• 22 Dekabr 2024

Qeysəriyyə ana və övladı üçün təhlükəlidir

86429080Azərbaycanda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrin sayı son 10 ildə xeyli artıb. Xanımların uşağı məhz bu yolla dünyaya gətirməyə meyil etmələri ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatının tez və asan hesab olunmasıdır. Qeysəriyyə – dölün və sonluğun uşaqlıqdan onun divarını kəsməklə çıxarılması, başqa sözlə, təbii doğuş prosesinə cərrahi müdaxilə deməkdir.

Azərbaycan Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi, həkim-ginekoloq Şəymən Qədimova deyir ki, uşaq böyük olarsa, yaxud da qadının sancısı zəif olarsa və biz müalicə tətbiq etdiyimiz halda bir nəticə verməzsə, bu zaman qeysəriyyə əməliyyatı olunur: “Əməliyyat qadının istəyinə görə aparılmır. Bu barədə Milli Məclisin qərarı var. Qeysəriyyə əməliyyatı ancaq tibb müəssisələrində yaradılan konsiliumların göstərişi ilə həyata keçirilməlidir”. Hələ bir müddət öncə səhiyyə nazirinin müavini Elsevər Ağayev də bildirmişdi ki, səhiyyəmizin mövcud problemlərindən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində artmasıdır.

Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev deyir ki, ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir: “Lakin dərindən araşdırıldıqda mühüm çatışmazlıqlar meydana çıxır. Belə ki, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Buna baxmayaraq, ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır”. Onun sözlərinə görə, anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük vermək məsləhətdir.

Professor deyir ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar: “Əməliyyatla doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meyilli olurlar”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız ciddi və əsaslı tibbi göstəriş olarsa, qeysəriyyəyə müraciət etməyin mümkünlüyünü vurğulayır. ÜST həmçinin hər hansı bir ölkədə qeysəriyyənin ümumi doğuşun 15 faizindən yuxarı olmasını normal hal saymır.

Analıq hissi qadına verilmiş ən ülvi hissdir. İnsanın sahib olduğu və əvəz edilməsi mümkün olmayan ən qiymətli varlıq anadır. Ona, ən gözəl dəyəri Yaradan verərək, cənnəti ananın ayaqlarının altına sərir. Övladına yuxusuz qalaraq gecələrini, ac qalaraq çörəyini, özü könhə geyinsə də, paltarların ən yenisini, gəncliyini, gözəlliyini, sağlamlığını verir analar. Deyirlər, övladın ömür boyu valideyninin qulluğunda dayanması, anasının onu dünyaya gətirərkən çəkdiyi ağrının bir saniyəsini belə əvəz etmir. Amma təəssüflər olsun ki, günümüzdə bəzi ana olmağa hazırlaşan xanımlar ehtiyac oldu-olmadı övladlarını normal yolla deyil, əməliyyatla dünyaya gətirməyə üstünlük verirlər. Səbəb olaraq isə ağrıların şiddətli olmasını və bundan qorxmalarını göstərirlər. Bəs övladını doqquz ay bətnində gəzdirən xanımlar üçün nə zaman əməliyyat vacib olur? Ümumiyyətlə, xanımlar öz istəkləri ilə bu əməliyyata girə bilərlər? Heç bir əsas olmadığı halda övladını əməliyyatla dünyaya gətirmək istəyən xanımlara necə istiqamət verilməlidir?

 “Burada qadına kənardan edilən  müdaxilələr də az rol oynamır”

