• 23 Dekabr 2024

Qızların qulaqlarını deşib sırğa taxmaq haramdırmı?

Xalqımız arasında yayğın olan adətlərdən biri də sırğa taxılmaq məqsədi ilə qız uşaqlarının qulağının deşilməsidir. Dinimizin qaydalarına gəldikdə, Əhməd ibn Hənbəl, Əbu Hənifə, İbn Qəyyim kimi böyük alimlərin bildirdiyi kimi, bu barədə bir qadağa yoxdur.. Əgər lazım olsa idi Allah bu barədə bir şey buyurardı.

Qadağan olunmasına dair höküm verilməyən bir şey isə mübah (icazəli, qadağan olmayan) hökmünü daşıyır. Çünki şəriət üsuluna görə, hər bir şey əsil-kök etibarı ilə mübahdır.

Belə ki, yer üzü yaradılıb, ilk insanlar orada yerləşdirildikdən sonra orada olan hər şey onların ixtiyarına verildi. Bununla bərabər bir əməl barəsində vəhy yolu ilə qadağa gəlmədiyi halda məruf (ədalət, insaf, gözəl, təmiz) olma şərti ilə hərəkət etməsinə izin verildi.  

“Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, -dedik” (əl-Bəqərə, 36).

Sonradan gələn ilahi hökmlər əsil-kök etibarı ilə icazəli olan hər şeyin içindən bəzi şeyləri haram etdi. Haram edilməyənlər də əslən mübah (icazəli) olaraq qaldı.

Sırğa məqsədi ilə qız uşaqlarının qulağının deşilməsinin icazəli olmasına dəlalət edən digər bir hadisə də aşağıdakı hədisdir:

Buxari və Müslimdə keçən bir hədisdə “Rəsulullah qadınları sədəqə verməyə təşviq edərkən bir qadın sırğalarını çıxardıb verdi” deyilir.  

 Bu məsələyə diqqəti çəkən İbni Qəyyim deyir: “Peyğəmbər (s) qadınların sırğa taxdığını bildiyi halda bir söz söyləmədi. Bu isə o şeyin caiz (icazəli) olması üçün yetərlidir”.

Həmçinin,  aşağıdakı hədis də bu fikri bir növ dəstəkləyir:

Rəsulullah (s) himayəsi altında olan oğlan uşağı Usamənin əllərini və üzünü yuyarkən belə buyurdu: “Usamə qız olsaydı onu geyindirib, bəzəyib cazibədar və sevimli edərdim”.

Qız uşağından fərqli olaraq oğlan uşağının qulağının deşilməsində onun üçün nə dini nə də dünyəvi baxımdan bir fayda yoxdur. Buna görə oğlan uşağının qulağını deşməklə əzaların birisinə xəsarət yetirilir ki, bu da caiz deyil.

Sizin sualınıza – qızların qulaqlarını deşib sırğa taxmaq haramdırmı? –  gəldikdə, bunu deyə bilərik: bütün yuxarıdakı dəlillərə və onların şərhinə əsasən bu qənaətə gəlmək olar ki, sırğa taxılması məqsədi ilə qız uşaqlarının qulağının deşilməsi haram deyildir. Doğrusunu bilən Allahdır!

Read Previous

İslama Görə Borc Alıb-Vermək

Read Next

Müsəlmanlara qarşı müşriklərə yardım etmənin hökmü nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.