• 22 Dekabr 2024

QƏDR SURƏSİ

Qısa məlumat:
Surə “qədir-qiymət, dəyər, ölçü” mənasına gələn adını ilk ayəsindən alır. Mushaflarda, təfsir və hədis ədəbiyyatında surə bu adı ilə anılmışdır.
Məkkə dönəminin ilk illərində nazil olan surələrdəndir. Məşhur tərtiblərdə surəni Abəsə surəsinin arxasına yerləşdirmişlər. Bu da ən tez 4-cü ildə nazil olduğu qənaətini dəstəkləyir. Bizim qənaətimizə görə isə surə daha əvvəl nazil olub. Xəttabi, səhabələrin surələri sıraladıqlarında, Qədri Ələqin arxasına yerləşdirdiklərini söyləyir [İtqan II-I, 334]. Əlimizdəki mushafda da belədir və bəlkə də Xəttabi “səhabə” deyərkən əlimizdəki mushafı tərtib edən komissiyanın üzvlərini nəzərdə tutmuşdur. Bu, “Onu biz endirdik” ifadəsindəki əvəzliklə “Oxu!” əmri arasındakı əlaqəni vurğulayan bir yanaşmadır. Bizcə surə Leyl-Fəcr arasındakı 12-ci sıraya yerləşdirilməlidir. Belə ki, Leyl və Fəcr surələri ilə Qədr surəsi arasında mövzu bütünlüyü, açıq və gizli işarələr mövcuddur. Surənin Mədinədə nazil olduğu qənaətlərini rahatlıqla inkar edə bilərik.
Surənin mövzusu Quran vəhyinin qədir və qiymətinə diqqət çəkir: Ey bu vəhyin müxatibi! Quran nazil olduğu gecəni bir ömrə əvəz etdi [1000 ay 83 ilə bərabərdir]. Eyni vəhyin sənin həyatına nazil olması, ömrünü neçə ömrə əvəz etməz ki?
Surədə keçən “gecə” deyildikdə ilk öncə vəhyin enməyə başladığı gecə nəzərdə tutulur. Bu gecənin işarə etdiyi digər bir həqiqət, cahiliyyənin qaranlıq gecəsidir. İşığını Allahdan alan Quran mehrabı bu gecəni aydınlatmışdır. Fəqət surənin son iki ayəsinə diqqət edildiyində, dünya həyatının bir “gecə”yə bənzədilməsi də ehtimal edilə bilər. Dünya həyatı bir gecə, axirət isə bu gecənin sabahıdır. İnsanlar ilahi bələdçilik olmadan bu həyat yolçuluqlarını sürdürüb əbədi səadətə çata bilməzlər. Vəhy, insanlığa göndərilmiş doğru yol xəritəsi, bir bələdçidir. “Yəqin”[1] deyə adlandırılan axirət şəfəqi sökdüyündə həqiqət gün üzünə çıxacaq. Fəqət gözlərini dünyada ikən həqiqətə qapayanlara, bunun bir xeyri olmayacaq.
Məhz vəhy, bu dünya gecəsi sona çatıncaya qədər əbədi hüzur, barış və səadətin bələdçisidir [3-5]. Ondan sonra inanmaq və yaşamaq dövranını bitirmiş, görmək və məhsulları dərmək dövranı başlamışdır.

MƏAL VƏ TƏFSİR
Rahman və Rəhim Allahın adı ilə

1. Əlbəttə onu qədir-qiymət gecəsində Biz endirməyə [başlamışıq].
2. O qədir-qiymət gecəsinin nə olduğunu bilirsənmi?
3. O qədir-qiymət gecəsi, min aydan daha xeyirlidir.
4. Mələklər, vəhylə bərabər o gecə enməyə davam edərlər, Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid
5. tərifsiz bir səadətin [formullarını gətirərlər], bu hal, şəfəq doğuncaya qədər davam edər.

