• 22 Dekabr 2024

İmanınızı qoruyun!

Peyğəmbərimiz (s.ə.s) buyurur: “Doğulan hər uşaq (İslam) fitrəti ilə doğulur…”[1]  Bu mənada hər dünyaya gələn insan təmizdir, iman etməyə daha əlverişlidir. Sadəcə olaraq daha sonra onu ətraf mühitin mənfi təsirlərindən qorumaq lazımdır. İslam fitrəti ilə doğulan bir uşağı yad təsirlərdən necə qorumaq gərəklidirsə, əslində, imanın özünü də bu ünsürlərdən mühafizə etmək əsas şərtlərdəndir.

Çünki iman himayəyə və bəslənməyə möhtac körpə uşaq kimidir. Davamlı bəslənməsinə və himayə olunmasına ehtiyac vardır. İman bir insanın həyatındakı ən böyük zənginlikdir. Ancaq heç bir zənginlik daimi deyil. Lazımlı səy göstərilməz, tədbirlər alınmazsa, sahib olunan maddi və mənəvi zənginliklərin hamısı yavaş-yavaş əriyər. İman da buna daxildir. Əgər iman edən hər adamın ölənə qədər imanını qoruması zəmanəti olsaydı, “mürtəd”[2] deyə bir ifadə olmazdı. Bu səbəblə iman edən mömin iman zənginliyini yalnız mühafizə etməklə kifayətlənməyib onu davamlı olaraq gücləndirərək zəifləməsinə imkan verməməlidir.

Hər hansı bir xarici dili yaxşı danışa bilərik. Lakin təkrar və ya istifadə etməsək, bir müddət sonra unutmağa başlayarıq. Ancaq üzərində çalışar, yeni sözlər öyrənib həyatımızda tətbiq edərsək, o dili ana dilimiz kimi danışmağı bacararıq. Ya da bir idman sahəsində çox müvəffəqiyyət qazana bilərik. Bədənimiz hər gün etdiyimiz məşqlər səbəbiylə çox gümrah ola bilər. Amma bir müddət məşq etməsək, o gümrahlıqdan heç bir əsər-əlamət qalmaz. Tamamilə idmanı tərk etdiyimizdə isə bədənimiz sürətlə öz gümrahlığını itirər, hətta fiziki olaraq bir çox problemlərimiz ortaya çıxa bilər.

Xarici dil danışa bilməmək, ya da yaxşı bir idmançı ola bilməmək insan üçün çox ciddi problemlərə gətirib çıxarmaz. Amma imansız olmaq Allahın sevgi və razılığıyla birlikdə sonsuz cənnəti itirməyə səbəb olar ki, bu da bir fəlakətdir. Bir körpənin ehtiyaclarını təmin etməz, ac-susuz və yuxusuz buraxsanız, o körpə solub əldən gedər. İman da himayə və bəslənməyə möhtac bir körpə kimidir. Davamlı himayə olunmaq istəyər. İmanı qorumaq üçün yalnız namaz qılmağı və oruc tutmağı kafi görmək doğru deyildir. İmanı gücləndirəcək, bəsləyib böyüdəcək vasitələr axtarmaq lazımdır. Bunun üçün Allahı çox xatırlamaq, insanlara Quran əxlaqını izah etmək, bu əxlaqı yaşayaraq nümunə olmaq və İslamın dünyaya yayılması üçün ciddi bir səy göstərmək lazımdır. Əgər insan etdiyi qədərini kafi görüb ürəyinin təmiz olduğunu, kimsənin haqqını yemədiyini, bu səbəblə də işlərinin həmişə yolunda getdiyini söyləyir və bunu da Allahın sevimli qulu olduğuna bağlayırsa, bu kimsə qəflətdədir. Necə ki, bir ayədə buyurulur:

“O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirdilər.[3]

İctimai həyatımıza, ətrafımızdakı insanlara və hadisələrə göstərdiyimiz diqqəti imanımız mövzusunda da göstərməliyik. Maddi mövzularda həmişə ən çoxunu qazanmaq istəyirik. Ən yaxşı avtomobilə və evə sahib olmağı, uşağımızın ən yaxşı məktəblərdə oxumasını, ən keyfiyyətli paltarları geyinməsini, qısacası, ən yaxşı şəraitdə yaşamasını arzulayırıq. Bütün bunları istəmək və nail olmaq üçün səy göstərmək, əlbəttə, səhv deyil. Ancaq bütün bu imkanlara sahib olub hamısını Allah yolunda istifadə etməsək, heç bir mənası qalmaz. Əsas olan mal-mülkün əsl sahibinin Allah olduğunu, Ona aid olan bu mülkü yenə Onun yolunda istifadə etməmiz lazım olduğunu unutmamaqdır. Bu, imanı bəsləmənin yollarından yalnız biridir. Heç kim sahib olduğunu zənn etdiyi dünya malını axirətə apara bilməmişdir. Tanıdığımız və bildiyimiz ən varlı insanlar belə yalnız bir bez parçasına sarılıb yaxşı və pis əməlləri ilə axirətə köçmüşdür. Mövqeyi və vəzifəsi, malı və mülkü, gücü və qüvvəti nə olursa olsun, hər gələn gedəcəkdir. İndi haradadır o mal-mülk, sağlamlıq və gözəllik?! Zaman onları əritdi. Möhtəşəm saraylardan məzar çuxuruna, yumşaq döşəklərdən sərt torpağa, ləzzətli yeməklərdən qurd-quşa yem olmağa getdilər. Malları, övladları, dostları onları qurtara bilmədi. Düşünən insanlar üçün bunda çox əhəmiyyətli ibrətlər vardır.

Bunun üçün imanımızı hər zaman canlı tutmaq, onu yeniləmək şərtdir. Necə ki, bir gün Allah Rəsulu (s.ə.s): “İmanınızı yeniləyin!”- buyurdu. Səhabələr: “Ey Allahın Rəsulu, imanımızı necə yeniləyək?”- deyə soruşduqda Rəsulullah (səs): “Lə iləhə illəllah sözlərini çox söyləyin!”- cavabını verdi.[4]

Müşfiq XƏLİLOV / İrfan Jurnalı


[1] Buxari, Cənaiz, 93

[2] Mürtəd – müsəlman olduqdan sonra İslamı tərk edən kəs.

[3] əl-Kəhf, 104

[4] Əhməd, II, 359; Hakim, IV, 285, 7657

Read Previous

Arı kimi olmaq.

Read Next

Rəhmət ayı gəlir