• 26 Dekabr 2024

Qərblilər Həzrəti Məhəmməd haqqında

bati-Hazreti-muhammed Qərbdə olduqca qeyri-səmimi və fanatik mütəfəkkirlərlə yanaşı, insaflı elm xadimləri də mövcuddur. Onların arasında İslam dinini və onun şərəfli elçisinin həyatını öyrəndikdən sonra haqqı ifadə etməkdən çəkinməyənlər az deyildir. Budəfəki məqaləmizdə sözügedən alim və mütəfəkkirlərin, eləcə də siyasətçilərin bəzilərinin islam peyğəmbəri haqda fikirlərini qələmə almışıq.

Maykl Hart (Kornell universiteti, ədib, hüquqşünas, fizik, Amerika Astronomiya Assosiasiyasının üzvü) – Hart dünyanın ən nüfuzlu yüz nəfəri ilə bağlı qələmə aldığı məqaləsində siyahının ilk pilləsinə Həzrəti Məhəmmədi yerləşdirir. Hartın tərtib etdiyi siyahıda Həzrəti İsa üçüncü, Həzrəti Musa isə on beşinci pillədədir. Əlli ikinci sıraya II Raşidi xəlifə Həzrəti Öməri yerləşdirən Hartın siyahısına ilk pillə istisna olmaqla etiraz edilə bilər. Təbii ki, peyğəmbərlər siyahının ilk pillələrində qərarlaşmalı idi.

Alim islam peyğəmbərini ilk sıraya yerləşdirməsini Həzrəti Məhəmmədin 632-ci ildə vəfat etdiyi vaxt artıq ona nazil olan vəhylə İslamı Cənubi Ərəbistanda bərqərar etməsi ilə əsaslandırır. Onun fikrincə, Həzrəti Məhəmmədin siyahıda Həzrəti İsadan daha üst sıralarda yer alması qanunauyğunluqdur. Belə ki, İncilin “müəllif”i Həzrəti İsa deyil, Müqəddəs Pavel olmuşdur.

Harta görə, xristian teologiyasını formalaşdırıb təkmilləşdirən məhz Müqəddəs Paveldir. Hart kitabında islam peyğəmbərinin həyat tarixçəsini qələmə aldıqdan sonra aşağıdakıları qeyd edir:

“Dini və siyasi nüfuzun möhtəşəm harmoniyasından dolayı Həzrəti Məhəmməd bəşəriyyət tarixinin ən nüfuzlu şəxsiyyəti hesab olunmaq hüququ qazanmışdır.

Tomas Karlayl – “Qəhrəmanlar” əsərinin müəllifi konfranslardan birində xristianlar qarşısında çıxış edərkən Həzrəti Məhəmməd haqqında aşağıdakı fikirləri bildirmişdir:

“Düşünürəm ki, Məhəmməd həqiqi peyğəmbərdir. Digər tərəfdən, aramızdan heç kimin İslamı qəbul etmə təhlükəsi mövcud olmadığına görə onun bütün müsbət cəhətlərini açıq ifadə etmək istəyirəm. Onun sirrinə vaqif olmaq yalnız bu yolla mümkündür. Hazırda 180 milyon insan 1200 ildir ki, özünə rəhbər kimi məhz onu seçmişdir. Onun haqqında necə pis şeylər düşünə bilərsiniz? Xeyr, mən bununla razılaşa bilmərəm. O (Həzrəti Məhəmməd), yalançı, zavallı və intriqa arxasınca gedən bir insan deyildir. İnsanlara çatdırdığı mesaj, vəhy həqiqi, real idi. O səmimi olmaq üçün yaradılmışdı”…

Çıxışında uzun-uzadı Peyğəmbərin məziyyətlərini qeyd edən Tomas Karlil nitqini bu cümlələrlə bitirir: “O, Delhidən Qranadayadək göyləri sevgisi ilə birləşdirdi. Bu parlaq qara gözlü, cəmiyyətin dərdini çəkən müqəddəs ruhlu səhra övladında şəxsi ambisiya yox idi. Böyük şəxsiyyət daim göydən enən bir şimşəkdir. Bütün insanlar onu yandırılmağa hazır şeylər kimi gözləyirlər. Və o gəlincə birlikdə alışırlar” (Qəhrəmanlar, Tomas Karlayl. Ağ Balina, 2000).