Rəsulullahın risalətlə tanışlığı haqqında məlumat verən bu surə Quranın həyata qatdığı mənanı və həyatı aydınlatmasını ehtiva edir.
Gədir gecəsi miladi təqvimi ilə 610-cu ildə bir dəfə yaşanmışdı; ondan sonra hər il onun doğum günü qeyd olunur. Bizim qənaətimizə görə Quran ilə tanış olduğumuz hər an qədir və qiymət qazanır, Quran ilə məşğul olduğumuz hər zaman mələk şahidliyinə səhnə olur. Quranın cahanşümül mesajı, sonu fəcr olan, yəni salamatlıq və səadət vəd edən müqəddəs bir doğuluşun və dirilişin müjdəçisidir. Qədir surəsinin ilk ayəsində Quranın nazıl olduğu zamanla bağlı məlumat verilir və bu zamanın dəyərinin vəhyin yardımı olmadan, insan idrakı ilə dərk olunmayacağına vurğu vurulur.
1. Əlbəttə onu [2] qədir-qiymət gecəsində [3] Biz [4] endirməyə [başlamışıq].[5]

[2]Bu əvəzlik Quran da, ilk nazil olan ayələrə də aid ola bilər. Birinci ehtimalda ənzəlnahunun mənası “Quranı nazil etməyə başladıq”, ikinci ehtimalda “İlk ayələrini nazil etdik” olur.
[3]Və ya: “Qiyməti bəlli bir gecədə”. Yəni: “Qiymətinə tay olmayan, bir ömrə əvəz, bərəkətli və şərəfli bir gecədə.” Burada ismin tamamlığından dolayı müəyyən formada gələn gecə Duhan surəsi 3-də sifət tamamlığı olaraq qeyri-müəyyən formada gəlmişdir. [fi leylətin mubarəkətin]. Ona görə ki, orada bərəkəti bəlli deyildir, burada isə o bərəkətin “qədəri/miqdarı/qədri” bəllidir: Min aydan daha xeyirli. Qədr, bir şeyin miqdarını, dəyərini və nəticəsini müəyyən edir. Burada kəlmənin “miqdarla” deyil “dəyərlə” bağlı olduğu 3-cü ayədən açıq-aşkar aydın olur. Yenə Qədrin mənasının dəyərə bağlı olduğunu, bu gecənin Ramazan ayında olduğunu söyləyən Bəqərə surəsinin 185-ci ayəsinin sonundakı “haqqı batildən ayıran, ölçüb dəyərləndirmək qabiliyyəti” mənasına gələn furkan da təsdiq edir. Buradakı “gecə”nin mahiyyəti nədir? Leyl kəlməsi içindən aydınladıla biləcək keçici qaranlıq üçün istifadə edilir. Zulumatun kəlməsinin törədildiyi zalam isə içindən aydınladılmayan, aydınlanmaq üçün tərk edilməli olan qaranlıqdır. Bir çox yerdə gələn “Qaranlıqlardan aydınlığa” söz birləşməsi, “gecə” kimi içindən aydınladıla bilən qaranlığı deyil, ancaq tərk edildikdə xilas olunulacaq qaranlığı ifadə edir. Leylin tərkibinə görə qazandığı müəyyənlik, vəhyin əvvəlcədən qərarlaşdırılmış bir gecədə nazil olduğu mənasına gələ bilər.
[4]Buradakı “Biz” əvəzliyi vəhyin enişinə mələklərin daxil olmasını, yəni ilahi kəlamın müxatibə bilavasitə deyil, dolayı yolla çatdırıldığını ifadə edir.[Müqayisə et 42:51].
Rəbbimiz Özü haqqında danışarkən bəzən “biz”, bəzən “o”, bəzən isə “mən” əvəzliklərindən istifadə edir. Bunun səbəbi Onun bir insan və ya bir cinsiyyət sahibi olaraq qəbul edilməsinin qarşısını almaqdır. Allahın tayı və bənzəri yoxdur [İxlas, 4]. Heç bir şey Allaha bənzədilə bilməz. Çünki insan idrakı Onu dərk etməkdə acizdir və təsəvvür etdiyi heç bir şey Allah deyil və ola da bilməz. Allahın Özü haqqında Biz deməyinin yuxarıda söylədiyimiz mənadan başqa mənaları da ola bilər:
1. Allah, Özünün ucalığını insanlara xatırlatmış ola bilər.
2. İnsanlara “Biz” deyərkən istişarənin önəminə də vurğu vurmuş ola bilər.
3. Bununla insanlara təvazökarlığı xatırlatmış ola bilər.
4. Kainatı idarə etmək üçün vəzifələndirdiyi mələkləri nəzərdə tutmuş ola bilər.
Quranı Biz endirdik demək, – Rəsulullah da daxil, – başqası deyil, uca Allah endirdi deməkdir. Vəhy insan qaynaqlı deyil, Allahın varlıqları məlumatlandırma sistemlərindən biridir.

