• 25 Dekabr 2024

Şəkili Allah dostlarından Mehmet Zahid Kotku (k.s)

mehmetzahidkotkuXX əsrin böyük İslam alimlərindən biri olan Məhməd Zahid Kotku, 1897-ci ildə Bursada dünyaya gəlmişdi. Atasının adı İbrahim Əfəndi, anasının adı isə Sabirə xanım idi. Ailəsi Osmanlı-Rus hərbindən (1877-1878) sonra 1879-cu ildə Azərbaycanın şimal qərbində yerləşən, tarixi, mədəniyyəti və ipəkçiliyi ilə məşhur Nuxadan (Şəki) Anadoluya köçmüş, Bursaya yerləşmişdi. O sırada atası İbrahim Əfəndinin 16 yaşı vardı. İbrahim Əfəndi Bursada, Həmzəbəy mədrəsəsində təhsil aldıqdan sonra müxtəlif məscidlərdə imamlıq vəzifəsində işlədi. Nəql edilir ki, İbrahim Əfəndi, həzrəti Məhəmmədin soyundan gələn Seyiddir.

Məhməd Zahid 3 yaşında olanda, yəni 1900-cu ildə anası Sabirə xanım vəfat etdi. Buna görə də atası İbrahim Əfəndi, Dağıstandan Anadoluya köçmüş Fatma xanımla evlənmişdir. Məhməd Zahidin nəql etdiyinə görə atasını onu həmişə “Oğlum Məhəmməd” deyə çağırarmış. Atası 1929-cu ildə 76 yaşında vəfat etmişdir.
Məhməd Zahidin doğma böyük qardaşı Əhməd Şakir, Qüdsdə və Çanaqqalada hərbçi olmuş, səngərdə xəstələnmiş və 28 yaşında vəfat etmişdir. Özündən balaca qardaşı isə bir neçə aylıq uşaq ikən dünyasını dəyişmişdir.
İlk təhsilini doğulub boya başa çatdığı Bursada, Orucbəy adına məktəbdə alan Məhməd Zahid, daha sonra Maksəmdə məktəbi bitirmişdir. Ardından Bursa İncəsənət məktəbinə qeyd olmuşsa da I Dünya müharibəsinin başlanması ilə 18 yaşında cəbhəyə yollanmışdır. İllərlə əsgərlikdə oldu, təhlükələrlə üzləşdi, xəstəlikdən əziyyət çəkdi. Osmanlı ordusunun Suriyadan çəkilməsindən sonra böyük bir əziyyətlə İstanbula gəldi. 1914-cü ilin İyul ayından etibarən 25-ci hərbi hissədə katib vəzifəsində işləyərək əsgərliyinə davam etdi.
İstanbulda qaldığı müddətdə müxtəlif dini məclislərdə, xüsusi dərslərdə və məscidlərdəki vəzlərdə iştirak etdi. 1915-ci ildə İstanbulda, Gümüşxanəvi dərgahına gedərək Dağıstanlı Şeyx Ömər Ziyaəddinin tələbəsi oldu. Şeyxin vəfatından sonra onun yerinə keçən Təkirdağlı Mustafa Feyzinin dini məclislərinə davam etdi və təsəvvüf yolunda təhsilini tamamlayıb icazət aldı. Ardından Bəyazid, Fateh və Ayasofiya məscidlərində oxudu, Quranı əzbərlədi. Bir müddət sonra şeyxin razılığı ilə müxtəlif qəsəbə və kəndlərdə din müəllimi kimi işləməyə başladı.
1929-cu ildə anadan olduğu şəhərə, Bursaya dönən Məhməd Zahid 15 il boyunca atasının imam olduğu İzvat kəndinin məscidində imamlıq etdi. Ardından Bursa şəhər mərkəzindəki Uftadə Məscidinə imam seçildi və 1945-1952-ci illərdə həmin vəzifədə çalışdı. 1952-ci ilin Dekabr ayında İstanbula dönən Məhməd, Fateh qəsəbəsindəki Çivizadə məscidinə imam təyin olundu. 1958-ci ilin Oktyabr ayından ömrünün sonunadək Fateh qəsəbəsindəki İskəndər Paşa məscidinin imamı vəzifəsini icra etdi.
Məhməd Zahid sadə xalq dilində danışmağı sevən bir insan idi. Müsəlmanların birlik və bərabərlik içində olmalarını xüsusi ilə təbliğ edirdi: “Görmürsünüz? Yağış nə qədər çox yağır yağsın, dənəcikləri dərhal birləşir və toplanırlar. Beləliklə dərələr, çaylar meydana gəlir. Nəticədə bunlar böyük su hövzələrini doldururlar. Bu suyla elektrik stansiyaları işləyir, torpaqların suvarılması həyata keçirilir, şəhərlərin elektrik təçhizatı aparılır. Bu nemət sayəsində insanlar rahatlıq tapır, işləri asanlaşır. Böyük bəxtiyarlıq məhz budur. Bundan ibrət alınmalı, xalqın birliyinə çalışmalıyıq. Tək-tək hərəkət etsək, hamımız məhv ola bilərik. Nə qədər dindar olsaq da birlik və bərabərliyə çalışmasaq heç bir irəliləyiş əldə edə bilmərik”
Ömrünün son illərini xəstəlikdən əziyyət çəkən Məhməd Zahid, 1979-cu ildə uzun bir müddət yaşamaq üçün getdiyi Hicazdan (Ərəb yarımadasının qərbi. Xüsusən Məkkə və Mədinənin yerləşdiyi ərazinin adı) 1980-ci ilin Fevralında dönmək məcburiyyətində qalmışdır. Təqribən bir ay sonra, yəni 1980-ci il martın 7-də mədəsindən ağır bir əməliyyat keçirmiş, tədricən yaxşılaşmış və hətta həmin ilin Ramazan oruclarını bütün ay boyunca tutmuşdur. Həcc mövsümündə isə yenidən Hicaza getmişdir.
