan bir yolçuluqdur.

İnsan bu çətin yolçuluqda başı-boş buraxılmamışdır. Onun alıb verdiyi hər nəfəs, atdığı hər addım, söylədiyi hər söz, bir sözlə etdiyi hər əməl, ona şah damarından da yaxın olan Uca Allahın nəzarətindədir. Allahın bu nəzarəti dəqiq və davamlıdır. O Allah ki onun nəzarətindən qaçmaq, gizlənmək mümkün deyildir. Çünki O, hər yerdə hər şeyi və hər zaman görəndir.

Bu baxımdan, imanın ləzzətini dadan hər bir mömin, bütün həyatı boyu, yatarkən, qalxarkən, oturarkən, ibadət edərkən hər zaman və hər yerdə onu yaradan Allah tərəfindən görüldüyünü və nəzarətdə olduğunu bilmək məcburiyyətindədir.

Bütün güc və qüdrətin sahibi olan Uca Allah şərəfli kitabımız Qurani-Kərimdə belə buyurur:

     “Məgər insan elə güman edir ki, o, başlı-başlına (cəzasız) buraxılacaq?”[1]

“Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür (heç bir şey ondan gizli qalmaz)”[2]

“Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!”[3]

“Allah insanın ağlından keçən, kimsənin bilməsi mümkün olmayan bütün fikirlərdən xəbərdardır”

 “Sən hansı bir vəziyyətdə olsan, Qurandan nəyi oxusan və siz hansı işi görsəniz, başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik. Nə yerdə, nə göydə zərrə ağırlığında belə bir şey Rəbbinin nəzərindən qaçmaz.”

“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin on nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur) Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) yazan (qəbul edib qeydə alan) iki mələk oturmuşdur. Dediyi  hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”[4]

   Əziz möminlər,

Bunun üçün dünyaya imtahan üçün göndərilən və əməllərinin hesabını verəcək olan hər bir insan yaxşı düşünməlidir.

Uca Allahın bu qədər sayı-hesabı bilinməyən nemətləri içində üzdüyü halda, Ona qulluq etməyənlər, Rəsulullahın (səs) o mübarək yolunu tərk edənlər, Qurana və onun içindəki həqiqətlərə arxa çevirənlər düşünməlidir.

Alınlarında səcdə izi olmayanlar, məscidin yolunu tanımayanlar, qəlblərinə islamın möhürünü vurmayanlar düşünməlidir.

İnsanların haqq və hüquqlarına riayət etməyənlər, halal və haramı birindən ayırmayanlar, haram qazancla övladlarını bəsləyənlər düşünməlidir.

Bəli, imanı, vicdanı və ağlı olan hər kəs düşünməlidir ki, bizə şah damarından daha yaxın olan, Peyğəmbərlər və kitablar vasitəsi ilə həqiqəti göstərən Uca Allahın hüzurunda əməllərimizə görə haqq-hesab verəcəyik. Bu  hesabdan qaçmaq mümkün deyildir.

   Möhtərəm möminlər,

Elə isə gəlin Allahın hüzurunda dünyada etdiyimiz əməllərə görə haqq-hesab verəcəyimizi unutmayaq. Həyatımızı saleh əməllər etməklə bəzəyək. Allah və qul haqqına riayət edək. Halal və harama diqqət edək. Övladlarımıza Allahın əmr və qadağalarını öyrədək. Yaşayışımızla onlara yaxşı nümunə olaq. Nəfsin və şeytanın oyuncağı olmayaq. Heç vaxt unutmayaq ki, Uca Allah bizləri hər zaman görür və əməllərimizə görə onun hüzurunda hesab verəcəyik.

Xütbəmə bir ayə ilə son verirəm:

Ey iman gətirənlər. Allahdan qorxun. Hər kəs  sabah  nə  etdiyinə  (axirət  üçün  özünə nə hazırladığına)  nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.[5]

Her kes Allahin nezaretindedir

 

29  İyun  2012 / 9  Şaban  1433


[1] Əl- Qiyamə: 36.

[2] Əl-Fəcr: 14.

[3] Əl-Hədid: 4.

[4] Qaf: 16, 17, 18.

[5] Həşr: 18.

Read Previous

Yenidən Diriliş

Read Next

İyul 2012

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.