• 22 Dekabr 2024

Tövbə və İstiğfar

Möhtərəm möminlər, günah işlətmək bəşəri xüsusiyyətlərdən biridir. Peyğəmbərlər xaric heç kim məsum deyildir. Uca Allah İnsanı palçıqdan və ruhdan yaradıb. İnsanda bu iki ünsür mövcuddur. Yer ünsürü və Rəbbani ünsürü. Çox vaxt bu ünsürlərdən biri digərinə qalib gəlir. Öz təsirini insanda əks etdirir. Bəşərin atası Adəm əleyhissəlam haqqında Allah-təala belə buyurur: “Doğrusu bundan əvvəl Adəmə də şeytana uymamağı tövsiyə etmişdik. Lakin o tövsiyəmizi unutdu və Biz onda əhdi qorumağa əzm, səbat görmədik” (“Taha” surəsi, 115), “Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı. Amma mətləbinə yetmədi” (“Taha” surəsi, 121).

Əgər bəşərin atası Adəm əleyhissəlam səhv (zəllə ) edibsə, onun övladlarının da günah qazanması təəccüblü deyil. İnsanın təbiətən günaha mübtəla olması labüddür. “Əks halda Allah-təalanın gözəl adları (əsmail-husna) öz mənalarını əks etdirməz.
Allahın gözəl adlarından biri də Qaffar, Əfuv,  Təvvabdır. Yəni Uca Allah bağışlayan, əfv edən və tövbələri qəbul edəndir. Əgər insan məsum olsaydı, günah qazanmasaydı, Allah kimi bağışlayardı, kimi əfv edərdi, kimin tövbəsini qəbul edərdi? Deməli, insanın məsum, pak olması bu gözəl adlara ziddir. Onları öz mənasından kənarlaşdırır. Buna görə də bir hədisdə Rəsullullah (səs) buyurur: “And olsun Allaha! Əgər günah edib bağışlanmağınızı istəməsəniz, Allah sizi aradan götürüb əvəzinizə günah edib bağışlanmalarını istəyən bir camaat gətirər. Allah da onları bağışlayar”.
Deməli günahların insandan hasil olması təbiidir. Qeyri-təbii isə insanın günahlara davam etməsidir, Allaha qayıtmamasıdır. Tövbə və istiğfar etməməsidir. Bax, bu fəlakətdir.
Allah-təala insandan hasil olan günahların bağışlanması üçün bizə bir neçə yollar öyrədib. O yollardan birincisi – tövbədir. Tövbə insanın günahlarını yuyub aparır, necə ki, pak su çirkdən təmizləyir. Əgər günahkar kəs həqiqi tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Günahdan tövbə edən kəs günahı olmayan kimidir. Hətta Allah Təala günahından tövbə edən kimsənin keçmiş günahlarını belə savaba çevirir.
Belə ki, Allah-təala müşrik, zinakar, qafillər haqqında belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə və Allahın rizasını qazanmış halda dönər!”[1]

Günahlardan paklanmaq üçün ikinci yol – istiğfardır, yəni Allahdan etdiyi günaha görə bağışlanmağını istəməkdir. Bir ayədə buyurulur: (Hud aleyhissalam dedi) “Ey camaatım! Rəbbinizdən bağışlanmağınızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu, peydərpey yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!”[2] İstiğfar sözünün mənası Allahdan bağışlanmasını istəməkdir. Nə üçün insan Allahdan bağışlanmasını istəməsin? Axı Allah-təala bağışlayandır!
“Nisa” surəsinin 110-cu ayəsində Allah-təala buyurur: “Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər”.
Allah-təala Quranda müttəqiləri yəni təqva sahiblərini belə vəsf edir: “Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb tövbə edərək günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!” (“Ali-İmran” surəsi, 133-136).
Bu ayələr təqva sahiblərinin xususiyyətlərindən bəhs edir. Müttəqilər nə peyğəmbərdir, nə məsumdur, nə də mələkdir. Onların günaha batması mümkündür. Lakin mütəqilərin digər  insanlardan fərqi onların tezliklə Allaha dönüb bağışlanmalırını istəmələridir. Onlar Allahı zikr edir, Onun rəhmətinə sığınırlar.
Əziz möminlər, hətta peyğəmbərlər belə Allahdan bağışlanmalarını istəyiblər. Bütün peyğəmbərlər, salehlər Allaha dua və istiğfar ediblər. Onların duası Qurani-Kərimdə bildirilir. Quranda buyurulur: “Ey Rəbbimiz, həqiqətən biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib sənə iman gətirdik. İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!”[3]

Ən çox tövbə və istiğfar edən peyğəmbərimiz Hz. Muhamməd (səs) olub. Allah ona özü və ümməti üçün bağışlanmasını istəməyi əmr edib. Həmçinin Allah-Təala Peyğəmbərimizin əvvəlki və sonrakı günahlarını bağışlayıb. Amma Peyğəmbərimiz öz Rəbbindən bir anlıq da olsun qəflətdə olmayıb. Hz. Peyğəmbər (səs) gündə 70 və ya 100 dəfə istiğfar edərdi.

Bəziləri namaz qılmaqla, ümrəyə və həccə getməklə özlərini övliya sayırlar. Onlara tövbə və istiğfar edərək Allahdan bağışlanmağınızı diləyin – dedikdə  – heç bir günah işləmədim ki, nədən istiğfar edim? deyə cavab verərlər. Halbu ki, yuxarıda da söylədiyim kimi keçmiş və gələcək günahları bağışlanmaış olan Payğəmbərimiz (səs) belə gündə 70-100 dəfə tövbə və istiğfar edərdir.

Əziz müsəlmanlar, Quran bizə həm xəstəlikləri, həm də onun müalicəsini öyrədib. Xəstəliklər günahlardır. Dərmanı, əlacı isə tövbə və istiğfardır. Ən yaxşı istiğfar dilin qəlblə birləşib bağışlanmasını istəməkdir. İnsan qəlbən və dili ilə bunu etməlidir. Allaha yalvarmalıdır. Allah zərrə qədər görülən xeyir əməli zay etməz. Onun yalnız dili ilə istiğfar etməsi belə qeybətdən, xəbərçilikdən, yalandan, insanları məsxərəyə qoymaqdan yaxşıdır.
Xütbəmi bir ayə ilə yekunlaşdırıram:

: “Allah günahından tövbə edənləri, təmiz və pak olanları sevər!”[4]


[1] Furqan, 70-71.

 

[2] Hud, 52.

[3] Ali-İmran, 193

[4] Bəqərə, 222.

 

Tevbe ve istigfar

Read Previous

31 Mart Soyqırımı

Read Next

Söz oyunu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.