• 10 Dekabr 2024

İmam Buxari (rahmətullahi aleyh)

buxariMuhəmməd ibn İsmail ibn İbrahim ibn əl-Müğirə ibn Bərdizyə əl-Cufi əl-Buxari hicrətin 194-cü(miladi 810) ilində şəvval ayının 13-ü cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. Onun künyəsi “Əbu Abdullah”-dır.O, kiçik yaşda atasını itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuş­dur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Etdiyin dualara görə Uca Allah sənin oğluna görmə qabiliyyətini qaytardı.”

Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yetərli olmuşdur. Hələ uşaq ikən Allah ona hədisləri yadda saxlamaq istedadı bəxş etdi.İmam Buxari dərin zəka və əzbərləmə qabiliyətinə malik idi. Hər hansı bir şeyi yadda saxlamaq üçün ona bir dəfə baxması və ya onu bir dəfə dinləməsi kifayət edərdi. O, eyni zamanda çox hədis əzbərləməklə də şöhrət qazanmışdı.

O, on yaşlarında zamanın mühəddisləri Məhəmməd ibn Səlam əl-Bilkəndi, Abdullah ibn Məhəmməd əl-Müsnədi kimi buxaralı alimlərdən hədis öyrənməyə başladı. 11 yaşlarında ikən müəllimi Daxilinin rəvayət əsnasında etdiyi xətasını düzəltməsi ilə diqqət mərkəzinə düşmüşdü.O,16  yaşında olanda İbn əl-Mübarəkin və Vəki ibn Cərrahın kitablarını başdan-sona qədər əzbərləmişdi. Bu əsnadaBuxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda, o, elm öyrənmək istəyi ilə Məkkədə qalır və Xəllad ibn Yəhya və Hümeydi kimi tanınmış məşhur alimlərdən hədis eşidib, rəvayət edir. Mu­həmməd ibn İsmail əl-Buxari elm öyrənmək üçün Şam, Misir, Bəsrə, Bağdad, Kufə, Dəməşq, Hicaz (Məkkə, Mədinə), Bəlx, Xorasan, Nisa­bur kimi bir çox yerlərə səfər etmişdir. Xaşid ibn İsmail aşağıdakıları rəvayət etmişdir: “Bəsrədə Əbu Abdullah Muhəmməd ibn İsma­il əl-Buxari, hələ gənc ikən, bizimlə birlikdə hədis bi­liciləri olan müxtəlif şeyxlərin görüşünə gedərdi və heç vaxt qeydlər apar­mazdı. Bir neçə gün sonra biz ona belə deməyə başladıq: “Sən bizimlə müx­təlif şeyxlərin görüşünə gedirsən, amma heç nə qeyd etmirsən, niyə belə edirsən?” 16 gündən sonra o bizə dedi: “Siz, həqiqətən, çox danı­şır və mənə irad tutursunuz! Göstərin mənə, nə yazmısınız”. Biz də on beş min­dən çox hədis qeyd etdiyimiz vərəqlərimizi çıxartdıq, o isə bunların ha­mı­sını əzbər­dən deməyə başladı və biz isə onun yaddaşına əsasən oxuduq­ları ilə öz qeydlərimiz­də düzəlişlər etdik. Sonra o soruşdu: “Siz indidəmi hesab edirsiniz ki, mən müxtəlif şeyxlərə zarafat xatirinə baş çəkir və vax­tımı hədər yerə sərf edirəm?” – və bundan sonra bizə məlum oldu ki, yad­daşda heç kim onu ötüb keçə bilməz.”

Buxari hələ gənc ikən hədis dinləmək istəyən bəsrəli­lər, istədiklərinə nail olana qədər onun ardınca düşər, onu hər hansı bir yo­lun üstündə oturdar və ətrafına minlərlə dinləyici yığışardı, onların əksəriyyəti onun, o zaman gənc olmasına baxmayaraq, dediklərini yazardılar.Zəhəbi onun haqqında yazır: “Buxarinin təhsilini tamamlayıb əsər yazmağa və hədis rəvayət etməyə başladığı zaman hələ üzündə tük çıxmamışdı.

