• 25 Dekabr 2024

Sual: İnternet aləmində Mesenger ve Facebook kimi şəbəkələr vasitəsiylə naməhrəmlərin yazışması, əlaqə saxlamasının hökmü nədir?

Cavab: Bir şəxsin iş, ticarət, şagirdlik, tələbəlik və digər bu kimi gündəlik ehtiyaclarından kənar əks cinslə yalnız onunla evlənmə məqsədilə görüşə bilər, habelə bir-birlərini görmələri, baxmaları və ictimai yerlərdə görüşüb-danışmaları, telefon, internet və digər sosial şəbəkələr vasitəsilə görüşmələri caiz hesab edilmişdir. Qurani-Kərimdə (Nur, 24/30, 31) kişi və qadınların gözlərini haramdan qorumalarını bildirən ayələrin hökmü bir sıra hədislərlə və digər zərurətlərlə təxsis edilmişdir; 1. Tərəflərdə evlənmə məqsədi olduqda. Belə ki, Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: “Sizdən biriniz bir qadınla evlənmək istədikdə, onun evlənməsini təşviq edən xüsusiyyətlərinə baxa bilirsə baxsın!” (Əbu Davud, Nikah, 18; Tirmizi, Nikah, 5). 2. Səhabələrdən biri bir qadınla evlənmək istəyirdi. Rəsulullah (səs) ona belə tövsiyə etdi: “Get və onu gör! Çünki görmək bir-birinizə isinişməniz üçün daha yaxşıdır” (Müslim, Nikah, 74, 75; Tirmizi, Nikah, 5; İbn Macə, Nikah, 9). 3. Bir-birini heç tanımayan bir kişi ilə qadının hər hansı bir şey soruşma, məlumat əldə etmə, bilik müsabiqəsinə iştirak etmə, fitva soruşma, alış-veriş və digər gündəlik tələbatlar üçün üzbəüz, telefon ya da internet vasitəsilə əlaqə saxlamasında hər hansı günah yoxdur. Lakin zəmanəmizdə çetləşmə deyilən yolla sırf əylənmək, xoş vaxt keçirmək, hətta özünə həyat yoldaşı tapmaq üçün edilən, ələlxüsus kameralı virtual görüşlər əksər hallarda tərəflərə zərər verir və qeyri-əxlaqi vəziyyətlərə gətirib çıxarır. Bundan əlavə evli olan bir kişi və ya qadının bu kimi əlaqələri qısa müddət ərzində ailədaxili münasibətlərə əks olunur və boşanmalarla nəticələnə bilər. Ona görə də virtual görüşlərin ailəni dağıdan bir fəsad olduğunda şübhə yoxdur. Evli olmayan oğlan və qızların virtual görüşləri isə xoş vaxt keçirmək üçün olarsa, qeyri-əxlaqi davranışlara, çirkin təkliflərin edilməsinə yol açdığı üçün ən azından məkruhdur. Bu kimi yazışmalar (çetləşmələr) yaxşı niyyətlə, həyat yoldaşı tapmaq üçün edilsə belə, bu da qeyri-dəqiq bir arayış olduğu üçün aldanmalara, hətta ailə faciələrinə səbəb ola bilər.

Read Previous

“İnflayasiya durumlarında və ya devalyasiyaya məruz qalmış borc necə qaytarılmalıdır?”

Read Next

Dostun şeytanın dostu oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.