• 25 Dekabr 2024

İtiqaf nədir?

Ramazanın son on günündə gecə və gündüz bir məsciddə qalaraq ibadət etməyə itiqaf deyilir. Bu kəlməyə lüğətlərdə həbs etmək, bir yerə yerləşmək, oraya bağlanıb qalmaq mənaları verilir. Bir fiqh (İslam hüququ) termini kimi isə ibadət məqsədi ilə bir məsciddə müəyyən qaydalara riayət edib qalmağı ifadə edir. Yəni Ramazan ayında itiqafa çəkilmək müəkkəd sünnətdir [1]. Lakin itiqaf sünnəti kifayə [2] olduğu üçün bir məhəllədə bir neçə insan itiqafa girərsə başqalarının bu sünnəti yaşaması vacib deyil. İmkanı olanlar itiqafa girməlidir. İtiqafda olanlar məsciddə yeyib içir, orda da yatarlar. Sadəcə dəstəmaz almaq üçün bayıra çıxa bilərlər. On gündən az da itiqafa girmək mümkündür. Bir gün və ya bir neçə saat kimi. Əbu Hənifəyə görə içində beş vaxt namaz qılınan hər məsciddə itiqafda olmaq caizdir. İmam Malik və Əbu Hənifəyə görə itiqafın ən azı bir gündür. Əbu Yusuf ən az zamanın bir günün yarısından çoxu hesab edirsə, İmam Muhamməd itiqaf üçün bir saatı da yetərli hesab edir. Vacib olan itiqafın şərtlərini yerinə yetirməkdir. İtiqafa girənin oruclu olması vacibdir. Məhzəb imamlarımızdan yalnız İmam Şafi bunun vacib olmadığını söyləmişdir. Digər məzhəblərə görə isə oruc olmaq vacibdir.

Qadınlar məscidlərdə itiqafa çəkilməzlər. Evdə isə şərtlərə bağlı olaraq bu ibadəti edə bilərlər. Əgər məscid kimi istifadə etdiyi bir otaq varsa orda itiqafa çəkilə bilər. Yemək bişirmək, təmizlik etmək kimi ev işlərinin heç birini etməzlər. Sadəcə ibadətlə məşğul olarlar.
İmkanı olan qadınların da evdə itiqafa girməsi, unudulmuş bu sünnəti ihya (diriltməsi) etmələri məsləhətdir. Beləliklə onlar da sünnəti ihya etməyin savabına qovuşa bilərlər.

Rəsulullah Mədinəyə hicrət etdikdən sonra vəfat edənə qədər hər il Ramazan ayının axırıncı 10 günündə itiqafa çəkilmişdir. Xanımlarından da itiqafa çəkilənləri vardır. (Buxari, İtiqaf, 10)

İtiqafın şəriliyi Quran ilə də sabitdir. Bəqərə surəsinin orucla bağlı ayəsində belə deyilir: “…Məscidlərdə itiqaf halında olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hədlərdir; o hədləri aşmayın! Allah ayələrini (hökmlərini) insanlara belə izah edir ki, bəlkə, onlar müttəqi olsunlar” (Bəqərə, 187)

Yuxarıda söylədiklərimizə əsaslanaraq deyə bilərik ki, hər bir müsəlmanın Ramazan ayının son 10 günündə itiqafa çəkilməsi sünnəti-müəkkədədir. İmkanı olanlar Rəsulullahın bu gözəl sünnəsini həyata keçirsələr, böyük bir savaba nail olarlar.

[1]Rəsulullahın davamlı olaraq etdiyi və çox nadir halda tərk etdiyi işlər və ibadətlər. Buna sünnəti-huda da deyilir. Namazların sünnətləri, namazdan öncə azan və iqamə oxumaq, dəstəmaz alarkən düçləri təmizləmək mükkəd sünnətlərdəndir. (Aldulqani Nablusi)

[2]Salam vermək, itiqafa çəkilmək və dinin izin verdiyi işlərin əvvəlində “Bismillah” demək sünnəti kifayədir (Kutbuddib İzniki)

Xədicə NurƏli / azerislam.com

Read Previous

DÜNYA DÜZDÜRMÜ?

Read Next

Kaş ki, aclıq yoluxucu olsaydı