• 25 Dekabr 2024

“TİLAVƏT SƏCDƏSİ” ETMƏK VACİBDİRMİ?

imagesSUAL:Qurani-Kərimdən səcdə ayələri oxunduqda səcdə etməyin hökmü və şəkli necədir? Kaset və ya CD-dən Qurana qulaq asanlar üçün hökm dəyişirmi?

Cavab: Qurani-Kərimdə on dörd yerdə səcdə ayəsi vardır. Bu ayələrdən birini oxuyan və ya dinləyənin etdiyi səcdəyə “tilavət səcdəsi” deyilir. Uca Allah belə buyurur: “Onlara nə olub ki, iman gətirmirlər? Özlərinə Quran oxunduqda səcdə etmirlər?”(İnşiqaq, 20/21; bundan başqa digər səcdə ayələri üçün bax. Əraf, 7/206; Rəd, 13/15; Nəhl, 16/50; İsra, 17/109; Məryəm, 19/58; Həcc, 22/18; Fürqan, 25/60; Nəml, 27/25; Səcdə, 32/15; Sad, 38/25; Füssilət, 41/38; Nəcm, 53/62; Ələq, 96/19). Əshabələrdən rəvayət edilən müxtəlif hədislərdə Hz. Peyğəmbərin (s.ə.s) səcdə ayələrini oxuduqdan sonra dərhal səcdəyə qapandığını bildirilmişdir (bax. Buxari, Sücud, 8, 9, 12). Qeyd edilən dəlillərə istinad edərək, hənəfilər tilavət səcdəsinin vacib olduğu qənaətinə gəlmişlər. Digər üç məzhəbə görə isə, tilavət səcdəsi sünnədir. Onların dəlili isə Zeyd ibn Sabitdən nəql edilən: “Hz. Peyğəmbərə Nəcm surəsini oxudum və bizdən heç kəs səcdə etmədi” hədisidir (bax. Buxari, Sücud, 6; Müslim, Məsacid, 106; Tirmizi, Cuma, 52; Nəsai, İftitah, 50). Bundan əlavə, Hz. Ömər “Nəhl” surəsindəki səcdə ayəsini ikinci cümədə oxumuş və camaatı səcdə edib-etməməkdə sərbəst buraxmışdır. Belə ki, Ömər demişdir: “Səcdə edən savab qazanar, səcdə etməyənə isə hər hansı günah yoxdur.” Hz. Ömər özü səcdə etməmişdir. Abdullah İbn Ömərin rəvayətində belə qeyd olunur: “Allah bizə səcdə etməyi fərz buyurmamışdır, lakin özümüz istəsək edərik” (bax. Buxari, Sücud, 10).

14 səcdə ayəsinin bir qismi müşriklərin Allaha boyun əyməməsi və səcdə etməkdən boyun qaçırması ilə bağlıdır. Bir qismində isə, möminlərə səcdə etmək əmr olunur. Məhz bu səbəbdən, səcdə ayələrini oxuyan və eşidən həm Allahın əmrinə tabe olmaq, həm də müşriklərin üsyanına münasibət bildirmək üçün səcdə etməlidir.

Tilavət səcdəsi edilərkən bədən və paltar təmiz, edən şəxs isə dəstəmazlı olmalıdır. Daha sonra isə tilavət səcdəsi etmək niyyəti ilə qibləyə çevrilərək əlləri qaldırmadan “Allahu əkbər” deyib səcdəyə qapanılır və 3 dəfə “sübhanə Rabbiyəl-ələ” dedikdən sonra “Allahu əkbər” deyərək səcdədən qalxılır. Tilavət səcdəsindən sonra ayağa qalxarkən “ğufranəkə Rabbənə və ileykəl məsir” demək müstəhabdır.

Tilavət səcdəsini etmək üçün eşidilən ayənin səcdə ayəsi olduğu bilinməlidir. Ona görə də eşitdiyi ayənin səcdə ayəsi olduğunu bilməyənə talavət səcdə vacib deyil. Cd, radio, televizor və s. kimi kütləvi informasiya vasitələrində Quran dinləyərkən səcdə ayəsi oxunar, dinləyən də bunun səcdə ayəsi olduğunu bilməzsə səcdə etmək vacib olmaz. Ancaq oxuyan şəxs dinləyiciləri xəbərdar edər və ya Quranı tərcüməsindən oxuyan, yaxud izləyən şəxs səcdə ayəsi olduğunu anlayarsa, səcdə etməlidir.

MƏNBƏ:

İRFAN JURNALI

Read Previous

ORTA AFRİKADA MÜSƏLMANLARI QORXUYA SALAN “XRİSTİYAN ZÜLMÜ”

Read Next

ÖVLADLIĞA UŞAQ GÖTÜRMƏK CAİZDİRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.