• 08 Oktyabr 2024

Kərbala faciəsi.

Möhtərəm müsəlmanlar! Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı Allah qatında çox höymətli aylardan biridir. Hz. Peyğəmbər bu ayı “Şəhrullah”, yəni “Allahın ayı” deyə adlandırmışdır. Bu ayın içində elə bir gün vardır ki, o gün Allah Təala peyğəmbərlərindən bəzilərinə müxtəlif nemətlər bəxş etmişdir. Bu günün adı Aşurədir. Bu il Dekabr ayının iyirmi yeddisinə təsadüf edən Aşurə günü Məhərrəm ayının onuncu günüdür. Bu günün fəziləti ilə əlaqədar Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan (Aşura) orucudur”[1] Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır.  Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (səs) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır.

Peyğəmbərimizi və onun mübarək əhli beytini sevən hər bir müsəlmanı bu hadisə dərindən kədərləndirməkdədir.  Hz. Hüseyn, Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Hz. Əli ilə cənnət qadınlarının anası Hz. Fatimənin övladıdır. Hz. Hüseyn, Hz. Peyğəmbərin: “Dünyanın iki çiçəyi, axitətdə də cənnətdəki uşaqların əfəndiləri”[1] dediyi iki nəvəsindən biridir. Hz. Hüseyn, Peyğəmbərimizin: “Allahım! Mən onları sevirəm, sən də onları sev!”[2] deyə dua etdiyi və  adını şəxsən qoyduğu nəvəsidir. Əziz müsəlmanlar! Əhli beyt, yəni “Ev xalqı” Hz. Peyğəmbərin ailə fərdləri deməkdir. Onlar Hz. Peyğəmbərin xoşbəxt ailəsində yetişən, Onun məhəbbətlə dolu olan könlündən feyz alan müstəsna şəxsiyyətlərdir. Onların hər biri bir ulduzdur. Uca Allah, onlar haqqında belə buyurur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər![3] Hz. Peyğəmbər də əhli-beyti, səhabələri sevməyimizi və onları özümüzə rəhbər tutmağı tövsiyə etmişdir. Bu tövsiyəni özünə rəhbər tutan müsəlmanların qəlbində əhli-beyt sevgisi kök salmış və onları birləşdirən ünsürlərdən biri olmuşdur. Əhli-beyti sevmək və onları hər zaman xeyirlə yad etmək hər  bir müsəlmanın vəzifəsi olmalıdır. Hz. Peyğəmbər (səs) belə buyurur: “Allah Təalanı sizi nemətləri ilə təmin etdiyi üçün sevin. Məni, Allahı sevdiyiniz üçün sevin. Əhli-beyt də məni sevdiyiniz üçün sevin!”[4] Əhli-beyt sevgisi o qədər mühümdür ki Hz. Peyğəmbər, namazlarımızda belə ət Təhiyyat duasından sonra oxuduğumuz Salli Barik dualarında da Ali-Muhamməd deyərək əhli-beyt üçün dua etməyimizi istəmişdir. Əziz Qardaşlar! İslam tarixinin silinməz yaddaşına həkk olan Kərbala faciəsinin səbəbkarları və bu cinayəti işləyənlərin hər biri Allahın qəzəbinə düçar olmuşdur. Onun üçün bu gün bizlərə yaraşan qardaşlıq havası içində bu cinayəti törədənləri qınamaq, Kərbala faciəsi haqqında kitablar oxuyaraq Hz. Hüseyni yad etmək, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün Uca Allaha dua etmək və bu hadisədən ibrət almaqdır. Sinə döymək, qan çıxartmaq vs. kimi insana əziyyət verən davranışlar dinimizə görə heç də doğru deyildir. Hz. Hüseyn şəhid edilməsindən bir müddət əvvəl, öz sevimli bacısı seyyidə Hz. Zeynəbə onun ölümü uzərinə bu cür matəm saxlamamsı üçün nəsihət edərək belə demişdir: “Mənim əziz bacım! Sənə and verirəm (Allaha), mən ölsəm paltarlarını yırtma,  üzünü-gözünü cırma,   mənə görə kiməsə lənət oxuma, öz ölümünü istəmə!”[5]   Necə ki Hz. Peyğəmbər (səs) belə buyurmuşdur: “(ölən adamın arxasınca) özünü döyən, sinə paltarını cıran bizdən deyildir.”[6] Hz. Hüseynin qarşısında iki yol var idi: zillətlə yaşamaq, şərəflə ölmək! Hz. Hüseyn ikincisini üstün tutdu. Döyüşə girdi, dostları, qohum-əqrabası və altı aylıq südəmər körpəsi ilə birlikdə şəhid oldu.  O bu qərarı verməklə islamın təhrif olunmasının qarşısını aldı. Bəzilərinin düşündüyü kimi O bu mübarizəni hakimiyyət uğrunda aparmırdı. O islamı yaşatmaq üçün bu mübarizəni apardı və şəhidliyi seçdi. O, mübarək babasının Hz. Muhammədin yolunu davam etdirmək üçün bu mücadiləni apardı və haqqın rəhmətinə qovuşdu. O, bu tarixi savaşı yenilməz iradəsi ilə sanki bütün insanlara demək istəyirdi ki, İslamı təhrif etmək istəyən qüvvələr var, onlara boyun əyməyin izzət-nəfsinizi qoruyun, şərəflə yaşayın. Əziz müsəlmanlar! Hər bir müsəlman Hz. Hüseyni və   Hz. Həsəni sevməlidir. Hz. Peyğəmbərin (səs) digər əhli-beytini sevməlidir. Hz. Peyğəmbəri, onun əhli-beytini və əshabını sevmənin ən böyük sübuti isə onların yolundan getmək, onlar kimi   Quran və Sünnəyə uyğun bir həyat yaşamağa çalışmaqdır. Hz. Hüseyni sevmək, ildə bir dəfə Aşurədən aşurəyə məscidə getmək, şəbih məclislərində iştirak etməkdən ibarət deyildir. Hz. Hüseyni sevən insan Hz. Əlinin və övladlarının həyat fəlsəfəsini incələməlidir. Hz. Hüseynin nə üçün şəhidliyi seçdiyini anlamalıdır. Kərbala faciəsinin çölünü görməkdən qurtulub, içinə nüfuz etməli və mahiyyətini dərk etməyə çalışmalıdır. O zaman görəcəkdir ki, Hz. Hüseyn bambaşqa bir insandır. O, babasına atasına layiq bir övlad olub və həyat mücadiləsini də bu şərəfi qorumağa həsr edibdir.

Xütbəmə bir ayə ilə son verirəm. “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın![7] 

25. Dekabr. 2009.

Müşfiq Xəlilov.


[1] Buxari, Mənaqib, 22.

[2] Tirmizi Mənaqib, 31.

[3] əl-Əhzab, 33.

[4] Tirmizi, Mənaqib, 3, 3789.

[5] əl-Kamil, İbn Kəsir IV.

[6] Buxari, əl-Cənaiz, 1294.

[7] Ali-İmran, 3, 103.


[1] Müslim, Siyam 202, 203. Əbu Davud, Savm 56.

Read Previous

Borc

Read Next

Yalan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.