• 22 Dekabr 2024

Şəhidlik

images[6]

Möhtərəm möminlər, şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur. Bildiyimiz kimi şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Şəhidlik intihar deyil, intihar Allahın əmanətinə xəyanətdir, şəhidlik Allah yolunda canından keçməkdir. Belə ki bir ayədə Uca Allah belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” Bu gün İslam həyatımıza döndükcə insanların bu mövzu ilə, yəni şəhidliklə, şəhidlərin əslində kimlər olması ilə sualları daha da çoxalır. Şəhid və şəhadət xüsusi ilə müasir cəmiyyətimizdə çox bəhs edilən bir mövzuya çevrilmişdir. Belə ki, bu xalq dövlət və millət olma yolunda qan tökmüş, ölmüş, öldürmüşdür. Bu ölümlər cəmiyyətimizə özü ilə bərabər şəhidlik məfhumunu gətirmişdir. Əslində şəhidlik anlayışının bir müsəlman xalqı kimi bizim tariximizdə çox dərin köklərə malik yeri var. Şəhidlik İslamı bir dəyərdir, kökü Allahın kitabı Qurana bağlıdır. Əziz müsəlmanlar, islam alimləri şəhidi üç növə ayırırlar: 1. Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar. Bu qrupa aid olan şəhidlər o kimsələrdir ki, qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və həddi-buluğa çatmış müsəlmandır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində dərhal öldürülmüş olan müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarı ilə dəfn edilərlər. 2. Dünya hökmləri ilə şəhid olanlar. Zahirən müsəlman görünən əslində isə nə olduğunu Allah bilən, ancaq müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən hər hansı bir şəxs dünya hökmü ilə şəhiddir. Birinci qrupdakı şəhidlərə olan münasibət onlara da göstərilər. Bunlar ancaq axirət hökmü ilə şəhid sayılmaz. 3. Axirət hökmünə görə şəhid olanlar. Bu qrupda olanlar birinci qrupdakı kamil şəhidlərdən bəzi şərtlər baxımından əksik olduqları üçün onlar yuyulub, kəfənlənib dəfn edilərlər. Məsələn döyüşdə aldığı yaradan o an ölməyib yeyib içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra həyatını itirənlər bura daxildir. Bir hədisi-şərifdə Peyğəmbərimiz (s) belə buyurmaqdadır: “Əgər bir insan ən səmimi niyyətlə şəhid olmağı arzulayarsa, yorğan-döşəyində ölsə belə, şəhiddir”. Böyük İslam sərkərdəsi Xalid bin Vəlid ölüm yatağında hönkür-hönkür ağlayırdı. – Niyə ağlayırsan, ey Xalid, yoxsa ölümdənmi qorxursan, – deyə soruşdular. Xalid bin Vəlid belə dedi: – Nə qədər müharibələrə qatılmışam, nə qədər düşmən öldürmüşəm, bədənimdə qılınc yarası olmayan bir qarış yer yoxdur, amma nə yazıq mənə ki, cihad meydanında deyil dəvə kimi üzüqoylu uzanıb yorğan-döşəyimdə can verirəm. Bəli Xalid bin Vəlid kimi xalis bir niyyətlə şəhid olmaq isətənlər yorğan-döşəkdə ölsə belə şəhiddir. Əbu Hureyrə (r.a) rəvayət edir: Bir gün, Rəsulullah (s) soruşdu: “İçinizdən kimə şəhid deyirsiniz?” Səhabələr cavab verdi: “Ya Rəsulullah, Allah yolunda öldürülən şəhiddir” Rəsulullah (səs) buyurdu: “O zaman ümmətimin şəhidləri azdır”. Ya Rəsulullah, elə isə kimlər şəhiddir” – deyə səhabələr soruşdu. Rəsulullah (səs) belə cavab verdi: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir” Bu hədisdə keçən “qarnı səbəbi ilə” ifadəsi alimlərə görə qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir. Hədisdən, göründüyü kimi Rəsulullah (səs) şəhidliyi Allah yolundan başqa ölümlərə də aid etmiş və şəhadətin çərçivəsini daha da genişləndirmişdir. Cabirdən (r.a) rəvayət edilən bir rəvayətdə də Rəsulullah (s) “Qarnında uşağı olduğu halda ölən qadın da şəhiddir” deyə buyurmaqdadır. Said bin Zeyd rəvayət edir ki, Rəsulullahın belə dedyini eşitdim: “Kim malını müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə etdiyi zaman öldürülərsə o da şəhiddir.” Yuxarıdakı hədislərdə Allah yolunda deyil fərqli yönlərdə həyatlarını itirənlərin şəhidliyindən bəhs edilməkdədir. Bütün bunlarla yanaşı unutmamaq lazımdır ki bir kimsənin şəhid sayıla bilməsi üçün müsəlman olması və dininə bağlı olması əsas şərtdir. Xütbəmə bir ayə ilə son verirəm: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər. 17 Yanvar 2014/ 16 R.Əvvəl 1435

Read Previous

Şəhidlik Haqqında Xütbə (mp3)

Read Next

ŞƏHİDLİK (GÖRÜNTÜLÜ XÜTBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.