• 03 Noyabr 2024

Namazın ilk rükətlərində Fatihənin əvvəlindəki “Bismilləhir-rahmənir-rahim”i səssiz və səsli oxumaq haqda

Fatihə surəsinin 1-ci ayəsi Bismillahirrəhmanirrahim olduğu halda nəyə görə biz namazda 2-ci ayədən yəni Əlhəmdululilləhi rabil aləmin ayəsini oxumaqla başlayırıq və ya 1-ci ayəni səssiz (ürəyimizdə) 2-ci ayəni isə ucadan oxumaqla başlayırıq. Və bunu 2-ci, 3-cü və 4-cü rükətlərdə də belə edirik. Xahiş edirəm imkan daxilində tez cavablandırasınız. İmkan varsa bu barədə heç olmasa bir hədis və ya bir əsas gətirəsiniz. Allah cümlənizdən razı olsun. Assalamu aleykum və Rahmətullahi və bərakatuh.

Və aleykumus salamu və rahmətullahi və bərakətuh! Namazlarda Fatihə surəsini oxuyarkən əvvəl bismilləhir-rahmənir-rahim”in açıq və gizli  oxunması barədə hər iki yöndə rəvayət vardır. Belə ki, Allah rəsulunun həm bismilləhi açıq oxuduğu , həm də gizli oxuduğu səhihdir.
Bu səbəbdən alimlər bu məsələdə fərqli tərcihləri olmuşdur.
Naim əl Mücəmmir rəvayət edir ki, Əbu Hureyrənin arxasında namaz qıldım. Əvvəlcə “Bismilləhir-rahmənir-rahim”i oxudu, sonra fatihəni oxudu.” Bu hədisin davamı da vardır. Hədisin sonunda Əbu Hureyrə belə deyir: “Nəfsim əlində olan Allaha and olsun ki, içinizdə Rəsulullahın namazına ən çox bənzəyən namaz mənimkidir” (Nəsəi, İbn Huzeymə, İbn Hibban). İbn Həcər “Fəthul-bari” adlı əsərində bu hədisin bismillahın səsli oxunması barədə ən səhih dəlil olduğunu bildirir.  Eyni zamanda İmam Şafii də “Bismilləhi” Fatihənin bir ayəti olaraq qəbul etmiş və onun namazda səsli oxunması görüşündə olmuşdur. Vəhbə Zuheyli Darəqutnidən bu hədisi də rəvayət edir: “Əlhəmdulilləhi oxuduğunuz zaman onun ayətlərindən biri olan “Bismilləhir-rahmənir-rahim”i də oxuyun”  Ümumiyyətlə bu barədə bir çox səhih rəvayətlər vardır. Bütün bunlar namazın ilk rükətlərində fatihənin səsli oxunmasına dəlillərdir.
Namazın ilk rükətlərində fatihənin səssiz oxunmasına gəlincə bu barədə də kifayət qədər səhih dəlillər vardır. Hz Ənəs rəvayət edir ki, “Hz. Peyğəmbər, hz. Əbu Bəkr və hz Ömər ilə bərabər namaz qıldım. Bunlardan heç birinin qiraətdə “Bismilləhir-rahmənir-rahimi”i oxuduqlarını görmədim” (Müslim) Eyni zamanda professor Vəhbə Zuhayli “Fiqühul-İslami və Ədillətuhu” əsərində İbn  Əbu Şeybənin İbrahim Nəhayidən İbn Məsudun belə dediyini nəql edir “Dörd şeyi imam səssiz edər: “Əuzubilləh, Bismilləh, amin demək və təhmid (yəni səmiallahu limən həmidə” demək)”
Göründüyü kimi Allah Rəsulunun bismilləhi həm gizli, həm də açıq oxuması barədə dəlillər vardır. İbn Qayyim hər iki dəlilləri birləşdirərək Allah Rəsulunun bəzən səsli bəzən də ürəyində oxuduğu qənaətinə gəlmişdir. Ancaq Allah Rəsulunun gizli oxumasının daha çox olduğunu qeyd etmiş və davamlı olaraq açıq oxumadığını qeyd etmişdir. Xəlifələri və əshabının əksərinə də peyğəmbər bismillahı səssiz oxumuşdur – deyə İbn Qayyim deyir. (Bu məlumatı Seyyid Sabiq “Fiqhus-sünnə” əsərində qeyd edir)

Read Previous

İsra surəsi 64 – cü ayə və musiqi

Read Next

İSRAF VƏ QƏNAƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.