Dünyanın ilk və hələlik yeganə müsəlman sosial şəbəkəsi “Salamworld” mart ayında sınaq yayımına start verəcək.
“Media forum”un məlumatına görə, şəbəkənin İdarə Heyətinin sədri Nədim Qaya (əvvəllər Azərbaycandakı “Gəncliyə Yardım Fondu”nun prezidenti olub) olduğu bildirilir.
Nədim Qaya başlıca hədəflərinin 5 il ərzində şəbəkəyə 50 milyon istifadəçi cəlb etmək olduğunu deyib.
“Salamworld” sosial şəbəkəsinin “Facebook”a alternativ olmadığını vurğulayan şəbəkə rəsmisi qeyd edib ki, bu platforma daha çox “internet məscid” xarakteri daşıyır:
“Biz bu şəbəkədə uşaqların oyun oynamasını, qadınların yemək reseptlərinə baxmasını, gənclərin idman xəbərləri ilə tanış olmasını istəyirik. Başqa sözlə, biz müsəlmana yaraşan internet mühitinin formalaşdırılması üçün çalışırıq”.
Bir çox dildə hazırlanan “Salamworld” şəbəkəsində əxlaqa zidd foto və videoların, eləcə də qumar oyunlarının reklamı və yerləşdirilməsi qadağandır.
Bu şəbəkənin yaradılması haqqında xəbər 2011-ci ilin sonlarında yayılıb. Qurumun mərkəzi ofisi İstanbulda yerləşəcək, sayt Hindistanın Haydarabad vilayətində yerləşən serverdən idarə olunacaq.
Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-York, Paris, Kuala-Lumpur kimi şəhərlərdə “Salamworld.com”un müxbir məntəqələri yaradılacaq.
İlk mərhələdə şəbəkə türk, ərəb, fars, rus, ingilis, fransız dillərində fəaliyyət göstərəcək, daha sonra Azərbaycan, qazax, özbək, malay, urdu, çin, benqal, puştu və digər dillərə də tərcümə olunacaq.