• 22 Dekabr 2024

Küsməyək

Hz. Peyğambərimiz (s.ə.s) belə buyurmuşdur:

Möminlər hər parçası bir-birinə birləşdirilmiş bina kimi bir-birinə bağlı olmalıdır.[1]

Çünki onlar bir-birilərini sevməkdə, şəfqət göstərməkdə və bir-birini qorumaqda bir vücuda bənzəyirlər.[2]

Şeytan müsəlmanların özünə sitayiş etməyindən ümidini kəsmişdir. Lakin onları bir-biri ilə düşmən etməkdən ümidini kəsməmişdir. Bu səbəblə də, həmişə onları bir-birinə düşmən etməyə çalışacaqdır.[3]

Müsəlmanlar şeytanın tələsinə düşməməli, bir-birilərindən küsməməli, küsənlər belə üç gündən artıq küsülü durmamalıdırlar.

Bir-biriləri ilə qarşılaşdıqda biri bir tərəfə, digəri də başqa tərəfə dönməməlidir, çünki küsülü olanların ən xeyirlisi qarşısındakına birinci salam verəndir.[4]

Küsülu olan iki şəxs qarşılaşdıqda biri salam verər, digəri də alarsa, salam verən də, alan da savab qazanar. Özünə salam verilən kimsə salamı almazsa, küsülü olmağın günahını yüklənməyə davam edər. Salam verən isə məsuliyyətdən qurtular.[5]

Bazar ertəsi və dördüncü gün qulların etdiyi işlər Allah-Təalaya ərz edilər. Din qardaşı ilə arasında düşmənlik edən şəxs xaricində Allaha şərik qoşmayan hər qulun günahı bağışlanar. Mələklərə : ” Bu iki şəxsin əfv işlərini bir-biriləri ilə barışana qədər təxirə salın”. -deyə tənbeh edilər.[6]

Küsülülüyün əsas səbəblərindən biri üçüncü şəxsin arada söz gəzdirib dedi-qodu etməsidir.

Allah-Təala dedi-qodu edən, söz daşıyan kimsələrə uyub onların ardınca getməyi qadağan etmişdir.[7]

İnsanlar arasında söz daşıyanlar qəbirdə əzab görəcəklər.[8] ən pisi də budur ki, cənnətə girə bilməyəcəklər.[9]

Bu günün var olan sabahında həyatda olacağımız bəlli deyil.Qəlb qırmayaq, küsülü qalmayaq. Küsmək üçün bəhanələr əvəzinə barışmaq üçün səbəblər axtaraq.


[1] Müslim,Birr,65.

[2] Buxari,Ədəb,27.

[3] Tirmizi,Birr,35.

[4] Əbu Davud,Ədəb,47.

[5] Əbu Davud,Ədəb,47.

[6] Müslim,Birr,35-36.

[7] Qələm,68/11

[8] Buxari,Vudu,55-56.

[9] Müslim,İman,168-169.

Read Previous

Ərəb dili dərsləri – altıncı dərs

Read Next

Artıq çox gecdir