• 23 Dekabr 2024

Şəhidlik

56147
Möhtərəm möminlər, şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur.
Bildiyimiz kimi şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Belə ki bir ayədə Uca Allah belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” Bu gün İslam həyatımıza döndükcə insanların bu mövzu ilə, yəni şəhidliklə, şəhidlərin əslində kimlər olması ilə sualları daha da çoxalır.
Fəqihlər şəhidi üç növə ayırırlar:
1. Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar.
Bu qrupa aid olan şəhidlər o kimsələrdir ki, qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və ölüm zamanı ağıllı və həddi-buluğa çatmış müsəlmandır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində dərhal öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarı ilə dəfn edilərlər.
2. Dünya hökmləri ilə şəhid olanlar.
Zahirən müsəlman görünən əslində isə nə olduğunu Allah bilən, ancaq müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən hər hansı bir şəxs dünya hökmü ilə şəhiddir. Birinci qrupdakı şəhidlərə olan müamilə onlara da edilər. Bunlar ancaq axirət hökmü ilə şəhid sayılmaz.
3. Axirət hökmünə görə şəhid olanlar.
Bu qrupda olanlar birinci qrupdakı kamil şəhidlərdən bəzi şərtlər baxımından əksik olduqları üçün onlar yuyulub, kəfənlənib dəfn edilərlər. Məsələn döyüşdə aldığı yaradan o an ölməyib yeyib içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra həyatını itirənlər bura daxildir. Buna misal olaraq Hz. Öməri göstərmək olar. Abdulla ibn Ömər rəvayət edir ki, “Ömər ibn Xəttab şəhid olduğu halda yuyuldu, kəfənləndi, üzərinə namaz qılındı” Eyni zamanda suda boğulan, odda yanan, vəba, taun, ishal, qızdırma kimi xəstəliklərdən ölənlər, qürbətdə elm öyrənərkən həyatını itirənlər, hamilə olaraq və ya doğuş zamanı ölənlər, zülmə məruz qalaraq, canını, malını, namusunu, torpağını qoruyarkən öldürülənlər əgər dinlərinə bağlı insanlar olmuşlarsa bunlar da axirət şəhidi sayılır.
Şəhidlərin kimliyi haqqında Rəsulullahdan(səs) xeyli rəvayətlər vardır.
Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah(səs) soruşdu: “İçinizdən kimə şəhid deyirsiniz?” Səhabələr cavab verdi: “Ya Rəsulullah, Allah yolunda öldürülən şəhiddir” Rəsulullah(səs) buyurdu: “Elə isə ümmətimin şəhidləri azdır”. Ya Rəsulullah, elə isə kimlər şəhiddir” – deyə səhabələr soruşdu. Rəsulullah (səs) belə cavab verdi: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir”
Bu hədisdə keçən “qarnı səbəbi ilə” ifadəsi alimlərə görə qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir. Hədisdən, göründüyü kimi Rəsulullah(səs) şəhidliyi Allah yolundan başqa ölümlərə də aid etmiş və şəhadətin çərçivəsini daha da genişləndirmişdir. İmam Malik və Tirmizinin nəql etdiyi bir rəvayətdə də “Bu beş adam şəhiddir – deyərək yuxarıda keçənləri zikr etdikdən sonra – dağıntı altında qalan da şəhiddir” – deyə əlavə etmişdir.
Cabirdən rəvayət edilən bir rəvayətdə də Rəsulullahın (s) “Qarnında uşağı olduğu halda ölən qadın da şəhiddir” deyilməkdədir.
Said bin Zeyd rəvayət edir ki, Rəsulullahı dinlədim belə dedi: “Kim malını müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə etdiyi zaman öldürülərsə o da şəhiddir.”
Yuxarıdakı hədislərdə allah yolunda deyil fərqli yönlərdə həyatlarını itirənlərin şəhidliyindən bəhs edilməkdədir. Bütün bunlarla yanaşı unutmamaq lazımdır ki bu insanların bu məqamı qazanarkən müsəlman olması və dininə bağlı olması əsas şərtdir.
Xütbəmə bir ayə ilə son verirəm:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.
Uca Allah, 1990 cı il 20 Yanvar gün ateist rejim olan Sovet İmperyasına qarşı mübarəizə apararkən canını fəda edən müsəlman bacı və qardaşlarımıza rəhmət etsin.
Uca Allah, namusunu, malını, torpağını, ailəsini müdafiət edərkən öldürülən bütün müsəlman bacı və qardaşlarımıza şəhidlik savabı yazsın.

Read Previous

Ağlımızdan necə istifadə etməliyik?

Read Next

20 yanvar hadisələrindən öncə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.