Əziz möminlər, bu dünyada yolunu azmışlar, haram yeyənlər, istədikləri kimi yaşayanlar, başqalarını saymayanlar, haqq yolu bilməyənlər, haqqları tapdalayanlar çoxdur, hədsiz dərəcədə çoxdur, yaxşı insanları isə tapmaq çox çətindir. Necə ki, daş kömür tapmaq asandır, amma get almaz axtar, gör haradan tapırsan?!
Haqq yoldan azmamaq üçün Allahın buyuruqlarına əməl edən insanlarla oturub-durmaq onlarla ünsiyyətdə olmaq şərtdir. Bu cür insanlar isə çox azdır. Allah Təalanın əmrlərini yerinə yetirməyən, qadağanlarından çəkinməyən insanlar isə üstünlük təkşil edir. Təbii ki, bu cür insanların çox olması onların haqq yolda olduğunu göstərməz. Bir qrupun çoxluq təşkil etməsi o qrupun haqlı olduğu mənasına gəlməz. Ənam surəsi 116 cı ayədə buyurulur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.”
Nəfis və ağıl. İkisidə bizim daxilimizdədir. Hər zaman bu iki varlıq bir-birləriylə mübarizə aparmaqdadır. Qış aylarında, isti otağında, yumşaq yorğan-döşəyində yatarkən, birdən səni namaza oyadan saatın səsini eşidirsən. Bir səs gəlir; “namaz vaxtıdır, durmaq lazımdır”. Amma bir başqa səs də gəlir; “bir azca da yat!”. Birinci səs durmur; “Axı namaz daha xeyirlidir, daha önəmlidir.” İkinci səs də davam edir; “Hələ vaxt var, bir azda yatsan, heç nə olmaz, bir-iki dəqiqə.” Beləcə səslər davam edir, dur, yox yat, yox dur, yox yat…Təbii ki, ağıl və nəfs mübarizə apararkən, həmişə ağıl qalib gəlmir.
İnsan azaddır əlbəttə, azadlığı, hüriyyəti istəməyə haqqı var. Amma hər bir insanın azadlığı məhdutdur. Həddi hüdudu olmayan azadlıq əslində köləlikdir. Əgər bu azadlıq Rəbbimzin buyuruqlarına zidd, ya da başqasının azadlıq hüquqlarını tapdalayırsa bu azadlıq deyil özbaşınalıqdır, hər-mərclikdir, anarxiyadır. Tamam və sərhədsiz azadlıq yalnız dəlilərdə ola bilər. İstədiyini edər, heç kimə də məhəl qoymaz. Ağlı başında olan heç bir kimsə isə özünü dəli olaraq qəbul etməz.
Möhtərəm möminlər, hər hansı bir kimsə ilə müqavilə bağlasaq ki, bir il istədiyini edəcəksən, ağlına gələn bütün şeyləri həyata keçirəcəksən, sənin üçün heç bir həd-hüdud yoxdur amma ilin axırında səni ayaqlarından asacağıq. Hansı ağıllı insan bunu qəbul edər? Etdiyimiz günahların sonunda bir ağrı, bir acı, bir əzab, bir işgəncə ola bilər, bunu bilirik, Rəbbimizin vədini bilirik, qəzəbini bilirik, amma hələ də günahlara davam edirik. Hər bir günahkar tövbə etmək istəyir. Vaxt qoyur, müddət təyin edir, həmin zaman gələndə, yenə ertələyir. Həccə gedən kimi bu vərdişlərimi, bu günahlarımı tərk edəcəyəm – deyə söz verir. Həccə gedir, gəlir, hələ də həqiqi mənada tövbə edə bilmir. 30 yaşına çatanda bütün gunahlardan əl çəkəcəyəm – deyir. Gözünü açır ki, 39 yaşındadır. 40 yaşında mütləq tövbə edəcəyəm, tərk edəcəyəm bütün bu günahları – deyə söz verir. 