• 03 Noyabr 2024

Vay onların halına

Əziz möminlər, Qurani-Kərimin 29 yerində “Vay onların halına!” mənasında bir çox ayələr vardır. Qurani-Kərimdə, hansı əməlləri işləyən, hansı xususiyyətlərə sahib olan kimsələrə “vay onların halına” deyilir, bu cür kimsələrin ağır bir şəkildə Uca Allah tərəfindən qorxudulmasının səbəbi nədir deyə bir araşdırma apardıqda ortaya bu nəticə çıxır.

Maun surəsi, 1-7 ci ayələr: “(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni  gördünmü?  O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və  yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). Vay halına o namaz qılanların ki, . Onlar öz namazlarından qafildirlər. Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər”

Yəni, qonşusu ac ikən tox yatanların, insanlar aclıq içindəykən villa üstünə villa alanların, küçələr dilənçi, yetim, yoxsul, qəriblərlə dolu ikən onlara heç bir yardım etməyərək villalarda səhərə qədər yun səccadələrdə namaz qılanların vay halına! Məzlumun ahı ərşə yüksələrkən, yoxsulun aclığı yeri deşərkən, yetimin ağlaması ərşi çatladarkən sadəcə qıldıqları namazlara güvənərək cənnətin qapısına qaçanların vay halına!
Onlar riyakarlıq edirlər. Qıldıqları namazda, etdikləri duada xeyir yoxdur. Dəvət olunduqları süfrələrdə doyunca yeyib “əlhəmdülillah” dedikdən sonra,”Mübarək səhabə əfəndilərimiz aclıqdan qarınlarına daş bağlayardılar” deyə gözləri dola-dola onlar haqqında danışarlar. Onlar ən kiçik yardımı etməyə belə xəsislik edərlər. Doğrudur barlarda, pavilyonlarda pul xərcləməzlər, amma saray kimi malikanələrinə milyardlar tökərlər. Heyflərini maldan mülkdən, güclü görünməkdən çıxararlar. Kiməsə yardım etmək onlar üçün kəlbətinlə ətlərini qoparmaqdır. Üzdən namazlı, niyazlı daxildən zavallı bir dindarlıq… Çölü Müsəlman daxili kapitalist ..  

Bu hallarıyla Allaha deyil gücə və güclüyə tapınarlar. Özündən güclü olana kölə, özündən zəifə qarşı da Firon olarlar. Allahın məhz onun üçün verdiyini sandığı zənginliklərinə “əlhəmdülillah” deyib gözlərinin önündəki acı, yoxsulu heç cür görməzlər. Vay onların halına!

Huməzə surəsi 1-3 cü ayələr:  “(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.”

Yəni insanların arxasından qeybət edib üzünə gülən, qaş-göz hərəkəti ilə başqalarını narahat edən söz aparıb söz gətirənlərin  vay halına! Dərisinin rənginə, bölgəsinə, yaşadığı evə, geyiminə, qaşına, gözünə baxaraq lağ edənlərin, əlil, şikəst, xəstə olanlara lağ edənlərin vay halına! Pullarını saya-saya bitirə bilməyənlərin, dönüb-dönüb təkrar sayanların, saydıqca keyf alanların, “alçaq dağları mən yaratdım” havasına girənlərin vay halına! İnsanlara yuxarıdan baxanların, yoxsulları böcək kimi görüb pula, qızıla səcdə edənlərin və pul xışıltısından ibadətmiş kimi zövq alanların, sanki zikr edirmiş kimi pullarını dönə-dönə təkrar sayanların vay halına! 

Mürsalat surəsi 14-15 ci ayələr: “Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?! O gün vay halına (qiyaməti) yalan sayanların!”

Yəni, haqlı ilə haqsızı, zalım ilə məzlumu, güclü ilə zəifi, pula ibadət edənlərlə Allaha ibadət edənləri, haram yeyənlə halal dolananı, günahkarla namuslunu, fırıldaqçı ilə dürüstü, gerçək ilə saxtanı, mənfəət ilə əməyi, insana təcavüz edənlə insanı ucaldanı, riyakar ilə səmimini, din üzərindən mal yığanla, malını din üçün xərcləyəni ayıracaq o günün nə olduğunu bilərsənmi? O gün mütləq gələcək. Məhz o günü yəni qiyamət gününü yalan sayanların cənnətdə bu dünyadadır cəhənnəm də deyərək öldükdən sonra dirilməni, axirəti yalan sayanların vay halına! 

Sad surəsi 27 ci ayə: “Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!”

Yəni həyat boş, hər şey boş, həyatın mənası şərab və qadındır deyənlərin, Monqol orduları kimi həyatın mənasını “Düşmənin qadınlarını ələ keçərmək” fəlsəfəsində görənlərin, həzzə və şəhvətə tapınanların, arzularına kölə olanların, əyləncəni zikr hesab edənlərin, nə cənnət var, nə də cəhənnəm; ye, iç əylən deyərək oyunda, əyləncədə olanların vay halına!

Zümər surəsi 22 ci ayə: “Allahın köksünü İslama açdığı şəxsə Rəbbindən bir aydınlanma gəlməmişmidir? O halda Allahı unudaraq qəlbləri qaralanların vay halına!”

Yəni Allahı unutmaqdan qəlbi qaralmışların, vicdanı donmuşların, ağılı tutulmuşların, zehni kütləşənlərin vay halına! Qəlbləri bomboş olanların, gözləriylə görə bilməyən, qulaqlarıyla eşidə bilməyən karların, korların, lalların vay halına! Allahın sözlü və hikmətli ayələrini “çoban səsini qışqırtı sanan sürülər” kimi qəbul edənlərin vay halına! Həyatlarında bir dəfə olsun “Allah var, cənnət-cəhənnəm var, ölüm haqdır” deyə bilməyənlərin vay halına!

Fussilət surəsi 5-6 cı ayələr: “Onlar belə deyirlər: “Bizi çağırdığın şeyə qarşı qəlblərimiz örtülüdür. Qulaqlarımızda da karlıq var və səninlə aramıza bir pərdə çəkilmişdir. İstədiyini et, biz bildiyimizi etməyə davam edəcəyik.” Onlara de: “Mən sadəcə sizin kimi bir insanam. Mənə tanrınızın Tək Tanrı olduğu vəhy olunur. Onun yolunda olun və bağışlamasını diləyin. Ona şərik qoşanların vay halına!”  

Yəni “Nə söylənirsə söylənilsin, eşitmirik, anlamırıq” deyənlərin, “Söylənilənlərə qulaqlarımız kar, qəlbimiz pərdəlidir; yalnız bizim bildiyimiz doğrudur, başqalarının söylədikləri yanlışdır”deyənlərin, özləri üçün yaratdıqları bütlərini heç cür qıra bilməyənlərin vay halına!

29 Aprel 2011 / 26  C.Əvvəl 1432

Vay onların halına

Read Previous

Allah yolunda xərcləmək

Read Next

Axirət

One Comment

  • Bu xutbe cox gozel idi dehwet derecede mescidde ele insanlar var ki onlar kasiblara dilenci kimi baxirlar werefsizler neyse twk xutbeye gore sag olun

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.