Bu haqda qəzetimizə müsahibə verən Azərbaycan Tibb Universitetinin müəllimi, tibb elmləri namizədi, həkim-ginekoloq Şəymən Qədimova qeysər kəsiyinin qadının arzusu ilə aparılmadığını bildirdi: “Qeysər əməliyyatı ancaq təbii yollarla doğuş mümkün olmadıqda aparılır ki, bunun üçün də tibbi göstəriş olmalıdır. Bu da müəyyən səbəblərə əsaslanmalıdır. Məsələn, qadının birinci övladı əməliyyatla dünyaya gəlibsə, mütləq ikincisi də əməliyyatla olmalıdır. Uşaq böyük olarsa, yaxud da qadının sancısı zəif olursa və biz müalicə tətbiq etdiyimiz halda bir nəticə vermirsə, bu zaman da qeysəriyyə əməliyyatı olunur. Əməliyyat qadının istəyinə görə aparılmır. Bu barədə Milli Məclisin qərarı var. Qeysər əməliyyatı ancaq tibb müəssisələrində yaradılan konsiliumların göstərişi ilə həyata keçirilir”. Şəymən Qədimova onu da bildirdi ki, bəzən sosial şəbəkələrdə danışan xanımlar bir-birilərinə bu barədə məsləhət də verirlər: “Daha çox xəstələrim arasında rast gəlirəm. Sancı çəkmək, əziyyətə qatlaşmaq istəməyən xanımlar uşağını qeysər kəsiyi ilə dünyaya gətirmək istəyirlər. Burada qadına kənardan edilən müdaxilələr də az rol oynamır. Bəzən sosial şəbəkələrdə danışan xanımlar bir-birlərinə bu addımı atmağı məsləhət görürlər. Lakin onlar, bu əməliyyatın fəsadlarından xəbərsiz olurlar. Bu zaman biz həmin xəstə ilə danışıqlar apararaq onu, bu fikrindən daşındırmağa çalışırıq. Əməliyyatın həm ana, həm də uşaq üçün fəsadlarını izah edirik. Normal yolla doğulan körpələrin daha sağlam olduğunu və onun gələcəkdə şəxsiyyət kimi formalaşmasına da təsir etdiyini bildiririk. Bundan sonra xanımlar fikrini dəyişərək, normal prosesin həyata keçirilməsinə razı olurlar. Hesab edirəm ki, bu məsələdə Qadın Məsləhətxanalarının üzərinə çox iş düşür. Ana olmağa hazırlaşan xanımlarla psixoproflaktik danışıqlar aparmaqla onları düzgün istiqamətləndirmək mümkündür. Normal yolla övladını dünyaya gətirən xanımlar bu prosesdən sonra praktiki olaraq sağlam olurlar. Lakin qeysər əməliyyatı ilə doğuşdan sonra növbəti mərhələ – əməliyyatdan sonrakı dövr başlayır”.

 “Diaqnostikanın yüksək inkişafı qeysəriyyə əməliyyatının artmasına səbəb olub”

Bu gün qeysər kəsiyi ilə uşaq dünyaya gətirən anaların sayı çoxalıb. Bəlkə elə sizin də ətrafınızda övladları bu yolla dünyaya gələnlər kifayət qədərdir.  Ş. Qədimova müsahibəsində qeysər kəsiyinin tibbə gətirdiyi müsbət tərəflərdən də danışdı: “Hazırda qeysər kəsiyi ilə dünyaya gələn uşaqların sayının artması diaqnostikanın inkişaf etməsi ilə əlaqədardır. Əvvəllər diaqnostika bu qədər inkişaf etməmişdi. Biz, bətində olan uşağın vəziyyətini tam aydınlaşdıra bilmirdik. Yalnız uşaq doğulan zaman bilirdik ki, göbək kəsiyi üç dəfə dölün boynuna dolanıb. Bu zaman artıq hər şey gec olurdu. Ana olmağa hazırlaşan xəstəni yoxladığımız zaman uşağın ürək döyüntüləri normal görünürdü. Lakin indi “dopler” adlanan müayinə mövcuddur ki, bizə dölün vəziyyəti haqqında tam məlumat verir. Əgər vəziyyət pisdirsə, bu zaman müdaxilə edilərək, körpənin sağlam dünyaya gəlməsi üçün lazımi əməliyyat həyata keçirilir. Əks təqdirdə, “dopler” olmasaydı biz, mövcud problemdən xəbərsiz olardıq və uşaq ölü doğulardı. Ona görə də, diaqnostikanın inkişafı bu gün qeysər kəsiyinin faizinin çoxalmasına səbəb olub. Qeysər kəsiyinin müsbət tərəflərini də qeyd etmək lazımdır. Bu əməliyyat son dövrlərdə doğuş zamanı ana və ya uşaq ölümlərinin qarşısını alıb. Hər kəs sağlam övlada sahib olmaq istəyir. Bu gün ağır doğuş travması alan uşaqlara çox az hallarda rast gəlinir. Qeysər əməliyyatının üstün tərəflərini də inkar etmək olmaz. Lakin göstəriş yoxdursa və qadın qeysər kəsiyi istəyirsə, bu artıq düzgün addım deyil. Qadında hər hansısa bir problem varsa və normal yolla uşağın dünyaya gəlməsi ana və ya uşağın həyatı üçün təhlükəlidirsə, bu zaman qeysəriyyə əməliyyatına üstünlük vermək lazımdır”.

Bəli. Necə ki, bıçaq mətbəxdə faydalı, qəzəbli insanın əlində zərərlidir, eləcə də qeysər əməliyyatı lazımi vəziyyətdə öz faydasını verə bilər. Buna görə biz də, inkişaf edən elm və texnologiyadan bizə fayda verəcək ölçüdə istifadə edək…

mənbə:

xezerxeber.com

Read Previous

Plastik qabların fəsadları böyüməkdədir.

Read Next

Daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” vermək, ya da almaq caizdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.