• 23 Dekabr 2024

Təsbehlə zikr etməyin hökmü

 tesbih[1]Təsbehlə zikr etməyin hökmü

 Təsbehlə zikrə İslam şəriətinin münasibəti necədir?

 Elm əhli bunu mütləq surətdə bidət və haram olaraq qəbul edirmi?

Beləliklə yazıda aşağıdakı nöqtələrə toxunulacaq:

Zikrin sayılmasında sünnət olan nədir?

Zikrin barmaq uclarından başqa bir şeylə sayılması caizdirmi?

Bu məqsədlə məhz təsbehdən istifadə eləmək caizdir yoxsa bidət və haram?

Təsbeh istifadəsi sadəcə zikr sayını qarışdıranlar üçünmü, yoxsa hər kəs üçün caizdir?

Bu kimi şeyləri göstəriş və riya üçün istifadə eləməyin hökmü?

Hənbəli alimlərindən Əhməd İbn Teymiyyə xırda daşlar, meyvə dənələri (çəkirdək) və təsbehlə zikr etmək, daha doğrusu edilən zikri bu şeylər vasitəsilə saymaq barədə dedi:

“Zikrin barmaqlarla sayılması Sünnətdir. Necəki, Nəbi – sallallahu aleyhi və səlləm – qadınlara demişdi: “Zikr edin və barmaqlarla sayın. Şübhəsiz ki, onlar (Qiyamətdə) sorğu-sual olunacaq və danışdırılacaqlar.”

Zikrin xırda daşlar və meyvə dənələri və bənzəri şeylərlə sayılmasına gəlincə bu gözəl işdir! Səhabədən – Allah onlardan razı olsun – belə edənlər vardı. Nəbi – sallallahu aleyhi və səlləm – möminlərin anasını xırda daşlarla zikr edərkən gördü və və buna etiraz etmədi. Əbu Hureyrənin də bunlarla zikr etdiyi rəvayət edilmişdir.

Muncuqlar və bənzərlərinin nizama düzülmüş şəkliylə (təsbehlə) zikrə gəlincə insanlardan bunu kərih görənlər (xoş qarşılamayanlar) və kərih görməyənlər vardır.

Niyət yaxşı olduqda bu əməl (təsbehlə zikr) məkruh olmayan gözəl bir əməldir!

Lakin, buna ehtiyac olmadan təsbeh əldə etmək, boyundan asmaq və ya bilərzik kimi qola taxmaq surətilə onu insanlara göstərmək və bənzəri əməllərə gəlincə bu ya insanlar üçün riyadır/göstərişdir, ya da haqqında riyakarlıq şübhəsinin doğmasına səbəb və ehtiyac olmadan riyakarlara bənzəməkdir ki bunun birincisi haram, ikincisi isə ən yaxşı halda kərahətdir.

İnsanların Namaz, Oruc, Zikr, Quran oxumaq kimi xüsusi ibadətlərdə riyakarlığı günahların ən böyüklərindəndir…”

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmu Fətava: 22/506

Mədinə: 1425/2004

 

   İlk olaraq İbn Teymiyyənin sözlərini nəql etməyimin səbəbi təsehlə zikr etməyi bidət olaraq görənməlum firqənin sözdə onun yolunda olduqlarını söyləmələri və ondan daha dəyərli İmamların məzhəbində bağlananları qınadıqları halda bir çox halda ona təsübkeşliklə bağlanmalarıdır.

İbn Teymiyyənin sözlərindən anlaşılan zikrin barmaq uclarıyla sayılmasının sünnət olduğu, digər şeylərlə – daş, dənə və təsbeh kimi – sayılmasının isə şərən caiz və gözəl olduğudur.

Dənələrlə zikr saymağı qəbul edib, bunu təsbehlə etməyi qəbul etməyən kimsəni anlamaq çətindir. Eyni dənələrin nizamla ipə düzülməsi hökmə təsir edəcək növdən bir dəyişmədirmi?

Rəsulullahın özünün bu əməli etmədiyini irəli sürərək edilən etiraza gəlincə… Səhabələrin bu əməli Rəsulullahın – sallallahu aleyhi və səlləm – iqrarından sonra qəti dəlil şəklini almışdır. Çünki, Usul elmindən məlumdur ki, Onun bir məsələyə etiraz etməməsi o işin caizliyi göstərir və bu növ sünnət təqriri sünnət adlanır.

