• 27 Dekabr 2024

İSLAMDA AİLƏ

Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağlarla bir‐birinə bağlanması deməkdir. Ailə, bir – birinə möhtac olan, güvənən, bir-birində sükunət və hüzur tapan bir qurumdur.
Bir ayədə buyurulur: “Sizi tək bir candan xəlq edən, ünsiyyət qurub sükunət tapsın deyə ondan onun zövcəsini yaradan Odur…”
Ailə iki nəfərin başlatdığı və onların təməli üzərində yüksələn bir binadır. Bu iki nəfər bərabər olduqda sükunət tapa bilərlər, onları bir-birindən ayırsanız hidrogenlə oksigen ayrılınca nə baş verəcəksə onun şahidi olacaqsınız. Onlar ayrılınca ortada ailə deyə bir şey qalmır. Boşanmaq isə “Allahın ən çox sevmədiyi halaldır”.
Əziz möminlər, bu səbəblə ailə qurmaq üçün əsas olan həyat yoldaşını doğru seçməkdir.
Ayədə buyurulur: “Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin! Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə [mömin qadınları] onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi atəşə çağırırlar. Allah isə sizi Öz rizası ilə Cənnətə və bağışlanmağa dəvət edir. Daha doğrusu Öz mesajlarını insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.”
Bəqərə surəsinin bu ayəsi ilə uyğun gələn bir hədis də Rəsulullah (səs) belə buyurur: “Qadınla dörd şeyə görə evlənirlər: 1. Malı, 2. Gözəlliyi, 3. Nəsli, 4. İmanı. Siz İmanlı olanı seçin ki, eviniz bərəkətli olsun.”
Ailə qurmaq iki fərqli irqin, millətin və dilin qarışmasına da səbəb olur. Ailə qurmaq cəmiyyət binasını sıx və möhkəm halda davam etdirmək deməkdir, binadan əlavə bir balkon çıxarmaq deyil. Yeni ailə, o binadakı alt mərtəbələrin üzərində durduğu kimi, özündən sonrakı üst mərtəbələrə də təhəmmül etməlidir. Ailə qurmaq, bağçada yeni ağacın əkilməsidir, o bağçadan bir ağacı çıxarıb başqa yerə aparmaq deyil.
Ailə təsəvvürünü tam qavraya bilməyən insan, boşanma hüququnu da tam dərk edə bilməz. Ailənin aliliyi və məsuliyyətini başa düşən insan eyni zamanda boşanma hadisəsini cəmiyyətə vurulan zərbə kimi anlamalıdır. Bir boşanma hadisəsilə yalnız boşanan tərəflər deyil bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir. Boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addım olmalıdır. Təəssüf ki, çox zaman ən birinci atılan addım olur. Bütün gənclər də özlərinə bəraət qazandırmaqda mahirdirlər.
Yeni qurulan ailədə bir müddət sonra şikayətlər, problemlər və sairə kimi xoşa gəlməz halların biruzə verdiyini eşidirik. Hansı ki, o problemlərin çoxu o qədər ciddi və əhəmiyyətli də deyil. Sanki evlilik sadəcə bir adətə çevrilib, vəya evdə qalmamaq üçün bir çıxış yoludur. Yaxud valideynlərin yalnız nəvələrə sahib olma həvəsədir. Ailə üzvləri arasında doğmalıq və yaxınlıq hissləri sanki oyana bilmir. Aylarla, illərlə bir yerdə yaşamaqlarına baxmayaraq sanki yad insanlar kimi, yaxud da bir məktəbin şagirdləri kimi davranırlar. Necə də olsa təhsil bitəndən sonra hərə öz həyatı ilə davam edəcək.
Yeni evliliklər, yeni doğulan uşaqlar və boşanma halları haqqında statistikaları çox vaxt eşidirik. Bilirik ki, boşanma halları yeni qurulan ailələrdən nisbətdə çoxdur və bu nisbət də getdikcə artmaqdadır. Qərb dünyası və qərb ölkələrindəki ailə və boşanma hallarını eşitdikdə öz halımıza şükr edirik. Ordakı əlaqələrin hansı vəziyyətə olduğu, gənclərin necə pozulduğu, yeni doğumların nə qədər azaldığından yaxşı xəbərimiz var. Amma bizdəki boşanma halları qərb aləmindən çox da az deyil və belə davam etsə bu mövzuda hətta qərb dünyasını belə keçə bilərik. Məsələ burasındadır ki, qərb ölkələrində ailə zəminində problemlər daha çoxdur və cəmiyyətdə olan qadın kişi əlaqələrində çox fəsadlar vardır. Bizim cəmiyyətdə isə o problemlərin bəlkə də heç yarısı yoxdur, bəs niyə boşanma hadisələri bu qədər çoxalır?
Təbii ki, ölkədə, ailə məsələləri ilə məşğul olan məsul şəxslər bütün vəziyyəti dərindən öyrənməli, lazımi şərtləri, qaydaları və həll yollarını müəyyənləşdirməlidirlər. Eyni zamanda boşanmanın hansı hallarda ola biləcəyi, son addım kimi düzgün atılması və necə həyata keçirilməsi məsələləri ilə də gənclərimiz dərindən tanış olmalıdır. Bütün evlənən gənclər qabaqcadan bilməlidirlər ki, boşanma nəticəsində ailəyə hansı ziyan dəyir, uşaqların tərbiyəsi necə bərbadlaşır, onların psixologiyası necə pozulur.
Uca Allah cümləmizi ailəsini keçilməz bir qala olaraq görən və bu qalanın dağılmaması üçün hər cür fədakarlığa qatlanan qullarından eyləsin.

islamda aile

16 Sentyabr/18 Şəvval 1432

Read Previous

YETİMLƏRİ HİMAYƏ ETMƏK

Read Next

Salam

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.