• 13 Noyabr 2024

Şeytanın hiylələri

  sheytanin hiylelelri    Əziz müsəlmanlar, Sizində bildiyiniz kimi Şeytanlar insanın ən qəddar, ən təhlükəli və ən qorxulu düşmənləridir.  Onlar elə gizli düşmənlərdir ki, insan həmişə onların hiyləsinə düşür. Şeytan əvvəl gündən insan oğluna düşmən kəsilib və düşmənçiliyində daim fəal olub. O, insanın əqidəsini, inancını və əxlaqını məhv etmək, başqaları ilə düşmənçiliyə düşməsi üçün hər cür hiyləyə əl atır və onun hiylələri və əməlləri bitmək bilmir. Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə açıq-aydın bildirib ki, şeytan insanın ən böyük düşmənidir. Bir ayədə buyurulur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.”(Fatir,6) Ayədə Allah Təalanın aydın şəkildə “şeytanı özünüzə düşmən tutun!” əmrini görürük. Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, başqalarına böhtan atmağı) əmr edər.” (əN-Nur,21) Şeytan çox hiyləgərdir və o, insanları zəif nöqtələrindən yapışaraq yoldan çıxarır. O, xüsusilə də müsəlmanlarla çox ehtiyatlı davranır və tədricən onu çaşdırmağa başlayır. Şeytan heç bir zaman müsəlmanı birbaşa küfrə sarı çağırmaz. O bilir ki, İslamdan küfrə getmək heç də asan deyil. Şeytan imanı güclü olan şəxsi belə günah işlər görməyə sövq etmir. O, imanlı şəxslə çox incə və ehtiyatlı hərəkət edir. O, mömin şəxsi dah çox halal, günah olmayan və eyni zamanda savabı da olmayan işlərə cəlb edir. Bu yolla o, mömini yavaş-yavaş ibadət və itaətlərə qarşı soyudur. Mömin şəxs mübah (savabı olmayan halal) şeylərdən çox istifadə etdikcə, artıq sünnətə az riayət etməyə başlayır. Təbii haldır ki, sünnətə az riayət etdikdə, bəzi fərzlərə əməl etməkdə insan zəiflik göstərir. Şeytan, mömində dininə güclü bağlılıq gördükdə, ona ən sevdiyi yandan yanaşır. Bu zaman o, möminə həmin sevdiyi məsələni şişirdir və onda fanatlıq yaradır. Şeytan üçün ən asan loxma və ən asan iş, fərzlərdə tənbəllik edən möminləri azdırmaqdır. Fərzlərə və vacib ibadətlərə çox da əhəmiyyət verməyən mömin, şeytanın əlində tez azır. Şeytan onda, bütün fərzlərə qarşı tənbəllik oyadır, bundan sonra artıq haram işlərə onu cəlb edir. Şeytan bununla da əl çəkmir. O, insanı azdırıb bir günah iş gördükdən sonra çəkilib getmir. İnsanın etdiyi günahı onun gözündə gözəlləşdirir və onu sevindirir. Həmin insanı bircə dəqiqə də vicdanı ilə buraxmır ki, birdən peşman olar, vicdan əzabı çəkər. İnsan beləcə etdiyi günahlarla sakit gəzə bilir, daxilində rahatlıq hiss edir. Şeytanın bu cür hiylələrinə hər birimiz rast gəlirik. Məsələn: Pozğunluq və zina edən şəxslər düşünürlər ki, bu azadlıqdır, demokratiyadır, hamı öz istədiyini etməlidir. Yaxud pozğunluq edən qadın çörək pulu qazanır deyə özünə bəraət qazandırır. Eləcə də oğurluq edənlər bunu çörək pulu qazanmaq üçün çıxılmaz vəziyyət kimi qəbul edir. Şeytan hamının günahlarına bəraət qazandıra bilir və günah edənləri rahat edir. Şeytanın vəsvəsəsi insanların şəhvət və istəklərilə uyğun gəlir deyə, insanlar bu vəsvəsəyə tez uyurlar. Şeytan insanları dünyəvi maddiyyətlərlə aldadır və onları asanlıqla azdırır. Uca Allah buyurur: “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər.” (əl-Bəqərə, 268) Həmçinin şeytan insanlar arasında düşmənçilik, dava-dalaş və problemlər yaradır. Ayədə buyurulur: “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər.” (əl-Maidə, 91) İçki və qumardan başqa, cəmiyyətdə yayılmış bir çox günahlarla şeytan insanlar arasında ədavət sala bilir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə, 90). İnsan daim xeyir və şərr arasında qızğın mübarizədədir. Haqq və batili ayırarkən şeytan buna müdaxilə edir və müsəlmanları daim məğlub etmək istəyir. Müsəlmanların məğlubiyyətinə nail olmaq üçün isə şeytanın bir neçə hiylələri var. Məsələn, müsəlmanları kafirlərdən qorxudur. Allahu Təala buyurur: “Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö’minsinizsə, Məndən qorxun!”(Ali-İmran,175). Şeytan müsəlmanlara və ümumən insanlara həmişə yalan vədlər verir, onları yuxular və xəyallar içində yaşadır. Nisa surəsi 120 ci ayə buyurulur: “(Şeytan) onlara və’dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan və’dlər verir.” Başqa bir ayədə isə belə buyurulur:”Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).” (əl-Furqan, 29). Əziz möminlər, Xütbəmə Qurani-Kərimin son surəsi olan Nas surəsinin məali ilə son verirəm: “(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların İlahına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan ki) cinlərdən də olur, insanlardan da!”

03. May 2011 / 02 Rəcəəb 1432

Read Previous

Şükr etmək.

Read Next

Abort

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.