Bu işdə riyakarlığa gəlincə riya ayrılıqda da günah olub, təsbehin əsli hökmüylə bir əlaqəsi yoxdur.

İbn Teymiyyənin : “Birincisi haram, ikincisi isə ən yaxşı halda kərahətdir…” sözündə birincidən qəsd riyakarlıq, ikincidən qəsd riyakarlara bənzəmək və belə təsurat oyatmaqdır.

Allah ən doğrusunu bilən və dilədiyinə onu öyrədəndir!

 

Hədis elmində Şeyxul İslam sayılan İbn Hacər Əl Asqalani  təsbehlə zikr edərdi. Bunu onun tələbələrindən Muhamməd Əs Səxavi “Əl Cavəhir vəd Durər fi Tərcəməti Şeyxil İslam İbni Hacər” adlı kitabında rəvayət edir:

“İbn Hacər – Allah ona rəhmət etsin – işa namazından sonra və başqa zaman müzakirə məqsədilə camaatla oturduğu zaman təsbeh paltarının qol hissəsinin altında, kimsənin görməyəcəyi şəkildə olardı.

Məclisdəki zamanın çoxunu təsbih və zikr edərək davamlı şəkildə onu çevirərdi.

Bəzən təsbeh paltarının qolundan düşər və o əməllərini gizləməyə olan rəğbəti səbəbilə bundan təsirlənərdi/narahat olardı.”

Qaynaq: Muhamməd Əs Səxavi: Əl Cavəhir vəd Durər: 1/111

 

   İbn Hacərin – Allah ona rəhmət etsin – əməlində ən diqqət çəkən nöqtə onun zikr etdiyini gizləməyə və riyadan uzaq qalmağa çalışması oldu. Salah əhli alimlərin və həqiqi axirət yolçularının halı budur.

Orta Asyadakı elm mərkəzlərinin yetişdirməsi olan Əbul Bərəkət Ən Nəsəfinin “Kənzud Daqaiq” əsərinə yazılan şərhlərdən biri də Alləmə İbn Nuceym Əl Misrinin “Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq” əsəridir. Şarih orada zikrləri təsbehlə saymaq barədə deyir:

“Said bin Əbi Vaqqasdan: O Nəbiylə – sallallahu aleyhi və səlləm – bərabər önündə onlarla zikr etdiyi meyvə dənələri və ya xırda daşlar olan bir qadına yanaşdı.

Nəbi – sallallahu aleyhi və səlləm – buyurdu: Sənə bundan daha asan və daha fəzilətli olanı xəbər verim? Deki: Allah səmada yaratdıqlarının sayı qədər Subhandır, Allah yerdə yaratdıqlarının sayı qədər Subhandır, Allah bu ikisi arasında yaratdıqlarının sayı qədər Subhandır, Allah nələrin Xaliqidirsə o qədər Subhandır.

Əlhəmdulilləh, Allahu Əkbər, Lə İləhə İllə Allah, Lə Havlə və lə Quvvətə İllə Billəh zikrləri də eyni qaydada”

Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – qadına bunu (dənələrlə zikri) qadağan etmədi. Sadəcə qadını daha asan və daha fəzilətli olana yönləndirdi. Əgər qadının elədiyi məkruh/xoşagəlməz olsaydı, mütləq qadına bunu açıqlayardı.

Bu və bənzəri hədislər, zikrləri saymaq məqsədilə məlumumuz olan təsbehdən istifadə etməkdə bir bəis olmadığını göstərən dəlillərdəndir.

Çünki, təsbehin hədisdə sözügedəndən fərqi dənələrin və ya bənzəri şeylərin bir ipə düzülməsindən başqa bir şey deyildir. Bu nöqtədə fərqi olmadığı kimi, qadağan olunma nöqtəsində də dənələrin ipə düzülməsinin təsiri olmaz.

Şübhəsiz ki, təsbehdən istifadə Xeyir Əhli Sufilərdən olan bir Camaatdan və digərlərindən də nəql olunub..”

