• 27 Dekabr 2024

Qardaşlıq Abidəsi “Qafqaz İslam Ordusu”

qafqazislamordusuXX yüzilin əvvəlləri xalqımız üçün həm sevincli, həm də kədərli günlərin yaşandığı bir dövr oldu.

Bir tərəfdən ermənilərin dinc əhaliyə soyqırım dəhşətini yaşayarkən, digər tərəfdən Qoca Şərqdə ilk dəfə demokratik dövlət qurmağın sevincini daddıq. Eyni zamanda tarixin keşməkeşli sınaqlarından çıxmış iki qardaş dövlətin, Azərbaycan-Türkiyə münasibətlərinin bir daha ağır imtahandan alnıaçıq çıxmasının şahidi olduq.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Bu hələ hər şey demək deyildi, xalqı çox ağır və məşəqqətli günlər gözləyirdi. Azərbaycan hər tərəfdən düşmən qüvvələrinin təzyiqlərinə məruz qalmışdı. Bir tərəfdən türk qanına susamış rus bolşevikləri, bir tərəfdən onların əlaltıları olan erməni daşnak birləşmələri, başqa bir tərəfdən də ingilis imperialistləri Azərbaycan üzərində öz maraqlarını təmin etmək uğrunda mübarizə aparırdı. Hələ nizami ordusu olmayan və yeni yaranmış dövləti qorumaq üçün Azərbaycanın yardıma ehtiyacı vardı. Belə bir ortamda isə yalnız qardaşların bir-birinə yardım etməsi düşünülə bilərdi və məhz elə də oldu.

Anadolu və Azərbaycan türkləri hər zaman bir-birinə maddi və mənəvi dəstək olmuşdu və bu dəstək heç bir qarşılıq gözləmədən həyata keçirilmişdi. 1915-ci ildə Osmanlının Qurtuluş Savaşı üçün Bakıda minlərlə insan bir yerə yığışaraq öz imkanları nisbətində kimisi qızıl, kimisi pul, kimisi də ailələrinin zinət əşyalarını İstanbula göndərməyə can atırdı. Hələ bundan bir neçə il öncə Çanaqqala savaşında da Azərbaycanın mərd övladları Osmanlı igidləri ilə dastan yazmışdılar. Bu gün isə yerlər dəyişmişdi. – İndi Azərbaycan türkü çətin durumda idi. Qafqazdan gələn bu fəryad səslərinə Anadolu türkləri cavab verməliydi. Məhz belə bir vaxtda Qafqaz İslam Ordusu qardaş yardımına özünü yetirməkdə gecikmədi.

qafqazislamordusu3Qeyd edək ki, Qafqaz İslam Ordusu Osmanlı dövlətinin qurduğu bir ordu idi. Bu, Atatürkəqədərki bir ordu idi. Osmanlının Azərbaycana bu köməyi, ümumiyyətlə türk xalqlarının, türk dövlətlərinin yeni dövrdə, ən yeni dövrün başlanğıcında bir-birinə tarixdən gələn köməyinin davamı idi. Yəni qarşılıqlı yardımlaşma idi. Burada ümumi türkçülük düşüncəsi vardı. Ümumi türkçülük düşüncəsindən daha çox islamçılıq düşüncəsi vardı. Çünki Osmanlı padşahı eyni zamanda xəlifə idi. Ona görə də İslam məmləkətinin istənilən yerində İslama qarşı və İslam xalqlarına qarşı hər hansı çətinlik, problem yaranardısa, Osmanlı həmin bölgəyə müdaxilə edirdi. Bu, rus-sovet imperializminin təzyiqinə məruz qalan Azərbaycan xalqına Osmanlı dövlətinin qardaşlıq yardımı, başqa sözlə desək, türkçülük və ümmətçilik baxımından göstərilən kömək idi. Bu ordunun yaradılmasının, Azərbaycan xalqına, ümumiyyətlə Qafqaz müsəlmanlarına göstərilən bu köməyin strateji bir məqsəd daşıdığını qaynaqlardan bilirik. Bu ordu təsadüfən yaranmamışdı. Qafqaz İslam ordusu Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın xüsusi təkidi ilə yaradılmışdı. Bu orduya onun şəxsən özünün nə qədər ciddi münasibət bəsləməsinin bir göstəricisi də o idi ki, gənc və hələ təcrübəsiz olmasına baxmayaraq öz qardaşı Nuru Paşanı bu ordunu yaratmaq üçün görəvləndirmişdi. Nuru Paşa kiçik bir qüvvə ilə öncə durumu öyrənmək üçün Təbrizə gəlmiş, bundan sonra yenə həmin qüvvə ilə Zəngəzura, oradan Qarabağa və nəhayət, 1918-ci ilin yay aylarında Gəncəyə gələrək orada öz qərargahını qurmuşdu. Beləliklə Qafqaz İslam Ordusunun hərəkatına start verilmişdi. Nuru Paşa Gəncəyə gələnə qədər ordu tam formalaşmamışdı. Ordu qüvvələrinin yerlilərdən, yəni Azərbaycandan, ümumilikdə Qafqazdan yığılması nəzərdə tutulurdu. Lakin rus-erməni-daşnak orduları çox güclü qüvvəyə malik idi. Rus-erməni birləşmələri Azərbaycanın əksər bölgələrində yetərincə qüvvəyə malik idi və ən əsası o idi ki, Bakı onların əlində idi… Belə bir dövrdə müəyyən bir zabit heyəti ilə gələn Nuru Paşa düşmənə qarşı gücün zəif olduğunu başa düşürdü. Durum çox mürəkkəb və əlverişsiz idi.