Ayənin başında gələn innəənzəlna ifadələrinin “Biz” əvəzliyi ilə cəm formada gəlməsinin başqa bir səbəbi də diqqət çəkmək ola bilər: Unutmayın, məlumat çox uca bir güc tərəfindən verilir, xəbərdarlıq çox önəmlidir, bütün müxatabların buna qarşı çox diqqətli davranması həyati bir əhəmiyyət kəsb edir. Məlumatın önəmliliyi göndərinin ucalığından qaynaqlandığı üçün alınan mesaja qarşı daha da diqqətli davranmaq lazımdır.

[5]İnzal kəlməsinin “bir dəfədə endirmək” mənasına gəldiyi qənaəti doğru deyil [Müqayisə et 25:32]. Buna istinad edərək deyə bilərik ki, vəhyin dünya səmasına bir dəfədə, hamısının bir yerdə nazil olduğunu söyləyən müfəssirlərin qənaətləri əsassızdır. Yağış göydən bir dəfəyə enmədiyi halda, yağış üçün də eyni kəlmə istifadə olunur. [23:18]. Bu müqayisə ilə tənzil və inzalın bir-birinin yerinə istifadə olunduğu meydana çıxır. Tənzil vəhyin qaynağına nisbətlə, inzal hədəfinə nisbətlə istifadə edilir. İnzal kəlməsi “bir qanuna bağlı olaraq endirmək” vurğusunu daşıyır. Lüğətdə inzalın mənası; ülvi mənaların idrak aləminə daxil edilməsidir [duhulu’ş-şey’ fi ‘aləmi’l-mudrikat]. Bu, ya əvvəlcədən var olanı dəyişdirmək [ca’l], ya şüurda anındaca var etmək [halk] şəklində gerçəkləşir. Quranın enməyə başladığı gecə Ramazan ayının içində olan bir gecədir [2:185].
a) Bundan başqa inzal kəlməsi, Əraf, 26 və Hadid, 25 də olduğu kimi “vermək, öyrətmək, bəxş etmək” mənalarına da gəlir. Bu halda Quranın inzalı onun öyrədilməsi və ehsan edilməsi mənasına da gəlir.
b) İnzal kəlməsi endirmək mənasına da gəlir. Bu halda eyni ilə yağışın endirilməsi kimi, vəhyin də yuxarıdan, yəni ilahi məqamdan endirilməsi nəzərdə tutulur. Yuxarıdan endirmək endirilən yerin ucalığını ifadə etdiyi kimi, enən vəhyin dəyərini də ortaya qoyur.
c) İnzal kəlməsinin, Kəhf 107 və Fussulət, 32-ci ayələrdə olduğu kimi nüzul şəklində bir də “ikram” [qonaqlıq] mənası var. Bu halda “Quranın inzalı” onun insanlara ikram edilməsi deməkdir. Duha 11-də ifadə edildiyi kimi Quranın bir “nemət” olduğunu düşünsək ikramın mənası aydın olacaq.

“Qədr gecəsi”ndə ifadəsinindəki fi ədatını “…də, içində” mənasında qəbul etsək ayənin mənası “Biz onu Qədr gecəsində endirməyə başladıq” şəklində olacaq. Əgər ədata “haqqında” mənasını versək bu dəfə ayə “Biz onu Qədr gecəsi haqqında endirdik” demək olacaq. Bu halda söhbət bu surədən getmiş olacaq. Hər iki məna da doğru ola bilər.