Qaynaq: İbn Nuceym Əl Misri: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 2/51-52

Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997

 

Azərbaycan diyarının yetişdirdiyi muhaddislərdən Əl Xatib Ət Təbrizinin məşhur kitablarından biri də “Mişkatul Məsabihdir”. Kitaba bir çox şərhlər yazılmışdır. Şərhlərin ən böyüyü olan “Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih” adlı kitabın yazarı Mulla Əli Əl Qari hədislərdən birinin şərhində təsbeh haqda söz açır:

 

“Said bin Əbi Vaqqasdan: O Nəbiylə – sallallahu aleyhi və səlləm – bərabər önündə onlarla zikr etdiyi meyvə dənələri və ya xırda daşlar olan bir qadına yanaşdı.

Nəbi – sallallahu aleyhi və səlləm – buyurdu: Sənə bundan daha asan və daha fəzilətli olanı xəbər verimmi? Deki: Allah səmada yaratdıqlarının sayı qədər Subhandır, Allah yerdə yaratdıqlarının sayı qədər Subhandır, Allah bu ikisi arasında yaratdıqlarının sayı qədər Subhandır, Allah nələrin Xaliqidirsə o qədər Subhandır.

Allahu Əkbər, Əlhəmdulilləh, Lə İləhə İllə Allah, Lə Havlə və lə Quvvətə İllə Billəh zikrləri də eyni qaydada.”

Bu hədisi Tirmizi, Abu Davud, rəvayət etmişdir.

Şərh: … Bu hədis Rəsulullahın – sallallahu aleyhi və səlləm – təqriri səbəbilə (etiraz etməməsilə) təsbehin cəvazı üçün səhih bir dəlildir. Çünki, dənəylə zikr etmək təsbehlə etmək kimi bir şeydir. Çünki, zikrin sayıldığı şeylərin ipə düzülməsilə dağınıq olması arasında bir fərq yoxdur.

Təsbehi bidət sayanın görüşünə etibar yoxdur. Şeyxlər təsbehin şeytan qırbacı olduğunu söyləmişlər (zikr edildikdə şeytan qırbacla vurulmuş kimi olar).

Rəvayət edildiyinə görə Cuneyd ölüm ayağındaykən əlində təsbeh vardı və ona bu haqda sual verildi. Cavabən dedi: Bu, onunla Allaha qovuşduğumuz şeydir, onu necə tərk edək? …”

Qaynaq: Mulla Ali Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 5/221 (Hədis: 2311)

Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001

 

 

 

İbn Hacər Əl Heytəmi “Şərhul Ərbainən Nəvəviyyə” adlı kitabında belə deyir: Təsbeh haqqında möminlərin analarının bəzilərindən həqiqi bir əsl/dayanaq varid olmuş və Nəbi – sallallahu təala aleyhi və səlləm – bunu təqrir etmişdir. (Etiraz etməmişdir).”

 

Qaynaq: İbn Abidin: Minhətul Xaliq bi Hamişil Bəhrir Raiq: 2/51

Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997

 

İmam Muhyiddin Ən Nəvəvi  “Təhzibul Əsma val Luğat” adlı kitabında təsbeh haqqında deyir:

“Əs Subha (Təsbeh): “Əs Sin” hərfinin zamməsi, “Əl Bə” hərfinin sükunuyla oxunur. Bu, nizamla düzülmüş muncuqlardır ki onlar vasitəsilə zikr çəkilir, bilinən bir şeydir. Ondan istifadə eləmək Xeyir əhlinin adətlərindəndir.”

 

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Təhzibul Əsma val Luğat: 3/143-144

Beyrut: Darul Kutubil İlmiyyə

.

Hədis elmində İmam Əhmədin müəllimlərindən olan Yahya bin Səid Əl Qattan təsbehdən istifadə edərdi. Bunu İmam Zəhəbi nəql etmişdir:

 

 

Məşhur Mutasavvıf Cuneyd Əl Bağdadi təsbehlə (gündə 30 000 dəfə) Uca Allahı zikr edərdi. Bunu İbn Kəsir nəql edir:

 

 

“Bəzi insanlar onda təsbeh gördülər və ona belə deyildi: Sən bu şərəfinə rağmən təsbeh daşıyırsan?

Cuneyd dedi: Bu onunla Allaha vasil olduğum bir yoldur, ondan ayrılmaram.”

Qaynaq: İbn Kəsir: Əl Bidayə vən Nihayə: 14/768

Daru Həcr: 1419/1998

 

 

 

Read Previous

Ukraynalı nazir Valeri Kravets İslamı qəbul edib

Read Next

Əsəd rejimi azyaşlı uşaqları yandırıb: 250 ölü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.