• 21 Noyabr 2024

İslamda içki necə haram edildi?

ickiCavab: İçki insanın həm fiziki, həm də ruhi cəhətdən sağlamlığına zərər vurduğu üçün bütün ilahi dinlərdə qadağan olunmuşdur. İslamdan əvvəl və İslamın Məkkə dövründə cahiliyyə ərəbləri içki içir və bunu həyatlarının bir hissəsi kimi qəbul edirdilər.

 Qeyd edək ki, ilkin mərhələdə Məkkədə nazil olan bir ayədə xurma və üzümdən əldə olunan içkidən bəhs olnmuş, lakin bu mövzuda qadağa qoyulmamışdı (bax. Nəhl, 16/67). Mədinədə içki nəticəsində ortaya çıxan zərərləri görən Hz. Ömərin müraciəti və Hz. Peyğəmbərin duası ilə nazil olan bir ayədə içkidə həm böyük günah, həm də müəyyən fayda olduğu, lakin günahının faydasından daha çox olduğu bildirildi (bax. Bəqərə, 2/219). Bundan sonra Əbdürrəhman ibn Əvfin verdiyi bir qonaqlıqda içilən içki üzündən axşam namazını qıldıran imamın xətalı oxuması nəticəsində nazil olan bir ayədə də, sərxoş ikən nə dediyini bilənə qədər namaza yaxınlaşmaq qadağan edildi (bax. Nisa, 4/43). Görüldüyü kimi, yuxarıdakı ayələrdə hələlik qəti qadağa qoyulmamışdı. Ancaq artıq bu mövzuda İslamın qətiyyət bildirən bir hökm ortaya qoyacağı açıq-aydın nəzərə çarpırdı.

Bundan sonra Ütbə ibn Malikin etdiyi bir toy məclisində yenə içki içilmiş və sərxoşluq səbəbilə çıxan dava-dalaşda Səd ibn Vəqqas (r.ə.) yaralanmışdı. Sədin (r.ə.) vəziyyəti Rəsulullaha (s.ə.s.) çatdırıldı və sonra da içki mövzusunda islamın axırıncı hökmünü bildirən bu ayə nazil oldu: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Maidə, 5/90, 91).

Hz. Peyğəmbər də yuxarıdakı ayələri izah edərək buyurur: “Hər sərxoş edən şərab və hər şərab haramdır” (Buxari, Ədəb, 80; Müslim, Əşribə, 5), “Çoxu sərxoş edənin azı da haramdır” (Tirmizi, Əşribə, 3; Əbu Davud, Əşribə, 5).

Vurğulamaq lazımdır ki, Hz. Peyğəmbər dövründə üzüm və xurma suyu kimi müəyyən məhsullardan əldə olunan spirtli içkilərdən sonra zamanla müxtəlif adlar altında çoxlu sayda bitkidən əldə olunmuş xaşxaş, həşiş, kokain kimi maye, yaxud qatı olmaqla ağlı başdan alan maddələr meydana gəlmişdir. Adından asılı olmayaraq, yedikdə, içdikdə, damara vurduqda və ya çəkdikdə sərxoş edən, ağlı başdan alan xüsusiyyətə malik olan hər bir maddə bilavasitə içki çərçivəsinə daxil olub haram sayılmışdır.

Onu da qeyd etmək lazımdır ki, içki içmək haram olduğu kimi, onun ticarəti də qəti qadağandır. Bu mövzuda bütün islam alimləri həmrəydir. Hz. Ənəsdən belə dediyi rəvayət olunmuşdur: “Allahın Rəsulu içki səbəbilə on nəfəri nələtləmişdir: İstehsal edəni, istehsal etdirəni, içəni, daşıyanı, daşıtdıranı, içirəni, satanı, pulunu yeyəni, satın alanı və aldıranı…” (Tirmizi, Büyu, 59; İbn Macə, Əşribə, 6).

Mənbə:irfandergisi.com

Read Previous

Kenquru əti və ondan hazırlanan kolbasalar halaldırmı?

Read Next

Lotereya oyunları qumardırmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.