• 23 Dekabr 2024

İSLAM HƏR ŞEYDƏN ÜSTÜNDÜR

       Möhtərəm möminlər!

Uca Allahın bizim üçün seçdiyi son və haq din heç şüphəsiz ki, İslamdır.

İslama inanan və onu həyatında tətbiq edən  kimsələrə müsəlman adı verilir.

Müsəlmanların inandığı  Allah yaradandır, yaşadandır, qanun qoyandır, öldürəndir, dirildəndir, hesaba çəkəndir, Peyğəmbərlər göndərəndir.

Bunun üçün hər müsəlman hesaba çəkilmədən əvvəl özünü hesaba çəkərək bunları düşünməlidir. Allah mənə, “şah damarımdan daha yaxın olan” və həyatımı nizama salacaq qanunlar qoyan tək İlahmıdır? Yoxsa, sadəcə sıxıntılı anlarda yada saldığım bir varlıqdır? Peyğəmbərimiz (səs) və Qurani Kərim, məni necə bir həyat yaşamağa çağırmaqdadır? Axirət həyatı mənim üçün nə deməkdir. Həyatımı Allahın əmrlərinə görə yaşayıram, yoxsa başqalarının istəklərinə görə? Bütün bu suallara həqiqi bir cavab vermədən həqiqi müsəlman olmaq mümkün deyildir.

Uca Allah bizlərə imanla əməli birləşdirməyi, inandığımızı yaşamağımızı istəyərək belə buyurur:

    “İnsanlar  yalnız:  “İman gətirdik!” demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Biz onları  yeri gəldikcə malları, ovladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edə bilək)“[1]

   “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. “[2]

O halda, namazsız və ibadətsiz keçən bir həyat mənasız və təhlükəli bir həyatdır. Çünki əməl ilə iman bir birini tamamlayır. Hər nə qədər də iman edib əməl etməyən kimsə kafir sayılmasa da əməlsiz iman, meyvəsiz ağac kimidir. Əməlsiz imanın, bir gün sönmə ehtimalı daha çoxdur.

        Əziz müsəlmanlar!

İmtahan üçün yaradılan insanın qarşısında, mələk də vardır şeytan da. Aydınlıq da vardır qaranlıq da. İmtahandan kəsilməmək, şeytanın hiylələrinə aldanmamaq üçün, hər yöndən güclü olmağımız lazımdır.

Bəli hal-hazırda biz bu gücü itirdik. Bunun üçün başımıza dəyməyən daş qalmadı. Bu daşlar bizim şəxsiyyətimizi, dinimzi və imanımız yaraladı. Müasirlik adı altında gənclərimiz yadların heyranı oldu. Evimizdən huzur, süfrəmizdən bərəkət qaçdı. Cəmiyyətimizdə qardaşlıq duyğuları sarsıldı. Bütün bunlar gücümüzü itirərək zəifləməyimizin nəticəsidr.

Bizi bizi özümüzə qaytaracaq, aramızda birlik və bərabərlik bağlarını gücləndirəcək yeganə vasitə heç şüphəsiz ki İslamdır.

Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur:

“İslam hər şeydən üstündür. Heç bir şey ondan üstün ola bilməz.”[3]

O islam ki, bizi bir-birimizə qardaş elan etmişdir. Bir-birinizlə dava etməyin, bir-birinizə haqsızlıq etməyin, özünüz üçün istədiyinizi qardaşınız üçün də istəyin demişdir. Bir-birinizi sevməsəniz həqiqi mömin ola bilməzsiniz demişdir.

O halda güclü və xoşbəxt bir cəmiyyət meydana gətirmək istəyiriksə İslama görə yaşamaq şərtdir. Hər bir müsəlman İslamı yaxşı öyrənməli, yaşamalı və başqasına öyrətməlidir. İslamı öyrənən bir kimsə yaxşı bilir ki, İslam heç kəsi zorla müsəlman etməyə çağırmır. İslama inanıb inanamamaqda hər kəs azaddır. Ancaq öz arzusu ilə müsəlman olan bir kimsə, “mən istədiyim kimi yaşayaram İslam mənim həyatıma qarışmasın deyə bilməz. Çünki İslam müsəlmanın necə ibadət edəcəyinə, necə yaşayacağına və qısaca bütün həyatına qarışır. Çünki bu həyatı ona verən Allahdır. Qurani Kərimdə  belə buyurulur:

“Allah və Peyğəmbəri bir işə hökm etdiyi zaman heç bir mömin kişiyə  və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarı ilə ayrı cür hərəkət etmək) yaraşmaz. “[4]

. Xütbəmə bir ayənin mənasıyla son verirəm:

“Allah odur. Allahdan başqa heç bir ilah yoxdur. Dünyada da axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!”[5]

PDF DOC islam en ucadir

 

 

 

11 Noyabr 2011/15  Zilhiccə 1432

 

 


[1] Ənkəbut: 2.

[2] Bəyyinə: 7.

[3] Darəkutni, Təbərani, Bəyhaki, Kəşful- Hafa, C. 1, sh. 127. Nö: 362.

[4] Əl-Əhzab, 36.

[5] Qəsəs: 70.

Read Previous

QURBAN

Read Next

QƏZƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.