• 23 Dekabr 2024

Namazın Əhəmiyyəti.

Əziz müsəlmanlar, Bu gün ki, xütbəmizin mövzusu beş vaxt namazın əhəmiyyəti haqqında olacaqdır. Namaz mövzüsu o qədər mühim bir mövzudur ki, bu barədə nə qədər bəhs etsəkdə yenə də azdır. Namaz İslamın ən mühüm əlamətidir. Namaz Peyğəmbərimizin (səs) “gözümün nuru” deyə ifadə etdiyi bir ibadətdir. Namaz dinin dirəyidir.

Namaz elə bir ibadətdir ki, Hz. Peyğəmbər (səs) heç bir zaman onda güzəştə getməmişdir. Yeni müsəlman olanlardan namaz barəsində həvəssiz olanlara icazə verməmiş və namazsız bir dinin olmayacağını ifadə etmişdir. Bununla bağlı aşağıdakı bu rəvayət diqqətimizi cəlb edir: Sakif heyəti onlardan (zəkatın bir növü olan) öşür alınmamasını, cihada çağırılmamalarını və namazın onlara fərz qılınmamasını Allah Rəsulunun qarşısında şərt qoymuşdular. Buna cavab olaraq Allah Rəsulu (səs) belə buyurdu: “Sizdən öşür alınmasın, cihada da çağrılmayın. Amma rükusuz (namazsız) bir dində xeyir yoxdur.”[1]

Hz. Peyğəmbər (səs) namaza o qədər əhəmiyyət vermişdir ki, vəfat edərkən belə ümmətinə namaza riayət etmələrini əmr etmişdir.

Ümmü Sələmə (r.anhə) anamız belə deyir: Rəsulullahın (səs) son vəsiyyətlərindən  biri də bu oldu:

“Amandı, namaza diqqət edin! Amandı, namaza diqqət edin! Əmriniz altındakı insanların haqlarına riayət edin!”

Hz. Peyğəmbər (səs) bu sözü o qədər təkrarladı ki, mübarək dili söyləyə bilməyəcək hala düşdüyündən bunları ürəyində təkrarlamağa başladı.[2]

Namazın əhəmiyyətindən bəhs edən bir çox ayələrdə vardır. Onlardan bəziləri bunlardır: “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”[3]

“Əhlinə (ailənə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et”[4]

Uca Rəbbimiz namazın tələbkarlıqla mühafizə edilməsini və heç tənbəllik, səhlənkarlıq göstərilmədən davamlı bir şəkildə yerinə yetirilməsini tələb edir.[5] Namaza qarşı laqeyd davranan bəndələrini isə məzəmmət edərək çox acı bir əzaba düçar olacaqlarını  belə xəbər verir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar)”[6]

Təfsir alimlərindən olan Almalılı, bu ayənin təfsirində belə deyir:

Onlar namazın əhəmiyyətindən bixəbər olub, onu lazımi ciddiyətdə bir vəzifə kimi yerinə yetirməzlər.

-Qılıb-qılıbmadıqlarına fikir verməzlər.

-Vaxtına diqqət etməzlər, vaxtın keçib-keçmədiyinə fikir vermədən təxirə salarlar.

-Namazı tərk edəndə bu, onlara təsir etməz.

-Qılanda da Allah üçün təmiz niyyətlə qılmayıb dünyəvi məqsədlər üçün qılarlar. Hamının yanında qıldıqları halda, tək olanda qılmazlar, qılanda da Haqqın hüzurunda durmuş kimi xüşü və təzimlə deyil, yalmız oturub-durmadan ibarət bir riyakarlıqla qılarlar.”[7]

Möhtərəm möminlər, gəlin bir düşünək bu şəkildə də olsa namaz qılana “Vay halına!” deyən Uca Rəbbimiz, görəsən qılmayana nə deyər?!

Digər bir ayədə isə belə buyurulur: “Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; . Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”. [8]

Burada cəhənnəmə düşən insanların etiraf etdiyi ilk günah namazı tərk etmələri olmuşdur. Sonra digər günahlar gəlir. Bu diqqət edilməsi vacib olan mühüm bir xüsusiyyətdir.

