• 23 Dekabr 2024

İslamda Ticarət

islamda Ticaret

Möhtərəm müsəlmanlar, Ticarət halal və bərəkətli qazanc yollarından ən gözəlidir. Peyğəmbərimiz (səs) “bərəkətin ondadoqquzu ticarətdədir” demiş, qırx yaşınadək ticarətlə məşğul olmuş və digərlərini də bu işə təşviq etmişdir.

İslama görə, ticarət insanları bu dünyada maddi, axirətdə isə mənəvi sərvət sahibi edər. Buna görə də müsəlman tacir nəyin bahasına olursa olsun pul qazanmaq hissinə qapılmamalıdır. Şeytan hiylələrinə aldanıb insanların sadəlövhlüyüyndən yararlanmamalı, qüsurlu malını tərifləyərək necə deyərlər, “bəh-bəh” ilə satmamalıdır. Peyğəmbərimizin (səs) “Doğrusözlü və etibarlı tacir axirətdə peyğəmbərlər, sadiqlər və şəhidlərlə birlikdə olacaq”-hədisini unutmamalıdırlar.

Təəssüf ki, “halal qazanırıq” ifadəsini şüar edən, lakin hərislikdən hətta, öz yaxınlarını aldatmaqdan çəkinməyənlər halala haram qatırlar. Malı yalandan tərifləyib, eybini ört-basdır edərək istehlakçıya sıramaqları bir yana, bir-iki manatdan ötrü anda içmədikləri  müqəddəs varlıq, yer və insan qalmır. Halbuki dükanlarını Quran ayələri, hədislərlə bəzəyir, ancaq Həzrət Peyğəmbərin (səs) “Qüsurunu gizlədərək mal satan kimsə daima Allahın qəzəbi altındadır. Mələklər də həmin şəxsin Allahın rəhmətindən uzaq qalmasını diləyərlər”-hədisni xatırlamırlar, yaxud işlərinə yaramır deyə unudurlar.

    Əziz möminlər, ticarətlə məşğul olarkən möhtəkirlik bir başqa ifadəylə inhisarçılıq etməyin. O sərbəst rəqabətə mane olur və satıcıya malını istədiyi qiymətə satmaq şəraiti yaradır. Doğrudur, bu yolla tez varlanarsan, ancaq Allah dərgahına əliboş çıxarsan, yəni axirətini məhv edərsən. Çünki Həzrət Peyğəmbər (səs) buyurmuşdur: “İnsan inhisarçılıq edib, sonra topladığı malı yoxsullara və ehtiyac sahiblərinə sədəqə paylasa da, bu onların əməllərinin kəffarəsi olmaz.”[1] Həmçinin keyfiyyətsiz, insan sağlamlığına zərərli, istehlak müddəti keçmiş məhsulları bazara çıxartmayın.

 

 

Bütün bu sadaladığımız əməllər müsəlman cəmiyyətimizin inkişafına zərbədir. Bu gün alıcı aldadan, möhtəkirlik edən sabah müştəri tapmaz, müflis olar. Ancaq acı həqiqətdir ki, istehsalçının, satıcının haram və qeyri-qanuni yollara əl atmasından əziyyət çəkənlər xüsusilə də kasıblardır. Halbuki Allah-Təala bizə kasıbların cibinə girməyi deyil, onların rifahlarını yaxşılaşdırmağı, halal qazancımızdan  pay ayırmağı tövsiyə edir[2] Unutmayın ki, “(istədiyini) dövlətli də edən, kasıb da edən Odur!”[3]

    Dəyərli möminlər, ticarət yalnız alış-veriş prosesi deyil, eyni zamanda mədəniyyətdir. Hamımız bu mədəniyyətin formalaşmasında məsuliyyət daşıyırıq. “Bir şey satanda, satın alanda və ya almaq istədikdə işi rahatlaşdıran bəndəyə Allah mərhəmət etsin!”-deyən Peyğəmbərin ümməti olduğumuza baxmayaraq, ədəb qaydalarından kənara çıxılaraq müştəri ilə kobud rəftar edilir, qəlbi qırılır. Bəzən isə alıcıların məsuliyyətsiz davranışının şahidi oluruq. Nisyə mal alanda, yaxud pulumuz çatmayanda, “sonra verərəm”–deyib dükandan ayrılırıq. Ancaq vədəsi çatanda, borcumuzu ödəmirik.

Unutmayaq ki,  müsəlmançılıq yalnız səccadə üzərində deyil, bazarda da, insanlarla ünsiyyətdə də nümayiş etdirilməlidir. Müsəlmançılıq yalnız məscidlərdə qalmamalıdır. Həyatmızın hər sahəsində müsəlman olduğumuzu dərk etməliyik. Məscidin içərisində müsəlman olmaq müsəlman kimi davranmaq çox asandır. Əsas məsələ ticarətdə, iş yerlərimizdə, çətin vəziyyətlərdə, həyamızın hər sahəsində islamı yaşamaqdır. Əsl müsəlmaçılıq budur.

Allah   Rəsulu (s.ə.s.)   də   hədislərində    bizi    aldatmaqdan   və ticari yalandan belə çəkindirir:
“Bizə qarşı hiylə quran (bizi aldadan) bizdən deyildir”[4]

   Əziz müsəlmanlar, unutmamalıyıq ki, həyat qarşılıqlı dürüstlükdür: aldatmamaq və aldanmamaq lazımdır.

 2 Mart  2012 / 9  R. Axır  1433



[1] Əhməd İbn Hənbəl, “Müsnəd”

[2] Ənfal, 41.

[3] Nəcm, 48

[4] Kutubi-Sittə” 6642

Read Previous

Mövzu: Geyim-Keçim

Read Next

Mövzular: Dəstamazın Fəziləti. Faiz. Axirətə İman

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.