• 27 Dekabr 2024

İslami baxış – Dr. Anar Qurbanov “İnflayasiya durumlarında və ya devalyasiyaya məruz qalmış borc necə qaytarılmalıdır?”

manat_dollarBu günlərdə manatın devalyasiya olunması və bunun nəticəsində də insanların  məsələ ilə bağlı müzakirələri təbii olaraq geniş vüsət almışdır. Məsələnin islami-fiqhi nöqteyi-nəzərdən açıqlanmasının da  zəruri olduğunu düşünən sunna.az saytının əməkdaşları fiqh elmləri üzrə mütəxəssis, Dr. Anar Qurbanovla məsələ ilə bağlı müsahibə aparmışdır. Həmin müsahibəni siz oxucularımıza təqdim edirik:

 

Sunna.az:  Dini-fiqhi baxımdan inflyasiya və ya devalvasiyaya məruz qalan pul necə qaytarılmalıdır?

 

 

Dr. Anar Qurbanov: İlk əvvəl qeyd etmək lazımdır ki, əgər borc verilən şəxsə əvvəlcədən inflyasiyanı nəzərə alaraq zərəri də veriləcək deyə şərt qoşulubsa, inflyasiya nəticəsində əmələ gələn həmin məbləği almaq caizdir. Baxmayaraq ki, zahirən verilən borcdan daha çox alınmış kimi görsənir, lakin əslində, çox alınmış sayılmır. Çünki borc verilən günkü dəyəri alınmış olur. Ancaq əvvəlcədən belə bir şərt qoşulmayıbsa, Əbu Hənifəyə görə, yalnız borc verilən məbləğ alınmalı və ya qaytarılmalıdır.

Ancaq vurğulamaq lazımdır ki, yuxarıdakı qərarın əksinə bu məsələ ilə bağlı Hənəfi alimlərindən olan Əbu Yusifin zəmanəmizdə mühüm problemə çevrilən inflyasiya kimi reallığı işıqlandıran bir sıra rəyləri vardır. Belə ki, onun fikrincə, qıtlıq və bahalı vaxtda borc alınan bir kilo buğda, bolluq və ucuzluqda alınan bir kilo buğda olaraq qaytarılarsa, haqsızlıq olar. Ona görə də, bunun qarşısının alınması üçün başqa növlə həmin buğdanın qiyməti ödənməlidir. Belə olan təqdirdə, Əbu Yusifin qəbul etdiyi prinsipi belə izah etmək olar: “Borc götürülmüş misli (standart) malların dəyəri qiymətlər qalxar və ya aşağı düşərsə, borc götürülən günkü alıcılıq qabiliyyətinə görə ödənməlidir”. Yəni, Əbu Yusifə görə, qızıl və gümüş olmayan pullarla alış-veriş edilər və ya borc götürülərsə, əgər pulun dəyərində alıcılıq qabiliyyəti baxımından azalma və ya çoxalma olarsa, borclu alış-veriş edilən zaman və ya borcun alındığı günkü alıcılıq qabiliyyətini əsas alaraq borcunu ödəməlidir. Əks tədqirdə, haqsızlıq meydana gələr. Qızıl və gümüş olmayan pullardan götürülən borclarda qızıl və gümüşə indekslənərək ortaya çıxan “dəyər fərqi” faizin əhatəsinə daxil deyil.

Odur ki, borclar geri qaytarılarkən inflyasiya nəzərə alınaraq meydana gələn itki də üstünə qoyularaq qaytarılmalıdır. Əks təqdirdə, götürülən borc tam verilməmiş olur və haqsızlıq meydana gəlir. Lakin inflyasiyanın hesablanmasında bəzi çətinliklər olduğuna görə, borcluya qarşı haqsızlıq etməmək və aldığı borcdan daha çox ödəməsin deyə bir az aşağı hesablamaq məqsədəuyğun davranışdır.

 

Sunna.az:  İndi bu rəylərdən hansına əməl olunmalıdır? Məsələn əgər borclu çətin vəziyyətdədirsə, borcdakı itkini yenə də məcburi şəkildə almaq düzgündürmü?

 

Dr. Anar Qurbanov: Əlbəttə ki, bu kimi hallarda borclunun vəziyyəti də nəzərə alınmalıdır. Belə ki, əgər borclu borcunu asanlıqla qaytarmaq iqtidarında olarsa, inflyasiya nəzərə alınaraq itki alına bilər. Əks təqdirdə, Əbu Hənifənin rəyinə tabe olaraq fədakarlıq edilməlidir.

 

 

Sunna.az: Bəs müasir İslam hüquqşünasları bu məsələ ilə bağlı hansı fikirləri səsləndirirlər?

 

Dr. Anar Qurbanov: İslam Konfransı Təşkilatına bağlı Fiqh Akademiyasının qərarına (42 (5/4) saylı qərar) görə isə, hər hansı bir pul vahidi ilə alınmış borcların dəyəri ilə yox, misli ilə qaytarılması əsasdır. Çünki borc öz misli ilə ödənilməlidir. Məhz bu səbəbdən mənbəyindən asılı olmayaraq, öhdəlikdə olan borcların qiymət indeksinə bağlanması caiz deyil.

Ancaq müasir İslam hüquqşünaslarının əksəriyyəti bir az əvvəl qeyd etdiyim Əbu Yusifin rəyini əsas alaraq ona müvafiq fitva veririlər.

Son olaraq onu da qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsində deyilir: Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Bu maddədə ən önəmli qeyd “öhdəliyin əmələ gəldiyi vaxta uyğun” ifadəsidir. Məhz bu ifadəyə Mərkəzi Bank və ya Konstitusiya məhkəməsi şərh verməlidir. Əks təqdirdə borc verən və ya alan hər kəs öz xeyrinə olan formada şərh edəcəklər.

mənbə:

Read Previous

Zənn etməkdən çəkinin

Read Next

İslam və qadın (həftənin xütbəsi)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.