50 olur, 60 olur, saç‐saqqal ağarır, birdən yorğan‐döşəyə düşür, keçən günlərin həsrətini çəkməyə başlayır. Adamın bəzən başına elə işlər gəlir ki, silkələnir, sanki içində bir zəlzələ baş verir, bütün vərdişlərini günahlarını tərk edir. Bir ay, iki ay doğru-dürüst, davam edir, yenə əvvəlki bataqlığa düşür. Ölür az qala, ölümdən qayıdır, deyir daha bəsdir, yaxşı ki, sağam hələ, qoy özümü düzəldim. Amma bir müddət sonra yenə köhnə hamam köhnə tas. Ölümü necə də tez unuduruq, necə rahatlıqla izləyirik ölümü, cənazələr yanımızda aparılır, qəbrə qoyulur, üstü örtülür, sonra hamı qayıdır öz həyatına. Hər birimiz daxlimizdə yalançı hisslər keçiririk. Doğrudur hamı bir gün öləcəyini qəbul edir. Amma nədənsə ölümü özümüzdən çox uzaq görürük. Ölümdən bəhs edildikdə yadımıza 70, 80, 90 yaşlı insanlar gəlir. Hələ gəncəm ölüm yaşıma çox var deyə düşünürük. Əslində isə hər kəs ölüm yaşdadır. Ölümün müəyyən bir yaşı yoxdur. İnsan yalnız qocalıb ölmür ki, ölümü özümüzdən uzaq görək. Hər kəs, hər an ölə bilər. Yalnız qocaalanda öləcəksən deyə heç kimə zəmanət verilməyib. Təsəvvür edə bilmirik ki, bir gün, bir an bizim də verdiyimiz nəfəs geri qayıtmayacaq. Rəbbimiz uzatmadan, çox qısa və konkret belə buyurub: “Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (Zumər, 30).
Ey insan, səfərdəsən unutma! Hava limanında təyyarənin uçuş vaxtı çatanda, hamı qeydiyyatdan keçdikdən sonra, təyyarənin qapılarını bağlasalar, onları saxlayıb deyə bilərsənmi, durun, mən bir-iki şey alım, sonra paltarımı dəyişim, ayaq yoluna da dəyib gəlirəm? Desən belə sənin bu özrün qəbul edilməz. Çünki artıq gecdir. Elə isə ölüm gələrkən də “dayan, dur, gözlə, bir az möhlər ver” deyə bilməyəcəksən? Desən belə faydası yoxdur. Çünki artıq gecdir.
İnsanın həyatı mərhələlərlədir, səfər bitmir ki. Ana bətnində keçirdiyi həyat, sonra bu dünaya gəldiyi, sonra ölüb qəbrdə yaşadığı dövr, bir də hesab-kitab zamanı və sonra əbədi bir ömür. Bu dünya ana bətnindəki həyatdan nə qədər genişdirsə, öldüyümüz an getdiyimiz o biri həyat da, bu dünyadan o qədər böyükdür. Dünya ömrü ana bətnindəki ömürdən nə qədər uzundursa, ölümdən sonrakı həyatda bu dünyadan o qədər uzundur. Ölüm isə yenidən doğulmaqdır.
Əziz möminlər, bütün bunlarla yanaşı İslam dini bizi, tamamilə bu dünya həyatından təcrid olunmağa çağırmır. Hər şeyi bir tərəfə tullayıb, gedib məsciddə yatıb qalmaq deyildir hədəfimiz. Əsas hədəf, axirət həyatımız üçün çalışaraq bu dünya həyatındakı çərçivələri və hüdudları aşmamaq, balansı mühafizə etmək, doğru-dürüst yaşamağı bacarmaqdır. Əsas məqsədimiz axirəti dünyadan üstün tutmaq, bu dünyanı o dünyanın tarlası olaraq qəbul etmək və bu isitqamətdə çalışmaqdır. Əsas məqsədimiz dünya üçün deyili dünyada axirət üçün çalışmaqdır. Əsas məqsədimiz haqq və batili biri-birindən ayırıb haqqa görə yaşamqdır. Bu dünyada məhz bu məqsəd üçün çalışanlara salam olsun!
14 Oktyabr/17 Zilqədə 1432