• 22 Dekabr 2024

İslam və qadın

islam-ve-kadın Möhtərəm möminlər! Bu günkü, xütbəmizin mövzusu İslam və qadın haqqında olacaqdır. Əvvəla onu qeyd edim ki, İslam qadına hansısa müəyyən bir gündə deyil hər zaman və hər an dəyər verməkdədir. İslama görə qadın da kişi kimi canlı məxluqdur və heçdə kişidən aşağı sayılan bir varlıq deyildir. İslamın qadına verdiyi qiyməti daha yaxşı başa düşmək üçün İslamdan əvvəlki vaxtlarda qadınlığın vəziyyətinə nəzər salmaq kifayətdir. Bəli İslamiyyətdən əvvəl qadının ictimai vəziyyəti çox ağır idi. Yalnız ərəblərdə deyil digər millətlərdə də qadının vəziyyəti acınacaqlı idi. İstər Asiyadakı, istərsə də Avropadakı qadın öz hüquqlarından məhrum idi. Qadın əşya kimi alınıb satılırdı. Evdə xidmətçi mövqeyində idi. Yəhudi qızları ata evlərində belə xidmətçi kimi idilər və yeri düşəndə hətda satılırdılar. Hindlilərdə qadın yazıq bir məxluq kimi hesab edilirdi. Qadına zövq aləti kimi baxılırdı. İranda Məcusi zərdüştlərinin dövründə qadınların çəkdikləri əzab və işgəncə çox faciəlidir. Qadın o dövrdə kişinin şəhvətinə məhkum olan bir əsirdən ibarət idi. Şimali və Qərbi Avropa İslamiyyətin zühuru ərəfəsində qatı bir qaranlıq içərisində olduğu üçün oradakı ailə həyatını bilmirik. O qaranlıq içində qadının vəziyyətinin nə olduğunu sezmək imkanı yoxdur. O günün ağası sayılan Bizansda isə qadının vəziyyəti belə idi: Qadın kişinin malı hesab olunurdu, onun üstündə istədiyi ixtiyarı var idi. Qadının həyatı və ölümü ərinin əlində idi. Onunla kölə kimi rəftar olunurdu. Qadın əvvəlcə atasının, evləndikdən sonra ərinin, əri öldükdən sonra da oğlunun əsiri idi. Hətda o dövrün alimləri belə qadının ruhu varmı yoxmu deyə mübahisə aparırdılar. Möhtərəm müsəlmanlar, Daha sonra Uca Allah İslamı göndərdi. İslam qadına haqq və hüquq verdi. Qadına qiymət verdi. İslam Peyğəmbəri “Cənnət anaların ayaqları altındadır deyərək qadına ən böyük qiyməti verdi. Anaya verilən qiymət eyni zamanda qadına verilən qiymətdir. Çünki Ana da eyni zamanda bir qadındır. İslamın qadına verdiyi bu qədər qiymət və hörməti kiçik görən bu günkü qərb aləmi qadınlara daha çox azadlıq və haqlar verdiyini söyləyirlər. Onlar iddia edir ki, bizim qadınlara verdiyimiz huquqlar daha mütərəqqidir və bu azadlıq onlara verilən ən böyük qiymətdir. Məgər insanın ürəyindən keçəni etməsi azadlıqdırmı. Xeyir, əslində bu köləlikdir. Hər istədiyini etmək, nəfsinin hər istəyini həyata keçirmək azadlıq deyil, nəfsə qul olmaqdır. Bir müsəlman qadın ilə ailə həyatı qurmaq istəyən bir şəxs mütləq elçilik, kəbin, nişan, toy kimi müəyyən mərhələlərdən keçməlidir. Əgər bir şəxs bu mərhələlərdən keçməzsə qadınla ailə həyatı qura bilməz. Lakin Qərb aləmində isə bu mərhələlərə heç ehtiyac belə duyulmur. Yəni bir şəxs öz ayaqqabılarını təmizləmək üçün əskidən istifadə etdiyi kimi, heç bir maneə olmadan qadından da həmən əski kimi istifadə edir. Məgər bu köləlik deyilmi? Məgər bu qadını aşağılamaq ona bir əşya kimi baxmaq deyilmi. Qadın satış əşyalarının reklam obyektinə çevrilib. Yeni model avtomobili nümayiş etdirmək üçün mütləq ona yarımçılpaq qadın əyləşdirmək qadın azadlığıdırmı? Yeni çəkilmiş filmlərin şöhrət tapması üçün əxlaqsız kadrların çəkilişinə yüzlərlə qadının cəlb olunması azadlıqdırmı? Sayı yağışdan sonra göbələk kimi artan xarici kliplərdə qadınların dəhşətli vəziyəti azadlıqdırmı? Ali məktəbi yeni bitirmiş bir qızın hər hansı bir idarədə iş tapması üçün qısa geyimin tələb olunması qadın hüququdurmu? Xeyir bu qadın huququ deyil, əksinə qadının köləliyi və cəmiyyətdə onun əyləncə vasitəsinə çevrilməsidir. Bunun nəticəsidir ki, qərb aləmində özlərinin bu cür alçalmasını dərk edən qadınların bir çoxu İslama üz tutaraq öz qiymətlərini burada tapırlar. Çünki, İslam qadına tərəf uzanan çirkin əlləri tamamilə kəsir. Onu elə bir varlığa çevirir ki, onunla hər adam ğörüşə bilməz. Onunla ərindən və məhrəmlərindən savayı heç kəs zarafatlaşa bilməz. Onunla ünsiyyət qurmaq böyük məsuliyyət tələb edir. Onun zahiri ğörünüşü insanda qeyrət hissini artırır, onun geyimi insanda mənfi fikirlərin oyanmasına maneə yaradır. Əziz müsəlmanlar! Nəticə olaraq bunları deyə bilərik ki, İslamın qadına verdiyi qiymət heç bir inanc sistemində yoxdur. Xütbəmə bir hədisi-şərifin mənası ilə bitirirəm: “Ey insanlar, qadınların haqlarına riayət edin! Onlarla şəfqət və sevgi ilə rəftar edin! Onlar haqqında Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları Allahın bir əmanəti olaraq aldınız.” 7 Mart 2014-cü il/ 6 C. Əvvəl 1435-ci il

Read Previous

DOĞRULUQ (GÖRÜNTÜLÜ XÜTBƏ)

Read Next

İslam dininə görə uşağı olmayanların övladlığa uşaq götürməsi caizdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.