• 22 Dekabr 2024

Rəhmət ayı gəlir

Ramazan ayı ayların ən fəzilətlisidir.

Ramazan ayı müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yayın sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına işlədilmişdir. Bu  yağışın  yer   üzünü   təmizlədiyi   kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər.   Necə   ki   bir hədis-i şərifdə Peyğəmbərimiz (s.ə.s);    Kim   inanaraq   və    alacağı    savabı    Allahdan   gözləyərək    Ramazan    orucunu   tutarsa, keçmiş günahları bağışlanar”[1] buyurmuşdur.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına işlədilmişdir. Belə qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.

Quranın dünyaya nazil olması məhz bu ayda başlayıb. Bu ay Allaha itaət, ibadət və rəhmət ayıdır. Ramazan ayında min aydan xeyirli olan Qədir gecəsi vardır. Bu ay duaların daha çox qəbul edildiyi bir aydır. Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər vardır. Bunlardan bəziləri aşağıdakılardır:

– Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür.

– İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər.

– Ramazan ayı gələndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar da zəncirlənər.

– Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, axırı cəhənnəm alovundan azad olmadır.

– Oruc tutanın ağız iyi Allah qatında müşk iyindən daha xoşdur.

– Ramazan ayı səbr ayıdır. Səbrin savabı da cənnətdir.

Ramazanın özünə xas bəzi xüsusiyyətəlri vardır:

1. Qurani-Kərim məhz bu aydan etibarən dünyaya enməyə başlayıb. Allah Təala buyurur: “Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır”[2] Bu ay Quran nazil olduğu üçün Ramazana “Quran ayı” da deyirlər. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar. Beləki, Rəsulullah: “Kim Allahın kitabı Qurandan bir hərf oxuyarsa, bir savab var. Hər savabın əvəzi isə on qat artıq veriləcək”, buyurub. Bundan başqa Hz. Peyğəmbər (səs)  Quranın və orucun Qiyamət günü şəfaət edəcəyini bildirib

  2. Hz. Muhəmmədə (s) peyğəmbərlik vəzifəsi məhz bu ayda verilib. Məkkəyə yaxın ərazidə yerləşən “Hira” mağarasında Hz.Muhəmmədin yanına gələn Hz. Cəbrail adlı mələk ilk Quran ayəsini gətirib. Hz. Cəbrail Hz. Muhəmmədə (səs): “Sən Allahın peyğəmbərisən, mən də Cəbrailəm”,- deyə səslənərək onun insanlığını qurtuluşu üçün göndərilmiş peyğəmbər olduğunu bildirib.

3. Min aydan daha xeyirli olduğu Qurani-Kərimdə bildirilən “Qədr gecəsi” bu aydadır.

4. İslamın əsas beş şərtindən biri olan oruc ibadəti bu aya məxsusdur.

5. “Təravih” namazı da sadəcə Ramazan ayında qılınır.

Bu aya “Əvvəli rəhmət, ortası məğfirət (günahların bağışlanması), axırı da cəhənnəmdən qurtuluş”, olduğunu söyləyən Hz. Muhəmməd (səs) möminlərə bu müjdəni verir: “Ramazan ayı gələndə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”. İslam alimləri bu hədisin mənasını belə izah ediblər: “Ramazanda cənnətə aparacaq yaxşı işlər edən möminə cənnətin qapıları açılar. Cəhənnəmə aparan pisliklərdən çəkindiyi üçün də cəhənnəmin qapıları ona bağlanar”, deməkdir. Oruc tutaraq nəfsinə hakim olub şeytana tabe olmadığı üçün də şeytanı təsirsiz hala gətirmiş sayılır.

“Oruc” sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir. Orucun dini termin olaraq mənasına gəlincə, Oruc tutması fərz olan insanların niyyət edərək dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalarına deyilir. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə  də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb.

   “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar…”[3]


[1] Buxari, Savm, VI

[2] Bəqərə, 185.

[3] Bəqərə 185

Müşfiq Xəlilov.

Read Previous

İmanınızı qoruyun!

Read Next

Sədəqə imandakı sədaqəti göstərir.