qafqazislamordusu2Durumun getdikcə daha da mürəkkəbləşdiyini görən Nuru Paşa yenidən İstanbula müraciət edərək texnika və əsgəri qüvvə istədi. Ənvər Paşa Osmanlının şərq ordularını birləşdirərək əmisi oğlu Tələt Paşanı rəhbər təyin etdi. Tələt Paşaya tam bir göstəriş verildi ki, Qafqaz İslam Ordusu hər cür təchizatla təmin edilsin. Bununla da Şərq ordularından toplanmış böyük bir ordu yenidən Azərbaycana göndərildi və Qafqaz İslam Ordusu möhkəmləndirildi. Bütün yay ayları ərzində Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər döyüşdü. Onu da qeyd etmək lazımdır ki, düşmən tərəf çox güclü idi. Qafqaz İslam Ordusu rus-daşnak birləşmələriylə mübarizə aparırdı. Düşmən hər tərəfdə güclənmişdi. Təkcə Gəncənin özündə yerləşmiş ermənilər böyük bir orduya malik idi. Almanlar da bu bölgədə idilər və böyük bir orduları vardı. Onlar da Gürcüstandakı gürcü menşevikləri ilə birlikdə Azərbaycanın qərb bölgələrini təhdid edirdi. Digər tərəfdən İrandan həyata keçirilən ingilis müdaxiləsini də qeyd etmək lazımdır. …Bütün bunlara baxmayaraq Nuru Paşa 1918-ci il sentyabr ayının 15-də Bakını azad etməyi bacardı! Türk-Azərbaycan birləşmələrinin birgə mücadiləsi nəticəsində Bakı xilas olundu. Artıq Bakı səmalarında Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanırdı. Beləliklə də Azərbaycanın müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti öz mərkəzini Bakıya köçürdü!..

Bu möhtəşəm ordu erməni quldur dəstələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdiyi qırğınların qarşısını alaraq Bakının azad olunmasında müstəsna və əvəzolunmaz xidmətlər göstərdi. Qətiyyətlə deyə bilərik ki, Qafqaz İslam Ordusu Azərbaycanın müstəqilliyinin əsasını qoyan bir ordudur. Xilaskar Ordu bu torpaqların istiqlalı üçün çox şəhid verdi. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanın müxtəlif bölgələrində döyüşən və bu döyüşlərdən üzağlığı ilə çıxan bir çox türk əsgər və zabiti Türkiyəyə qayıtmadı, özlərinə ikinci vətən bildikləri bu torpaqlarda qaldı. Onlar mənəviyyatca o qədər yüksək insanlar idi ki, məzarları sonralar övliya məzarları kimi qorunub saxlandı..! Siyasi təzyiqlərin olduğu dövrlərdə də xalq bu məzarları ziyarət edərək onların itib-batmasının qarşısını aldı. O qəbirlər bir növ müqəddəs ziyarətgah sayılırdı.

Qafqaz İslam Ordusunun verdiyi şəhidlər torpağa atılan toxum kimidir. Ümidlərin tükəndiyi yerdə var oluş və yenidən diriliş müjdəsidir..! Qafqaz İslam Ordusu bu gün də fəaliyyət göstərir. Bu ordu bir vaxtlar hərbi missiyasını həyata keçirirdisə, bu gün öz mənəvi missiyasını həyata keçirməyə davam edir. Belə deyə bilərik ki, Qafqaz İslam Ordusu bu gün iki müstəqil dövlət arasında mövcud olan qardaşlıq duyğularının şərəfinə ucaldılmış möhtəşəm bir abidədir.

qafqazislamordusu1

 

 

 

 

 

 

mənbə:

irfandergisi.com

Read Previous

Aprel 2015

Read Next

Cənnəti satın alanlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.