Əbu-Dərda (r.a.) nəql edir: Canımdan çox sevdiyim Rəsulullah (səs) mənə belə tövsiyə etdi: “Parça-parça edilsən də, odda yansan da, əsla heç bir şeyi Allaha şərik qoşma! Heç bir fərz namazını da qəsdən tərk ermə! Kim namazı qəsdən tərk edərsə, həmin adam Allah təalanın himayəsindən, hifz və əmanından uzaq qalar.”[9]

Bu hədisdə Rəsulullah (səs) namazı bilə-bilə tərk edənlərin Allahın himayəsindən çıxacağı bildirir. Beləki, bu dünyada təhlükələrlə üz-üzə qaldıqları kimi, axirətdə də amansız cəzalara məhkum olarlar. Onların axirətdəki acı aqibətlərini isə Rəsulullah (səs) belə təsvir edir:

“Bu gecə yuxumda iki mələk gələrək məni qaldırdılar və “dur gedirik”-dedilər. Mən də onlarla birlikdə getdim. Yanı üstə yatan bir adamın yanına çatdıq. Başqa biri də əlində yekə bir daşla onun başı üstündə dururdu. Daşı yatan adamın başına vurub əzir, daş bir tərəfə yuvarlanan kimi ardınca gedir və daşı götürüb gəlirdi. O gələnə qədər də o birinin başı sağalaraq əvvəlki vəziyyətinə çevrilirdi. Həmin adam əvvəlcə etdiyini təkrarlayaraq yerdə uzananın başını hər dəfə əzirdi. Yanımdakı iki mələkdən: “-Subhanəllah, bunların halı nədir?” –deyə soruşdum. “Anladıq.”-dedilər:

“-Başı daşla əzilən adam var ha, bax o, Quranı öyrəndiyi halda onu tərk edən və yatıb qalaraq fərz namazının vaxtını keçirəndir…”[10]

Quran oxuyaraq onunla əməl etmə xüsusuna səhlənkar dav-ranan və namaza qalxmaq üçün heç bir vasitəyə əl atmadan yuxuya məğlub olaraq gecə və sübh namazlarının vaxtını keçirənlərin axirətdə görəcəyi çətin əzab Peyğəmbərimizə yuxusundan göstərilmiş, o da mərhəmətlə üzərində titrədiyi ümmətini xəbərdar etmişdir. Heç şüphəsiz ki, peyğəmbərin röyası haqdır və sadiq yuxudur. Bu səbədən onun yuxuya istinad edərək anlatdığı şeylər də eyni ilə qəbul edilməlidir.

Namaz qıldığı halda səhlənkar davrananların halı belə olarsa bir düşünün görək, heç qılmayanların halı necə olacaq?!

Əshabələr də namaza çox əhəmiyyət vermişdir. Misvər bin Məhrəmə (r.a.) belə nəql edir: “(Xəncərləndiyi zaman) Ömər bin Xəttabın yanına getdim. Üstünə bir örtük örtmüşdülər, huşunu itirmiş halda uzanmışdı. Yanındakılardan: “-Vəziyyəti necədir?”-deyə soruşdum. “-Gördüyün kimi…”-dedilər. “Namaza çağırın! Onu namazdan başqa heç bir şeylə qorxudub oyandıra bilməzsiniz!”-dedim. Bunun müqabilində: “-Ey möminlərin əmiri, namaz!”-dedilər. Hz. Ömər (r.a.) dərhal: “-Bəli, vallah, namazı tərk edənin İslamdan nəsibi yoxdur.”-deyərək ayağa qalxdı və yarasından qan axa-axa namazını qıldı.”[11] Müşfiq Xəlilov.


[1] Əbu Davud, Xərac, 25-26.

[2] Əhməd, VI, 290, 315. Əbu Davud, Ədəb, 123-124, 5156.

[3] Bəqərə, 43.

[4] Taha, 132.

[5] Məaric, 23, 34.

[6] Maun, 4-5.

[7] Haqq Dini Quran Dili, IX, 6168.

[8] Müddəssir, 39-47.

[9] İbn Macə, Fitən, 23.

[10] Buxari, Tabir, 48; Cənaiz, 93.

[11] Heysəmi, I, 295. Muvatta, Təharət, 51.

Read Previous

Həcc.

Read Next

Yemək ədəbi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.