• 26 Dekabr 2024

Valideynim hicab geyinməyimə mane olur

 

Mən hicabın fərz olduğunu bilirəm və örtünmək istəyirəm. Amma anam mənə icazə vermir. Bilirəm anamın haqqı da var üzərimdə. Mən ne dim ki onu razı sala bilim, və ya dinimizdə bunun bir həlli varmı?

 

Həmd, bütün kainatı yoxdan var edən, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salət və salam Rəsuli-Əkrəm Hz. Məhəmmədin, səhabələrin və bütün mömin qullarının üzərinə olsun. Hicab, Allah tərəfindən bütün müsəlman qadınlara fərz buyurulmuşdur. Allahu Təla Qurani-Kərimdə buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar),ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar);öz-özlüyündə görünən (əl-üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz atalarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından,yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariylərdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya birbirinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (Nur, 31)  Bundan başqa Əhzab surəsi 59-cu ayədə Allahu Təala (c.c.) buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” Bu ayələr ilə Allahu Təala (c.c.) açıq bir şəkildə təsəttürün bütün qadınlara əmr olunduğunu bildirir. İmam Buxari Hz. Aişədən (r.a.) rəvayət etməkdədir: Allah ilk mühacir qadınlara rəhmət etsin. “Baş örtüklərini yaxalarının üzərlərinə endirsinlər” ayəsi nazil olduqda çarşablarını bölərək onunla başlarını örtdülər” (Buxari, Əbu Davud). Sualınıza gəlincə, təəssüflər olsun ki, bu gün valideynlərin çoxu öz qızlarına bu əmri yerinə yetirməyə mane olurlar. Bu, cəmiyyətimizdə böyük problemdir və gənclərimizin öz dini etiqadlarını  rahat yerinə yetirə bilməmələri deməkdir. Onlar bu addımı atmaqla qızlarının cəmiyyətdə geri qalacaqlarını, müasir ola bilməyəcəklərini, gələcəkdə özlərinə münasib həyat yoldaşı seşə bilməmələri və s. düşüncəsindədirlər. Əslində bunu onlar üçün üzürlü və normal  hal saymaq olar. Çünki valideynlərimiz Sovet dövründə böyüyüb və tərbiyə almışlar ki, bu 70 illik bir dövrdə demək olar ki, az qala İslam dinimiz əlimizdən alınacaqdı. Bəli, valideynlərimizin bizim üzərimizdəki haqları böyükdür. Allahu Təala (c.c.) Qurani-Kərimdə bizə, onlara “of” belə deməməyi əmr etməkdədir. Lakin bunu da bilmək lazımdır ki, Allahın haqqı valideynlərin haqqından daha böyükdür. Belə ki, valideyblərimizi də, bizi də valideynlərimizin vəsiləsiylə yaradan Allahdır (c.c.). Yenə Allahu Təala belə buyurmaqdadır: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman, 15). Siz bu niyyəti yerinə yetirmək üçün ilk növbədə tədricilik metodundan istifadə etməlisiniz. Bu niyyətin sizin İslami etiqad olduğunu, hicab taxmaqla cəmiyyətdə daha rahat olacağınızı valideynlərinizə başa sala, digər açıq-saçıq geyinən qızlarla hicablı mömin bacıların fərqini  onlara izah edə bilərsiniz və ya bilərəkdən hicabla bağlı bu ayələrin  məalını (təfsirini) özünüzə oxuyurmuş kimi səslə valideynlərinizin yanında oxuya bilərsiniz. Amma təbii ki, bunlarla kifayətlənməməli, çoxlu dua edərək Allahdan istəməlisniz. Bu niyyətin gerçəkləşməsi üçün təhəccüd namazlarına qalxsanız gözəl olardı. Çünki həqiqətən də heç ümid olmayacaq yerdən verən lütfi geniş Rəbbimizdir.Allah valideynlərinizin qəlbinə mərhəmət, fəhmlərinə bərəkət versin. Amin.

 

Read Previous

Hicrət

Read Next

Evlilikdən qabaq şəhvət hissini azaltmaq üçün masturbasiya (istimna) ilə məşğul olmaq olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.