Buxari zöhd sahibi, elmiylə əməl edən bir insan idi və İslami qaydalara çox riayət edir, halal və haram məsələlərinə çox diqqət edirdi. Hədis elminə xidmət, bu yolla Allahın rizasını, Hz.Məhəmmədin (s.ə.s) şəfaətini qazanmaq əsas fikri idi. Atasından qalan mirası da bu yolda xərcləmiş və mərdliyi ilə şöhrət qazanmışdı. Çox Quran oxuyar, çox nafilə namaz qılardı. Gecənin yalnızca bir hissəsini yatar, hər zaman yuxudan oyanıb, şam yandırıb hədis yazar, ya da yazdıqlarını işarələyib, üzərində təkəfəkkür edərmiş. Sübh namazı girməmişdən oyanar, gecə namazı qılar, sonra Quran oxuyardı. İmam əl-Buxarinin müasirləri olmuş alimlərin böyük əksəriyyəti onun haqqında tərifəlayiq sözlər demişlər. Bir dəfə İmam Müslim İmam Buxarinin alnından öpərək ona demişdir: “Ey müəllimlərin müəllimi, mühəddislərin şeyxi və hədis qüsurlarının hə­ki­mi, icazə ver başından öpüm” və bundan sonra o, günahların ba­ğış­lanması haqqında hədisə dair bir sual vermişdi və Buxari də ona bu hədisin qüsurlarını göstərmişdi. O, izah edib qurtardıqdan sonra, Müslim ona de­mişdi: “Ancaq paxıl adamlar sənə nifrət edə bilər! Şahidlik edirəm ki, bu dün­yada sənə bərabər olan yoxdur!” Bundər demişdir: “Ən yaxşı mühəddis dörd nəfərdir: Reyli Əbu Zura, Nişaburlu Müslim, Səmərqəndli əd-Darimi və Buxaralı əl-Buxari.”  İmam Əhməd  belə demişdir: “ Xorasanda onun misli-bərabəri yoxdur” Əbu Hatim ər-Razi isə Buxari haqqında: “Həqiqətən, o, Bağdada gələn­lərin ən bi­li­cisi idi”,-demişdir. İbn Xuzeymə demişdir: “Göy qübbəsi altında Allahın Rəsulunun (s.ə.s.) hə­dislərini Buxaridən daha yaxşı bilən, yadda saxlayan bir adam görməmi­şəm.” Nəsai demişdir: “O, inanılmaz dərəcədə zəkalı bir mühəddisdir. İs­lam tarixində ilk səhih kitab yazan da odur. Tirmizi onun haqqında belə demişdir: “Mən nə İraqda, nə də Xorasanda tarixi Muhəmməd ibn İsmaildən daha yaxşı bilən, hədislərin və onların isnadlarının qüsurla­rını araşdıran daha üstün olanını görmədim.

İmam Buxari, 30 Ramazan 256-cı ildə Ramazan bayramı gecə 31 avqust 870) də Səmərqəndin kəndlərindən və mərkəzə 72 km uzaqlıqda olan Xartenkdə vəfat edib və orada dəfn edilib.

Buxarinin şöhrət gətirən ən məşhur əsəri “əl-Camiüs-səhih” əsəridir. Bu əsərin tam adı “əl-Camiüs-səhihül-müsnəd min hədisi Rəsulillahi və sünənihi və əyyamihidir”. Bu əsər qısa olaraq “Səhihi-Buxari” adı ilə bilinir. Digər kitabları isə bunlardır: “Tarixül-kəbir”, “Tarixül-əvsət”, “Tarixüs-səğır”, “Ədəbül-müfrəd”, “Rəfül-yədeyn fis-səlat”, “Xəyrül-kəlam fil-qiraat xəlfəl-imam”, “Birrül-valideyn”, “Təfsirül-kəbir lil-Quran”, “Xəlqu əfalil-ibad”, “Kitabül-iləl fil-hədis”, “Kitabu müsnədil-kəbir”, “Kitabül-vuhdan”, “Kitabül-məbsut” , “Əd-düəfa”.

 Dr. Vüqar Səmədov

(ilahiyyat üzrə fəlsəfə doktoru)

mənbə:sunna.az

Read Previous

Şəkili Allah dostlarından Mehmet Zahid Kotku (k.s)

Read Next

Müəllimin bir ataya yazdığı məktub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.