• 03 Noyabr 2024

Şəfaət nə deməkdir? Hz. Peyğəmbərin (səv) şəfaəti necə olacaqdır?

Şəfaət kəlməsi lüğətdə “bir şəxsin bağışlanması üçün onun adına əfv istəmək, maddi və ya mənəvi bir imkana nail olmaq üçün səlahiyyətli şəxsə vasitəçilik etmək” mənasına gəlir. Dini terminologiyada isə “axirətdə günahkar bir möminin bağışlanması və ya yüksək dərəcələrə çatması üçün Allah dərgahında dərəcəsi yüksək olan birinin ona dua etməsi, bağışlama istəməsi” mənasına gəlir. Əvvəla qeyd edək ki, şübhəsiz, şəfaətin ən mühüm şərti müsəlman olmaqdır. Allahı və axirəti inkar edən inkarçılara və münafiqlərə (ər-Rum, 30/12-13), Allaha şərik qoşan müşriklər (əz-Züxrüf, 43/86) və əhli-kitaba (əl-Bəqərə, 2/123) nə şəfaət, nə də şəfaətçilərin şəfaətinin xeyri olacaqdır (əl-Müddəssir, 74/48). Odur ki, şəfaət ediləcək və günahlarının bağışlanması istəniləcək şəxs ilahi lütfə layiq olmalıdır. Günahkarlar şəfaətə etibar edərək saleh əməlləri tərk etməməlidirlər (əl-Bəqərə, 2/254). Çünki axirətdə vasitəçilik Allahın icazəsinə bağlıdır. Qurani-Kərimdə yer alan “…şəfaətin olmadığı” (əl-Bəqərə, 2/48; əl-Bəqərə, 2/254) ifadəsindən yola çıxaraq, əgər bunu məhdudlaşdıran və şərh edən nəslər olmasaydı, “axirətdə hər hansı vasitəçiliyin və şəfaətin olmayacağı” nəticəsi çıxarılardı. Lakin bu ayədən dərhal sonra gələn ayədə “yalnız Allahın izni ilə şəfaətin ola biləcəyi” (əl-Bəqərə, 2/255) vurğulanmışdır.

Alimlər axirətdə şəfaətin mümkün olduğunu, günahkar bəndələrə peyğəmbərlər və Allah dərgahında dərəcəsi yüksək olan digər seçkin insanlar tərəfindən (Buxari, Tövhid, 24; Müslim, İman, 302) şəfaət edilə biləcəyi fikrini müdafiə etmişlər. Çünki bir çox ayədə Allahın izni ilə olacaq bəzi istisnalardan bəhs olunur:

“Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar”. (Məryəm, 19/87)

“Allah onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız onun razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onun heybətindən qorxarlar”. (əl-Ənbiya, 21/28)

“Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və razı olduğu kimsələrdən başqa heç kəsə heç bir fayda verməz”. (ən-Nəcm, 53/26)

“Onun hüzurunda izin verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz”. (əs-Səbə, 34/23)

“O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz”. (Taha, 20/109)

Yuxarıda qeyd edilən ayələrdən axirətdə şəfaətin mümkün olduğu açıq-aydın başa düşülsə də, bunun olduqca məhdud olduğu və insanların şəfaətə arxayın olmadan özlərinin xilas olmaları üçün səy göstərməli olduqları ortaya çıxır. Çünki şəfaət axirət həyatı üçün qeyd-şərtsiz deyil, Uca Allah tərəfindən bəzi şərtlərə bağlanmışdır. Odur ki, insana düşən vəzifə vaxt itirmədən dərhal tövhid əqidəsini mənimsəmək, Allaha qulluq vəzifələrini yerinə yetirmək, əxlaqını düzəldib günahlarından tövbə etməkdir.

Hz. Peyğəmbərin (s.ə.s) şəfaəti necə olacaqdır?

Müxtəlif rəvayətlərdə bildirildiyinə görə, Uca Allahın izni ilə şəfaət etmə səlahiyyəti verilənlərin başında Hz. Peyğəmbər (s.ə.s) gəlir. Məhşərdə bütün insanlar həyəcan və iztirab içində olduqları bir vaxtda haqq-hesabın sürətli olması üçün Hz. Peyğəmbərin (s.ə.s) yanına gedərək ondan şəfaət istəyəcəklər. Bunun müqabilində Hz. Peyğəmbərin (s.ə.s) ümumi və əhatəli bir şəfaəti olacaqdır. Bir rəvayətdən öyrəndiyimizə görə, Hz. Peyğəmbər (s.ə.s) hər bir peyğəmbərin özünəməxsus və qəbul olunan bir duasının olduğunu və onunla dua etdiyini, onun isə bu duasını axirətdə ümmətinə şəfaət etmək üçün edəcəyini bildirmişdir (Buxari, Dəəvat, 1; Müslim, İman, 86). Buna “şəfaəti-üzma/böyük şəfaət” adı verilir. Sözü gedən bu şəfaət səlahiyyəti barəsində Qurani-Kərimdə “məqami-mahmud/təriflənən məqam” adı ilə məlumat verilir. Əbu Hüreyrədən nəql edildiyinə görə, “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) yüksəltsin” (əl-İsra, 17/79) ayəsindəki “məqami-mahmud” Hz. Peyğəmbərdən soruşulmuş, o da: “Bu, şəfaətdir!” – deyə cavablandırmışdır (Tirmizi, Təfsir, 17). Hədislərdə həm Hz. Peyğəmbərin (s.ə.s) ümmətinin günahkarlarına, həm də digər peyğəmbərlərin öz ümmətlərinə şəfaət etmə haqları olduğundan bəhs edilir (Buxari, Təfsir, 18). Peyğəmbərlərdən başqa alimlər, şəhidlər (İbn Macə, Zöhd, 37) və Qurani-Kərim (onu oxuyanlara) şəfaət edəcəkdir (Müslim, Müsafirun, 252). Həmçinin kiçik yaşda, həddi-büluğa çatmadan vəfat edən uşaqların ata-analarına şəfaət edəcəkləri ilə bağlı hədislər də vardır. (Buxari, Cənaz, 6, 91; Müslim, Birr, 153)

Nəticə etibarilə, Uca Allahın şəfaət etmək üçün icazə verdiyi kəslər axirətdə günahkar olan iman sahiblərinə, məhdud şərtlər altında olsa da, şəfaət edəcəklər. İnsanın əsil qurtuluşu başda iman olmaqla, saleh əməllərə yönəlməsi və ilahi əmr və qadağalara tabe olmasına bağlıdır. Çünki şəfaətə nail ola bilmək üçün müəyyən qədər qulluq mərhələsinə çatmaq lazımdır. Hz. Peyğəmbərin (s.ə.s) son nəfəsini verdiyi əsnada: “Qızım Fatimə və bibim Səfiyyə, sabah Allahın hüzuruna çıxmaq üçün yaxşı işlər görməklə məşğul olun! Bilin ki, mən sizi Allahın əzabından xilas edə bilmərəm!” (Buxari, Vəsaya, 11, Təfsir, 2) – deyərək etdiyi tənbeh heç vaxt unudulmamalıdır.

Mənbə:irfandergisi.com

Read Previous

İki günü eyni olan ziyandadır. (səsli xütbə)

Read Next

Ramazan təqvimi 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.