• 08 Oktyabr 2024

Xocalı soyqırımı

xocalıXocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup, 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

 

Read Previous

Cümə günü edilməsi lazım olan 10 sünnə

Read Next

Xocalı soyqırımı şahidlərinin sözləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.