2. O qədir-qiymət gecəsinin nə [6] olduğunu bilirsinizmi?
[6] Buradakı [مَ]ma, həm mahiyyətlə, həm də zamanla əlaqəli ola bilər. Ardınca gələn ayə mahiyyətlə əlaqəli olduğunu göstərir. Yəni “Qədr gecəsinin mahiyyətini sən bilirsənmi?” mənasına gəlir. Bəqərə surəsinin 185-ci ayəsi Quranın endiyi gecənin bütün ayın içində axtarılmasına ehyam vurur. Bu gecənin həftənin günlərindən bazar ertəsinə təsadüf etdiyini, Rəsulullahın, bazar ertəsində niyə nafilə oruc tutduğu ilə bağlı bir suala verdiyi cavabdan öyrənirik. Rəsulullahın həyatının dönüm nöqtəsi olan o gecənin hansı günə təsadüf etdiyini bilməməsi inanılmazdır.
Bu ayədəki sual cavab tələb edən bir sual deyil. Çünki insan idrakı o sualın cavabını bilməkdə acizdir. Elə ona görə də cavabı ardınca gələn ayədə Allah özü verir.

Söylədiyimiz kimi ayədəki ma ədatı fərqli mənalarda dəyərləndirilməsi mümkün olan ədatdır. Buna görə ədat həm zaman bildirə bilər, həm də mahiyət.
a) Əgər məqsəd vəhyin ilk endiriliş zamanıdırsa sözü gedən ədatın zaman bildirməsi ehtimalı, Rəsulullahın bu gecəni unutmasının mümkünsüzlüyünü düşündüyümüzdə,- o qədər də doğru görünmür. Əgər Qədr gecəsində məqsəd kainatın yaradıldığı, şəkilləndirildiyi zaman dilimidirsə bu halda “ma” ədatı zaman mənasında anlaşıla bilər. Çünki o zamanı heç bir insan bilə bilməz.
b) Ardınca gələn ayəyə baxdığımızda isə “ma” ədatının “mahiyət və dəyər” mənasına gəldiyini görürük və gecənin dəyəri ilə əlaqəsi öz-özünə ortaya çıxır. Çünki o gecə haqqında fərqli məlumatlar verilərək, vəhyin həyata qatdığı dəyərlər gündəmə gətirilir və yaşanan fövqaladə hadisələrin bir hissəsi xatırladılır. Bizim qənaətimizə görə də buradakı “ma” ədatının ən doğru mənası budur.

3. O qədir-qiymət gecəsi, min aydan [7] daha xeyirlidir.[8]

[7]Və ya əlifin məsdər mənası olan təlif şəhrin məsdər mənası olan işrah mənası ilə “İç-içə girmiş dolu bir aydınlıqdan”. Min rəqəmi çoxluğa eyham olmaqla yanaşı şəhrə birləşdirildiyində daha dərin, daha fərqli bir mənaya dəlalət edir. Sadəcə eyham olsaydı daha çox olan min əlifi sənətin [min ildən] və ya min əlifi asrin [min əsrdən], hətta min əlifi dəhrin [bütün zamanların min qatından] buyrulardı. Buradakı eyhamın “çoxluğa” deyil, “insanın ömrünə” işarə etdiyi aydın olur.
[8]Yəni: O ömrə bədəl bir gecədir. Sanki: Ey müxatib! Quran endiyi gecəyə otuz min qat dəyər yükləmişdir! O gecənin dəyəri özündən deyil, vəhydəndir. Belə ki, o gecə ay ilinə aid bir gecədir. Ay ili isə sabit deyil dəyişən bir zamandır. Deməli, o mübarək gecə bərəkətini zamandan deyil, o zamanda nazil olmağa başlayandan almışdır. Bu halda Quran sənin həyatına enərsə, ömrünə necə bir bərəkət qatar onu sən hesabla! Bir düşün ki, eyni vəhy, ilk müxatibini “Aləmlərə rəhmət”, endiyi şəhəri “şəhərlərin anası”, endiyi toplumu “insanlığın anası” [ümmət] etmişdir! Yəni: İçinə vəhyin endiyi bir gecə bir ömrə əvəzdir. Quran bunun əksinin də keçərli olduğunu söyləyər. İçində vəhyin olmadığı bir ömür bir gecə qədər bərəkətsizdir [bax: 17:50-52; 20:102-104; 23:112-113].
İmam Baqira görə Ənfal 41-dəki “Əgər siz Allaha və haqqın batildən ayrıldığı o gün, yəni iki ordunun qarşı-qarşıya gəldiyi gün qulumuza endirdiklərimizə inanırsınızsa” ibarəsi Quranın enməyə başlaması ilə Bədr savaşının ilin eyni gününə təsadüf etdiyinə dəlalət edər. Bu izaha görə Qədr gecəsi savaşın başladığı 17 Ramazandır [Nəql edən İbn Aşur, Duhan surəsi 3-ün təfsirində]. İmam Baqirin bu şərhində zənnimizcə Həzrət Əlinin Ramazanın 17-də şəhid edilməsinin də payı var və bizcə bu olduqca duyğusal və incə bir yanaşmadır. Eyni şey Ramazanın 17-də gerçəkləşən Bədr zəfəri ilə Qədr gecəsi arasında bağlantı qurmağa çalışan izahlar üçün də söylənilə bilər.
Quranla məlumdur ki, Qədr gecəsi Ramazan ayındadır. “[O sayılı günlər] Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aydın sənədlərini daşıyan və haqqı batildən ayıran Quran məhz bu ayda endirilmişdir” [2:185]
İçində Quran nurunun olduğu hər an insanın Qədr anıdır. Quran ilə dolu olan bir həyat Quransız min həyatdan irəlidir və dəyərlidir. Buna görə də Qədr gecəsinin qiyməti də Qurandan gəlir. Qiymət gecədə deyil, gecəni xarakterizə edən haidsədədir ki, o da Quranın o gecədə vəhy edilməyə başlamasıdır. İçində vəhyin olmadığı gecəyə Qədr gecəsi deyilməyəcəyi kimi, elə bir gecənin başqa bir gecələrdən heç bir fərqi yoxdur. Ramazan ayında Qədr gecəsini axtarmağa çalışmanın ən doğru forması onu bütün zamanlara yaymaq və həyatı Quranla inşa etdirməkdir.