Beləliklə, əməliyyatdan sonra xeyli yaxşılaşan Məhməd Zahid, həccdən döndükdən sonra təkrar xəstələnmiş, 1980-ci il noyabrın 6-da böyük çətinliklə İstanbula geri dönmüşdür. Dönüşündən bir həftə sonra, noyabrın 13-də vəfat etmiş və İstanbulda, Süleymaniyyə məscidinin qəbristanlığında, müəllimlərinin yanına dəfn olunmuşdur.
Məhməd Zahidin beş cildlik “Təsəvvüfi Əxlaq” adlı əsəri ilə bərabər “Dua Məcmuəsi”, “Cənnət Yolları” və “Möminlərə Moizələr” adlı əsərləri vardır.
Məhməd Zahid, gülərüzlü, şəfqətli, mütəvazi bir şəxs idi. Heç kimin qəlbini qırmamağa çalışardı. Dəqiq bildiyi bir məlumatı belə ilk dəfə eşidirmiş kimi böyük həvəslə dinləyərdi. Söhbətləri xoş, xütbələri çox həyəcanlı keçərdi. Tanıyıb tanımadığı adamlara salam verərdi. Heç kimdən bir başa bir şey istəməz, üstü örtülü ifadə edərdi. Gecə və gündüz ibadətlərini diqqətlə yerinə yetirər, tələbələrinə də məsləhət görərdi.
Məhməd Zahid Kotku ömrünün sonuna qədər Türk siyasətinə yön verən şəxsiyyətlərdən biri olmuşdur. Türkiyənin mədəni, iqtisadi və siyasi problemlərinə biganə qalmırdı. Müsəlmanların güclü ola bilmələri üçün mütləq sənayeləşməyə ehtiyac olduğunu hər söhbətində anladırdı:
“Bu qapının önündəki avtomobillər məni narahat edir. O avtomobillərin yerinə fabriklər, zavodlar inşa olunsa və vətəndaşlarımıza iş imkanları yaradılsaydı əcnəbilərin köləsi olmazdıq” deyirdi.
Məhməd Zahid Kotkunun söhbətlərində iştirak edən və onun məclislərində feyziyab olan Türk siyasətçiləri, bürokratları, millət vəkilləri vardı. Bunlar içində Türkiyə cumhuriyyətinin 8-ci prezidenti Turqut Özal, 9-cu prezidenti Süleyman Dəmirəl, keşmiş baş nazir Nəcməddin Ərbakan, keçmiş nazirlərdən Qorqud Özal, Hüsnü Doğan, Həsən Aksay kimi siyasətçilərinin adlarını çəkmək olar. Məhməd Zahidin onlar üzərində böyük təsir gücü vardı. Turqut Özalın da olduğu bir məclisdə yanındakılara belə demişdi: “Bu mühəndislərə kömək edin. Bunlar irəlidə Türkiyəni dəyişdirəcək, inkişaf etdirəcəkdirlər”.
Qorqud Özal qardaşı Turqut Özalın Məhməd Zahid ilə yaxınlığı haqqında bunları qeyd edirdi: “Turqut bəy, Məhməd Zahidin tələbəsi olmuşdu. Tanışlıqları 1960-cı illərdən başlayırdı. Çox yaxın münasibətləri vardı”.
Professor Nazif Gürdoğan, Görünməyən Universitet adlı kitabında aşağıdakıları qeyd edir:
“Dəyərli üstad ölkənin Osmanlıdan Türkiyə cumhuriyyətinə keçməsinin canlı şahidi idi. Bir çox problemləri açıqca görürdü. Türkiyənin istehsalatda geri olduğunu söyləyirdi. Türkiyənin sənaye ölkəsinə çevrilməsinin labüdlüyünü anladırdı. Anadolu insanına böyük düşünməyi o öyrətmişdi.”
Türk siyasətinin mühüm simalarından Nəcməddin Ərbakanın da Məhməd Zahid ilə yaxın dostluq əlaqələri vardı. Ərbakan, onu çox sevər, dərin hörmət göstərirdi. 1980-ci ildə Türkiyədə hərbi çevriliş olmuş, Ərbakan həbsə atılmışdı. O günlərdə Məhməd Zahid ağır xəstə idi. Hocanın vəfat etdiyini duyan Ərbakan, səssiz gözyaşlarına qərq olmuşdu. Hocanın cənazə mərasimində iştirak etməsi üçün həbsxana müdiriyyətindən icazə istənmiş, fəqət qəbul olunmamışdı. Bu, Ərbakanı daha da üzmüş və hönkürtü ilə ağlamışdı.
Türkiyənin içtimai-siyasi həyatında dərin izləri olan böyük İslam alimi Məhməd Zahid Kotkunun xatirəsi bu gün də Türkiyədə ehtiramla yad olunur. Hər il onu anma mərasimləri, xatirə gecələri keçirilir. Ümumiyyətlə baxdıqda, bir sıra dini təriqətlərin mövcud olduğu Türkiyədə Məhməd Zahid Kotku yolu bu gün də Türk siyasətində özünü açıq şəkildə hiss etdirməkdədir.

mənbə:

sunna.az

Read Previous

Qurani kərimdəki şəfa ayətləri

Read Next

İmam Buxari (rahmətullahi aleyh)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.