Karen Armstronq – (Katolik rahibə, Yəhudilik üzrə tədqiqatçı). Amrstronq islam peyğəmbərinin 632-ci ildə vəfat etdiyi zaman artıq Ərəbistan yarımadasındakı bütün qəbilələrin yeni dini qəbul etdiyini vurğulayırdı. Məqaləsində İslamın geyinməyi əmr etdiyi hicabın qadınları təhqir etmək üçün deyil, əksinə ucaltmaq, ona layiq olduğu dəyəri vermək üçün bir buyruq olduğunu qeyd edən tədqiqatçı Peyğəmbərin təliminin və fəaliyyətinin bir növ Qərb imperialistlərinə qarşı olduğunu bildirirdi. Armstronq yazırdı: “O, yalnız yaşadığı cəmiyyəti deyil, həm də bütün bəşər tarixini islah etməyi, ədalətli cəmiyyət formalaşdırmağı qarşısına məqsəd qoymuşdu. O buna nail oldu”.

Rahibə Peyğəmbərin insani keyfiyyətlərini də vurğulayaraq, Həzrəti Məhəmmədin uşaqlarla şəfqətlə, mərhəmətlə davrandığını, azyaşlıların da onu çox istədiklərini bildirir: “Hər dəfə şəhərə yollandıqda uşaqlar onu böyük sevinclə qucaqlayardılar. O, dünya tarixini dəyişdirmiş zəkalı, xarizmatik bir lider idi (Karen Armstronq, İslam Peyğəmbərinin Həyatı, Həzrəti Məhəmməd, Koridor, 2005).

Anna Mariya Delkambr (hüquqşünas, İslam Ensiklopediyasının “Hüquq” maddəsinin müəlliflərindən, mütəfəkkir). O, Həzrəti Məhəmməddən belə bəhs edir: “Xristian Avropası islam peyğəmbəri haqqında doğru olmayan görüşə sahibdir. Qərb bu məsələyə araşdırmadan haqsız fikir yürütmə ilə yanaşır. Qərbdə Həzrəti Məhəmməd haqqında lüğət və ya ensiklopediya müəllifləri müxtəlif səbəblərdən dolayı ona mənasız və əsassız düşmənlik bəsləyirlər.

Maksim Rodinson (XX əsrin əvvəllərində Fransa Kommunist Partiyasının üzvü, marksist yazıçı, Livan-Suriya məsələsinə dair elmi tədqiqatçı) məqalələrindən birində aşağıdakı sətirləri qələmə alır:

“Müasir müsəlmanlar üçün Həzrəti Məhəmməd onlara ədalətli, dürüst və xeyirxah olmalarını buyuran şəxsiyyətdir. Məhəmməd peyğəmbəri tanıyanlar ona böyük sevgi ilə bağlı idilər. Hətta şərqşünaslardan Edvard Leyn bir gün Qahirə bazarında ikən bir nargilə qabı görür, qabın gözəlliyinə valeh olur. Dulusçudan belə bir gözəl əl işinin üstünə öz adını yazmadığını soruşduqda: “Mənim adım Əhməddir (Həzrəti Məhəmmədin adlarından biri). Bu adı atəşə necə verə bilərəm?” – cavabını eşidir. Bu, möhtəşəm bir sevgidir. Höte ona həsr etdiyi şerində Həzrəti Məhəmmədi dahi elan edir. Xristianlar isə ona hücumlarını davam etdirsinlər”.

Professor H.Mons: “Həzrəti Məhəmmədini hər bir sözü ecazkardır”.