O gecənin başqa bir özəlikləri isə:
4. Mələklər, vəhiylə bərabər [9] o gecə enməyə davam edərlər,[10] Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid [11]

[9]Və ya: “Vəhiy mələyi ilə”. Vavın vurğusuna diqqət çəkmək niyyətindəyik. Mübahisəsizdir ki, Ruh, Nəhl surəsi 2-ci ayədə və Şüra surəsi 53-cü ayədə vəhy mənasında işlədilmişdir. Bu surənin mövzusunun ali məqsədi də vəhiydir. Başqa sözlə burada mələklərin müşayiəti ilə endirilən vəhiydir. Belə ki, dərk edilməyən bilik ruhsuz cəsəd kimidir. Vəhiy isə biliyi idraka çevirir. Fihadakı əvəzlik “gecə”yə də, “mələklər”ə də aid ola bilər. Birinci halda oxunsa “o gecədə” mənasında olur. Biz əlaqə baxımından ikinciyə üstünlük verdik.
[10]Belə ki: Özü bir dəfə mənası sonsuza qədər enən vəhiylə inşa olmaq istəyən hər möminə mələklər hidayət və furkan olan vəhyin dirildici nəfəsini qiyamətə qədər nazil etməyə davam edərlər. Vəhyin hər çağda keçərli olan dəyişdirmə gücünün arxa plandakı möcüzəsi budur.
[11]Və ya İbn Abbasın oxuduğu kimi min kullimriin: “hər kəsə dair” [Fərra]. Bu oxunuşa istinad edərək deyə bilərik ki, Rəsulullaha nazil olanlar hökmən ümmətdən hər kəsə nazil olmuş kimidir. Bu ayə, “o gecə [yaxşı-pis] hər iş hissələrə ayrılaraq hikmətli bir hökmə bağlanır” [44:4] ayəsinin işığında anlaşılmalıdır.

a) Ayənin başında tənəzzəlu feli gəlir. Fussulət, 30-32-ci ayələrdə “Rəbbimiz Allahdır” deyib doğru yolda olanların üzərinə mələklərin enəcəyi, onlara heç bir qorxu olmadığı, hüzünlənməmələri gərəkdiyi, cənnətlik olacaqları, cənnətdə arzu etdikləri hər şeyin Allahın bir mükafatı olaraq onlara veriləcəyi açıqca bəyan edilir. Bu ayələrdə də mələklərin enişindən söz edilir.

