• 10 Dekabr 2024

KASIB ATANIN “VARLI QIZLARI”

45-161Qış fəslinin soyuqları özünü göstərsə də o, metronun sonuncu dayanacağında qatara minərkən alnından muncuq-muncuq axan təri silirdi. İlk olaraq təng-nəfəs halda vaqondakı boş yerləri bir-bir nəzərdən keçirdi: -Solğun cöhrəsində yorğunluğun izləri hiss olunurdu. İlk baxışdan yaşının qırxdan bir az çox olduğunu demək olardı.

    Ayağındakı ayaqqabının cındırı çıxmış, yamaqlı şalvarındakı qırışlar isə əlində tutduğu torbayla eyni taleyi yaşadığından xəbər verirdi. – Ayaq üstə çox dayanmadan boş yerlərin bir ucunda oturub, yanında iki nəfərlik yer hazırladı. Elə bu zaman 14-15 yaşlarında iki qız uşağı gəlib səssizcə onun yanında oturdu.  İlk baxışdan bu qızların həmin kişinin övladları olduğuna inanmaq qeyri-mümkün idi. Nə  kişinin üzərində görünən kasıblıq cizgilərindən onların üzərində bir əsər-əlamət var idi, nə də atalarına qarşı az da olsa hörmət. Hərəsinin əlində son zamanlar qiymətləri kifayət qədər baha və qiyməti qədər böyük olan son model telefon və üzərlərindəki maraqlı geyimlər ətrafdakılarda fərqli təəssürat yaradırdı. Ataları tərəfindən onlar üçün ayrılmış boş yerlərdə oturar-oturmaz hər ikisi əllərindəki telefonlara qüvvət verdilər.  Ata isə gözünün ucuyla qızlarının əlindəki telefonlara və onların oynadıqları oyunlara baxıb fikirli-fikirli başını yelləyirdi. Onlara səslənib nə isə demək istəsə də, qızlar onun üzünə belə baxmırdılar. Sankı atalarının görkəmindən utanırdılar.

Bu, xırda bir proloqdur. Həcmi kiçik olmasına baxmayaraq mənası böyük və hər birimizin hər gün qarşılaşdığımız bir mənzərədir. Bəli, insanların diqqətini çəkmək üçün artıq başqa yollara və yöntəmlərə əl atılır. Bahalı maşınlar, bahalı maşın nömrələri, bahalı telefonlar və bahalı telefon nömrələri. Elə qonşudan geri qalmayım düşüncəsi də  bununla paralel inkişaf edir. Günü-gündən borc bataqlığına düşənlərin sayı artmaqada davam edir, əldə olanlar gedir və əldə qalanlar başqasının malına çevrilir.  Bir gün qapıya gələn borc sahiblərinin də nə qəlbində iman, nə də vicdanında insaf olur. Qapında-bacanda sənin üçün dəyərli nə varsa alıb, tarix boyu qulaqların eşitmədiyi təhqiramiz ifadələri ömrün boyu yemədiyin sillə kimi üzünə çırparaq qəzəbli baxışlarla tərk edir səni. Bununla sadəcə evinin dirəkləri deyil, həm də ailə üzvlərinin də sənə olan hörmət və izzəti bir anda sarsılıb yalqız başına yıxılır. Bəlkə də bütün bu olanlara layiq olduğuna daxili aləmində bir haqq qazandırıb, özünün günahkar olduğunu qəbul edirsən, amma, başqalarıyla danışanda bütün olanları zəmanənin günahı kimi irəli sürürsən. Bəlkə də metrodakı atadan da bu mənzərənin səbəbi soruşulsa o da hardasa özünə haqq qazandırmağa çalışar. Ata olduğunu, övladlarının heç kimdən əskik olmamasını istədiyi üçün öz canından əsirgədiyini, qızlarına artıqlamasıyla ərməğan etdiyini dilə gətirər. Bu, danılmazdır. Müəyyən bir yaşdan sonra valideynlər sadəcə öz övladları üçün yaşamağa başlayırlar. Amma bəzən bu ifrat dərəcədə olan sevgi öz başlarına bəlaya çevrilir. Valideynini görəndə utanan bir cəmiyyət formalaşır. Atasının görkəmindən utanan metrodakı qızlar kimi. Bəlkə də, o qızlar atalarını o vəziyyətə saldıqlarına görə özlərindən utanmalıdırlar! Amma belə olmur, çünki onlar sadəcə özlərini düşünür və necə olursa-olsun vaideynin onlara hər şeyin ən yaxşısını verməyə borclu olduğunu düşünür, “ver yeyim, ört yatım” prinsipi ilə yaşayırlar. Nəticə isə göz qabağındadır. Övladları üçün boğazlarına qədər borc bataqlığında batan valideynlər və heç bunun fərqində belə olmayan varlı görkəmində kasıb düşüncəli övladlar.

Bu da xırda bir epiloq: Ey əziz gənclər! Əgər insanlar bizimlə maraqlanmırsa, bizə əhəmiyyət vermirsə, bu, dünyanın sonu demək deyil. Bahalı telefonlar, brend paltarlar bizi maraqlı göstərsə də, ən maraqlısı sənin valideynlərinə maraq göstərməyindir. Sadəcə özümüzü düşünərək valideynlərin yaxasından yapışıb bizim üçün hər şey etmələrini istəməyə də bilərik. Hələ gec deyil, sən hələ daha çox nailiyyət əldə edib, bütün baxışları və nəzərləri öz üzərinə çəkə bilərsən. Amma, sən bunu etmək istəmirsən. Hamı necə, sən də elə etmək istəyirsən. Bu da nəticədə səni gülünc vəziyyətə gətirib çıxardır. Uzun sözün qısası, sən özün olmaq istəmirsən.

Sən o zaman varlı insansan ki, sənin istək və tələbinlə ağzından, burnundan kəsib kəllə çarxa çıxmış kredit şərtləri ilə ən bahalı telefonu səninçün təmin edib, gecə-gündüz banklara veriləcək borcların fikir-zikrilə səhərə qədər yata bilməyən valideynlərinin ah-nalələri səni narahat edir.

MƏNBƏ:

İRFAN JURNALI

Read Previous

İSLAM DİNİNDƏ ZİNANIN QARŞISININ ALINMASI ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR

Read Next

Məhəmməd Mürsi edamla üz-üzə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.