• 24 Dekabr 2024

Qarabağ Döyüşlərində Ölən Şəhid Sayılırmı?

   Sabah Qarabağda müharibə başlasa, bu cihad olacaqmı və əgər mən ora gedib ölsəm şəhid olacağammı? Bu gün biri-birinə zidd fərvalar verilir… Kiminsə marağına görə… müharibələr cihad və ya qeyri-cihad adlanır. .. Məsələn SSRİ Əqanısatanı işğal edəndə, Səudiyyə alimlərinin fərtvasına görə müsəlmanların mübarizəsi cihad elan edildi… ancaq Əfqanısatanı və İraqı Amerika işğal edəndə oradakı müsəlmanların mübarizəsi cihad sayılmadı… Çünki bu artıq Amerika iki,  SSRİ yox! Sualım hər halda aydın oldu. Çox adamlar deyir bu cihad olmayacaq. Bəs düşmən müsəlmanların torpağına girəndə, məgər cihad fərz-ayn olmur?

 

Həmd aləmlərin rəbbi Allaha məxsusdur.   Səlat və salam onun rəsulu Məhəmmədə və onun ailəsinə, əshabına və onun yolu ilə gedənlərə olsun.
Cihad müsəlmanların zülmə və haqsızlığa qarşı mübarizəsi, eyni zamanda  “İlahi kəlimətullah”ı (tövhidi) yer üzərində yaymaq üçün bütün əngəlləri aradan qaldırmaq üsuludur.
“Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur. (Bəqərə 193)
Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə əlbəttə qadirdir.” (Həcc 39)
Bu mübarizə zamana və məkana görə müxtəlif vasitələrlə həyata keçirilməkdədir. Bəzi zaman və məkanlarda silahla, bəzən qələmlə, bəzən elmlə və s. Bu baxımdan cihad ümumi bir məfhumdur.
Eyni zamanda cihad bir ibadətdir və əməllərin ən fəzilətlilərindəndir. Bu baxımdan Allah Rəsulundan bir çox hədis rəvayət edilmişdir.
Əbu Zər (r.a.) rəvayət edir: “Rəsulullahdan soruşdum: Ya Rəsulullah! Hansı əməl daha fəzilətlidir? Rəsulullah buyurdu: Allaha iman və Allah yolunda cihad.” (Buxari, Müslim)
Bu hədisdə Peyğəmbər (s) cihadı imanla bərabər zikr edərək onun əhəmiyyətini bizlərə çatdırmaqdadır.
Bu gün dünyanın hansı nöqtəsi olursa olsun müsəlmanların azadlıqları torpaqlarını işğaldan azad etmələri və zülmdən qurtulmaları uğrunda apardıqları mücadilələr inşallah ki, cihaddır. Bu mücadilələr yerinə görə silahla və ya qələmlə, ya da informasiya müharibəsi ilə aparılır. Çünki müsəlman torpaqlarının işğalları  və onlara tətbiq edilən zülmlər də bu yollarla həyata keçirilir.
Qarabağda müharibənin cihad olub – olmamağı məsələsinə gəldikdə isə bunu deyə bilərik:
Qarabağ müsəlman torpaqlarıdır və kafir ermənilər tərəfindən işğal edilmişdir. Orada yaşayan minlərlə  müsəlman torpaqlarından çıxarılmışlar. Bu adamlar zülmün bütün formalarına məruz qalmışlar. Bu barədə aşağıdakı ayəyə diqqət edək:
“Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!
O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan sovməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (Həcc 39-40)
Azərbaycanlıların müsəlman olması onların dədə-baba yurdlarından qovulmalarının əsas səbəbidir. Siz bu gün dünyada ancaq müsəlmanları yurd-yuvalarından didərgin edilmiş görərsiniz. Azərbaycanlıların yerinə başqa bir xristian xalqa bu zülmün edilməsinə dünyanın hakim qüvvələri imkan verməzdilər.
Kim isə iddia edə bilər ki, azərilər dinlərinə bağlı deyillər. (son 70 il sovet rejiminin nəticəsi olaraq). Ancaq bununla bərabər millətimiz Allahın rəbb olduğunu qəbul edən müsəlman bir millətdir. Bu yöndən bu millətin dini mərciinin (dini səlahiyyət sahibinin) torpaqlarını geri qaytarmaq üçün cihad elan etmə hüququ var. Azərbaycanda din dövlətdən ayrı olsa da torpaqlarından qovulan insanların dini müsəlmandır. Cihad isə dini bir əməldir. Bu təqdirdə millətin dini idarəsinin cihad elan etməsi ilə müsəlmanların bu çağırışa cavab verməsi vacibdir.
Orada ölənlərin şəhadətinə gəlincə bir məsələni bilməliyik ki, əlbəttə, şəhadətin qayəsi Allah rizasıdır. Şəhid əvvəla Allah yolunda cihad zamanı həyatını itirən müsəlmandır. Eyni zamanda torpağını, mal-mülkünü qoruduğu zaman zülmə məruz qalaraq öldürülən müsəlman da şəhiddir. Aşağıdakı hədisə diqqət edək:
Müxariq deyir ki, “Rəsulullaha (s) bir nəfər gələrək “Ey Allahın Rəsulu bir adam gələrək malımı əlimdən almaq istəsə (nə edim?)” – dedi. Rəsulullah “ona Allahı xatırlat” buyurdu. Adam “xatırlamazsa nə edim?” – dedi . Rəsulullah buyurdu: “Ətrafındakı müsəlmanlardan kömək istə”. Həmin adam “Yanımda heç bir müsəlman yoxdursa onda nə edim?” – dedi. Rəsulullah dedi “Elə isə Sultandan yardım istə”. Adam bir yenə də “əgər Sultan məndən uzaqdadırsa nə edim?” dedi. Rəsulullah buyurdu “Bir axirət şəhidi olana qədər və ya malını qoruyana qədər malın üçün mücadilə et”. (Nəsai)
Nəsainin digər rəvayətində “Əgər öldürülsən cənnətə gedərsən, öldürsən cəhənnəmə gedər” buyurulmaqdadır.
Bir müsəlman torpağını, malını, mülkünü müdafiə etdiyi zaman həyatını itirərsə inşallah ki, şəhiddir.
Qarabağ müsəlman torpağıdır, orada itirdiklərimizi geri qaytarmalıyıq. Bu zaman orada həyatını itirmiş və itirəcək müsəlman inşallah ki, şəhiddir.
Ən doğrusunu Allah bilir.

 

Read Previous

İyun 2012

Read Next

Nəsimi və Babək

One Comment

  • InsaAllah torpaglarimizi geri qaytaracagiq!…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.