b) Bundan başqa Məryəm, 64-cü ayədə bu enişin davam etdiyini ifadə edən nətənəzzəlu ifadəsinə rast gəlirik. Deməli mələklərin enişi davamlıdır. Yəni bu eniş bir dəfə ilə məhdudlanmır. Vəhyin məna qatdığı və həyatını vəhyin nizamladığı hər insana mələklərin enməsi hər zaman mümkündür. Bu halda bir gecəlik enməkdən deyil, vəhy ilə dolu olan hər zamanda bu bərabərlikdən söz edə bilərik. Həm də ayənin başındakı tənəzzəlu feli əslində tətənəzzəlu formasındadır və geniş zaman kəsiyini ehtiva edir. Ayə belə anlaşılınca mesaj cahanşümül bir hal alır və hər insanın onunla qovuşmasının yolu açılır. Əks halda mələklərin enməsi bir gecəyə, Quranın endiyi o ilk gecəyə məhkum olaraq qalar.

Ayədə keçən ər-Ruh kəlməsinin vəhy olduğunu söylədik. Lakin bəzi alimlərə görə bu Hz. Cəbrayıldır. Ayədəki fuha ifadəsi də “o gecədə” şəklində şərh olunur. Bu halda ayənin mənası belə olacaq: “Mələklər və ruh o gecədə Rəblərinin izni ilə enərlər”. Bu izah Rəsulullahın vəhyi almağa başladığı gecə üçün doğru olsa da, başqa problemlərə qapı aralayır.
c) Mələklər ifadəsi Cəbrayılı da ehtiva etdiyi üçün əlavə olaraq “ruh”un zikr edilməsinə ehtiyac yoxdur. Rəsulullahdan sonra vəhy nazil olmur. Halbuki tənəzzəlu feli bütün zamanlarıa, xüsusi ilə də gələcək zamana aid bir formadadır. Ayənin başındakı fel geniş zaman ifadə etdiyi üçün mələklərin enişinin davam etdiyini söyləməliyik. Bundan başqa ayədə keçən “Rəbbinin izni ilə” ifadəsi mələklərin enişinin özlərindən qaynaqlanmadığına, Allahın əmri və izni ilə gerçəkləşdiyinə dəlildir. Məryəm, 64-cü ayədə “Biz ancaq və ancaq Rəbbinin əmri ilə enərik” ayəsi də buna dəlildir.

Gələn vəhy hər iş və hər kəslə bağlı mesajlar gətirir
5. Hər işlə [yə ya hər kəslə] bağlı tərifsiz bir səadətin [formullarını gətirərlər], [12] bu hal, şəfəq doğuncaya qədər davam edər.[13]

[12]Səlam, “barış, hüzur, səadət, əfv, bağışlamaq” mənalarını ehtiva edər. Quranın nazil olması xətrinə, vəhyin sahibi Allah tərəfindən elan edilən bir əfvə də dəlalət edə bilər. Ancaq bu ümumiliyi “Rəblərinin izni ilə” şərti məhdudlaşdırır.
[13]Və ya fəcrin məsdər mənası ilə: [Həqiqətin] püskürdüyü qaynağı görüncəyə qədər sürər” iki mənada da gələ bilər. 1) insanlığın içində çapaladığı cahiliyyə gecəsi Quranın işığı ilə sona çatına qədər. İbrahim surəsinin ilk ayəsində ifadəsini tapan həqiqət budur. 2) Qeybi həqiqətləri örtdüyü üçün bir gecəyə bənzəyən bu dünya həyatı sona çatıb, qeybi həqiqətlərin “həqiqət” olduğu axirət şəfəqi gələnə qədər [müqayisə et: Hatta yətiyəkə’l-yaqin]..

P.S. Qədr Gecəsi İnsanlığın “Son Nəbi” ilə görüşdürüldüyü və insanlığın nübuvətsiz buraxılmadığı müqəddəs bir gecədir. BU gecə risalətin başlanğıc gecəsidir.
Qədr gecəsi son ilahi səslənişin yaşandığı, son məktubun göndərilməyə başlanıb ilk sətirlərinnin yazıldığı ilk gecədir.
Qədr gecəsi Quranın endirilməyə başlandığı müqəddəs və eləcə də qədr – qiymətin nə olduğunu bəyan edən gecədir.

[1](Ər)Yüzdə yüz həqiqət.

Hazırladı: Həvva Səlim/Azerislam.com

Read Previous

Nəsihət və gözəl rəftar

Read Next

TƏFƏKKÜR YENİLİYİ: RAMAZAN