Aleksi Lovazon: “O, Allah tərəfindən göndərilən haqq üzrə olan peyğəmbərdir”.

C`la Fayt: “Ey şanlı ərəb! Sənə eşq olsun… Sən əsl ədaləti tapmışsan”.

Reymons Leronc: “XIV əsr keçməsinə baxmayaraq, Həzrəti Məhəmməd dövrümüzün yeganə rəhbəri, doğru yolu göstərən yeganə elçidir”.

V.D.Eratsen (sosioloq): “Mən şəxsən Həzrəti Məhəmmədə heyranam”.

Professor Culs Masserman: “Bütün dövrlərin ən böyük lideri Məhəmməddir”.

Tolstoy: “Məhəmməd hörmət-ehtirama artıqlaması ilə layiqdir”.

Qibson: “Həzrəti Məhəmmədi sevməyənlər onu kifayət qədər tanımayan kəslərdir”.

F.Dostoyevski: “Böyük islam peyğəmbəri Uca Yaradanın dərgahında onunla görüşmüşdür. Mən meraca bütün qəlbimlə inanıram”.

B.Smit: “Böyük liderin həyatı və xarakteri nəzərə alındıqda islam peyğəmbərinə yönəldilən heç bir tənqid haqlı deyildir”.

Şahzadə Bismark: “Sənin dövründə yaşamadığım üçün çox məyusam. Ey Məhəmməd! Quran Allahın kitabıdır. Bəşəriyyət sənin kimi uca bir şəxsiyyətə bir daha şahid olmayacaq. Sənin önündə hörmət və ehtiramla baş əyirəm”.

Höte: “Biz avropalılar mədəni imkanlarımıza rəğmən Həzrəti Məhəmmədin sonuncu pilləsinə qalxdığı pilləkənin ilk pilləsindəyik. Şübhəsiz ki, bu yarışda heç kim onu qabaqlaya bilməyəcək”.

Şebol: “Bütün bəşəriyyət Həzrəti Məhəmmədin insaniyyəti ilə qürur duymalıdır. Biz avropalılar iki min il sonra belə onun həqiqətinə və qiymətinə çata bilmərik”.

Bernard Şou (İrlandiyalı sosialist, dramaturq): “Mən bu heyranedici insanın həyatı ilə tanış oldum. Onu bəşəriyyətin xilaskarı hesab edirəm. Biz onu məhz bu cür tanımalıyıq. Əgər o, bu gün aramızda olsaydı, dünyadakı bütün problemləri bir göz qırpımında həll edərdi”.

Volter: “Ey türk qardaşım. Düşünürəm ki, mənsub olduğun din çox hörmətəlayiqdir, əsilzadədir”.

Lamartin: “Hansı meyarların nəzərə alınmasından asılı olmayaraq, görəsən, Həzrəti Məhəmməddən daha böyük bir insan vardırmı?

Knematirul: “Mən hayqırıram: “Həzrəti Məhəmməd heç kimlə müqayisə olunmayacaq qədər böyük bir inqilabçıdır”.

Artur Cilman: “Məkkənin fəthində onun böyüklüyünə şahid olursunuz. Keçmişdə özünə edilən zülmlərə rəğmən intiqam arxasınca getmədi. Halbuki buna haqqı çatırdı. Elə ordusuna da intiqam almağı qadağan etdi”.

P.S. Şübhəsiz ki, Qərbin radikal fanat qələm sahibləri və siyasətçiləri Həzrəti Məhəmmədə hücumlarını davam etdirəcəklər. Onlar cəmiyyətlərinin İslamı və peyğəmbərini tanımalarını arzu etməzlər. Çünki onlar bundan qorxurlar. Ancaq şübhəsiz ki, Qərbdə insaflı şəxsiyyətlər də vardır və onlar haqqı sahibinə təslim etmişlər.

Tərcümə etdi: Anar Rüstəmov

/azerimuslims/

Read Previous

Əsl müsəlman kimdir?

Read Next

Qurani-Kərim oxumağın fəziləti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.