• 24 Dekabr 2024

İÇKİ

Əziz müsəlman qardaşlarım, bu günki, xütbəmizin mövzusu içki haqqında  olacaqdır. İçki həm fərd, həm də cəmiyyət üçün böyük bir fitnə-fəsad səbəbidir. İçki içmək insanın ağlına mənfi təsir göstərir. Halbuki, dünya və axirətlə bağlı bütün işlər ancaq ağlın köməyi ilə həyata keçir. Ağıl yox olduqda insan xəyalolunmaz günahlara qurşanır.

İçki şeytan əməlindən olan murdar bir şeydir. İçki insanı namaz qılmaqdan, onu yaradan Allahı zikr etməkdən çəkindirən pis bir alışqanlıqdır. Belə ki, bir ayədə bu barədə belə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”[1]

Əbu-Dərda (r.a.) belə demişdir. Canımdan çox sevdiyim Rəsulullah (səs) mənə bu tövsiyəni etdi:

“Əsla içki içmə! Çünki o bütün pislik və şərlərin açarıdır.”[2]

Bəli həqiqətən içki bütün pis və çirkin işlərin açarıdır. İşlənən cinayətlərin böyük bir qismi içki içənlər tərəfindən törədilməkdədir. Dünya Səhiyyə Təşkilatının bu mövzuda bir araşdırması vardır. Araşdırmanın nəticəsi çox acınacaqlıdır. Belə ki, cinayətlərin 80 faizi (bunların 60-70 faizi ailədaxilidir), təcavüzlərin 50 faizi, şiddət hadisələrinin 50 faizi, həyat yoldaşlarını döyənlərin 70 faizi, işə getməyənlərin 60 faizi  və ruhi xəstələrlə bağlı hadisələrin 40-50 faizi alkaqoldan qaynaqlanır.

İçki içən insanların uşaqları da bir çox zərər və fəlakətə məruz qalırlar. Əyyaşlardan doğulan uşaqlarda əqli çatışmamazlıq 90 faizdir. İçkiyə düşkün qadının şikəst uşağa sahib olma risqi isə 35 faizdir.

Sərxoş edən içkinin azıda çoxu da haramdır. İçkinin haram olması az və ya çox olmasıyla da əlaqəli deyildir. Bu səbəbdən də “Sərxoş olmayacaq qədər içməklə bir şey olmaz.” deyənlərə aldanmamaq lazımdır. Ölçü əslində aydındır bir şeyin çoxu sərxoş edirsə, onun azı da haramdır. Belə ki, Peyğəmbərimiz (səs) bir hədisi-şərifdə bu barədə belə buyurur: “Çoxu sərxoş edən şeyin azı da haramdır.”[3] “Hər sərxoş edən şey içkidir və hər sərxoş edən şey haramdır…”[4]

Hər bir müsəlman sərxoş edən hər növ içkidən uzaq durmalıdır. Adı nə olursa olsun istərsə hacı pivəsi olsun əgər sərxoş edirsə onu içmək haramdır. Yəni adın dəyişməsi əhəmiyyətli deyildir. Bəzi insanların “Haram olan yalnız şərabdır, bizim içdiyimiz şeyin adı şərab olmadığından haram deyildir.” demələri mənasızdır. Rəsululullah (səs) möcüzəvi bir şəkildə buna işarə edərək belə buyurmuşdur:

“Ümmətimdən bir qrup insanlar müxtəlif adlar verib şərabı içəcəklər.”[5]

İçkiyə qurşanan kimsənin imanı ciddi bir şəkildə zədələnməkdədir. Həm Allaha iman etmək, həm də Onun əmrinə itaətsizlik etmək ağıllı bir iş deyildir. İçki içənin bu halı hədisi-şərifdə belə ifadə edilir: “Zina edən kimsə zina etdiyi anda mömin deyildir. İçki içən içki içərkən mömin deyildir. Oğurluq edən kimsə oğurluq edərkən mömin deyildir…”[6]

Möhtərəm möminlər, Peyğəmbərimiz (səs) ümmətini içkidən uzaqlaşdırmaq üçün kəskin ifadələrdən istifadə etmiş, onunla əlaqəli hər şeyi qadağan etmişdir. Bəzi insanların söylədiyi kimi: “içkini ancaq içmək günahdır” anlayışı İslamda yoxdur. Çünki, Rəsulullah (səs) bir hədisi-şərifində bu barədə belə buyurur:  “Şübhəsiz ki, Allah təala içkiyə, onu içənə, paylayana, satana, alana, hazırlayana, daşıyana və aparılana lənət etmişdir!”[7]

Digər bir məsələ müsəlmanın içki olan sufrədə oturmamasıdır. Peyğəmbərimiz (səs) bir hədisi-şərifində:  “… Allaha və axirət gününə iman edən şəxs (özü içməsə də) içki içilən süfrədə oturmasın!”[8] deyə buyurmaqdadır. Bu səbəbdən Allaha və axirət gününə iman edən mömin içki süfrələrinin kənarında oturmamalı, İslamı qaydalara uymayan toy və buna bənzər mərasimlər təşkil etməməli və bu cür mərasimlərdə iştirak etməməlidir. Bu mövzuda kiminsə xətrinə dəyməyə və qəlbini qırmağa baxmadan, içkili süfrə arxasında nəyə görə oturmadığını və məclislərdə nəyə görə iştirak etmədiyini də açıq bir şəkilsə söyləməlidir ki, Allahın haramlarına məhəl qoymayanlar günahlarını başa düşsünlər. Əks təqdirdə günahkarın qəlbini qırmaq üçün Allahın lənət və qəzəbinə düçar olmaqdan söhbət gedir ki, dünyanın ən böyük nadanlığı da elə budur.

Əziz müsəlmanlar, xütbəmə bir hədisi-şəriflə son verirəm: Cabir (r.a.) belə nəql edir: Bir adam Ceyşandan gəldi. Ceyşan Yəməndə bir şəhərdir. Şəhərlərində içkdikləri düyüdən hazırlanan və mizir adlanan bir içki haqqında Rəsulullahdan (səs) soruşdu. Rəsulullah (səs): “O sərxoş edirmi?” deyə soruşdu. Həmin adam: “Bəli.” –dedi. Bunun müqabilində Rəsulullah (səs): “-Hər sərxoş edən şey haramdır. Allah –azzə və cəllə-nin sərxoş edən bir şeyi içənə “Tinətul-Habal” içirəcəyinə dair əhdi vardır.”-buyurdu. Oradakılar: “-Ey Allahın Rəsulu, “Tinətul-Habal” nədir?-deyə soruşdular. Rəsulullah (səs): “-Cəhənnəm əhlinin təridir və ya cəhənnəm əhlinin qan və irinidr.”-buyurdu.[9]

  14  Sentyabr  2012 / 27  Şaban  1433


[1]Maidə, 90-91.

[2]İbn Macə, Əşribə, 1.

[3]Əbu Davud, Əşribə, 5, 3681.

[4]Müslim, Əşribə, 73, 77.

[5]Nəsai, Əşribə, 41,5656.

[6]Buxari, Məzalim, 30.

[7]Əbu Davud, Əşribə, 2, 3674.

[8]Tirmizi, Ədəb, 43, 2801.

[9]Müslim, Əşribə, 72.

Read Previous

Zəif Hədislə Əməl Etmək Olarmı?

Read Next

Oktyabr 2012

One Comment

  • ALLAH teala Sizden razi qalsin. Amma bu sohbetleri telefon yaddashinda saxlayan bir sesli MP3 zad olsaydi super olardi. Ne olur bunu nezere alin da

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.