• 22 Dekabr 2024

Övladlıq götürmək

Övladı olmayan bir ailə üçün təvəkkül anlayışı ilə hər cür vasitələrin təcrübəsindən sonra qədərə təslimiyyət baxımından ilahi rizaya boyun əyməsi imandandır. Unutmamaq lazımdır ki, Quran ifadəsi ilə uca Allah deyir:

“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.”[1]

Ona görə haqqımızda nəyin xeyirli olacağını yalnız uca Allah bilir. Elə məqam ola bilər ki, insan onun üçün “kaş heç olmasaydı” deyə bilər.

Hər halda müsəlman bir ailənin övladlıq götürməsi şərtli olaraq caizdir. Belə ki, uşağın soyunun öz ata-anasına bağlanması və ağlı çatan yaşlarında da bunun ona söylənməsi şərtdir. Başqasının uşağını ailəsindən bir dəfəlik aparmaq, onlara göstərməmək və özünə bağlayaraq öz övladı imiş kimi hər şeyi ondan gizləmək haramdır. Ancaq razılıq əsasında övladlıq götürmək, ehtiyacı olanı himayə edərək böyütmək və ya yetim və yoxsul götürərək əlindən tutmaq kimi hallarda da yuxarıdakı şərtlər daxilində caizdir. Uca Allah buyurur:

“Onları (əsil-nəsibləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”[2]

Bir digər cəhətdən övladlıq götürülmüş uşaq əgər yaxın qohum deyilsə həddi-büluğ yaşına gələndə təsəttür və naməhrəmlik halları doğacağı unudulmamalıdır. Ona görə də övladlıq götürən ana-atanın qız uşağı götürərkən ata üçün, oğlan uşağı götürəndə ana üçün məhrəm olacaq qohumluq əlaqəsinin olması daha məqsədə uyğundur.


[1] Bəqərə, 2/216.

[2] Əhzab, 33/5

Read Previous

FRANSADA AVROPANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLİR

Read Next

BU ÖLKƏDƏ BAYRAM NAMAZI AÇIQ HAVADA QILINACAQ