• 23 Dekabr 2024

Xocalı Soyqırmı

Xocali Faciesi

Möhtərəm möminlər, bugünkü, xütbəmizin mövzusu xocalı faciəsi haqqında olacaqdır. Mövzumuza keçmədən əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Sizin də bildiyiniz kimi bu mövzu haqqında əsasən xocalı faciəsinin ildönümü ərəfəsində bəhs edirik.  Ancaq çox təəssüflər olsun ki, bəzi kimsələr bu mövzu haqqında xütbə oxumağın düzgün olmadığını, bu məsələ televiziya kanallarında xəbərlər proqramının mövzusudur deyə bizə irad tuturlar. Bəziləri isə bu hadisə haqqında onsuz da məlumatımız var. Bildiyimiz bir hadisə haqqında xütbə verilməsinə nə ehtiyac var deyə şikayət edirlər. Əvvəla bu düşüncədə olan qardaşlarımıza onu çatdırım ki, istənilən xütbədə cəmiyyətin dini və milli dəyərlərini əlaqələndirən    hər mövzuya toxunula bilər. Hz. Peyğəmbərimiz (səs) dini və dünyəvi deyə ayırmadan yaşadığı cəmiyyətin bütün problemləri haqqında xütbə vermiş və bir çox mövzuları onlara təkrar-təkrar xatırlatmışdır. O ki, xocalı faciəsi haqqında yetərincə bilgimiz var bu səbəbdən xütbədə bu barədə bəhs etməyə heç bir ehtiyac yoxdur deyə öz iradını bildirənlərə hesab edirəm ki bu irad da  haqlı bir irad deyil. Çünki hal-hazırda Məscidimizdə olan hər bir Azərbaycan vətəndaşının  Xocalı faciəsi haqqında yetərincə məlumatı olduğunu düşünmürəm. Bildiyimiz bir hadisə olsa belə insan unutqan varlıqdır, xatırlatılmazsa unudur. Onsuzda millət olaraq unutqan bir millətik. Gəlin heç olmasa Xocalı faciəsini unutmayaq. Unutmayaq ki bir daha bu hadisə başımıza gəlməsin. Bu qısa girişdən sonra keçək əsas mövzumuza.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Xocalılar vəhşiliklə üz-üzə qaldılar. 613 nəfər vəhşicəsinə qətlə yetirildi. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə öz başçısını itirdi. Əsir düşmüş 1275 nəfər xocalılı amansız işgəncələrə məruz qaldı.

Xocalı facisəi şahidlərdən biri belə deyir:

“Gözümün qabağında 4 ahısqa  türkünün, 3 qonşumuzun başını bir erməni quldurunun qəbri üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər  ata-analarının gözü qarşısında uşaqlarına işgəncə verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər”.

Başqa bir şahid isə belə deyir: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam”.

Digər bir şahid isə belə deyir: “Bir sutka ayaqyalın meşədə qaldıqdan sonra atam, anam və 16 yaşlı bacım şaxtaya tab gətirə bilmədilər. Sağ qalan xocalılarla birgə məni də girov götürdülər. Bizi bir gün ac-susuz, döşəməsinə su doldurulmuş zirzəmidə saxladılar. Daşnak tör-töküntüsünə dəyişdirildim. İndi iki ayağımdan da məhrumam”.

Başqa bir şahid isə belə deyir: “Ermənilərin hücumundan sonra meşəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 28-də axşam bizi mühasirəyə aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı aparıb güllələyirdilər. Vəhşilər başıma dəhşətli zərbələr endirirdilər. Qızıl dişlərimi kəlbətinlə çıxartdılar. İki qabırğamı sındırdılar. 18 gündən sonra bir alt paltarı əvəzində bizi dəyişdirdilər. Atamı, iki qardaşımı, qardaşım oğlunu öldürdülər”.

Əziz möminlər, indi isə Xocalı faciəsindən az sonra hadisəyə şahid olan xarici jurnalistlərin qəzetlərində yazıdqlarına nəzər salaq:

İzvestiya qəzeti: “Mən özüm yamacda yüzə qədər meyit gördüm . Oğlan uşaqlarından birinin başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla öldürülmüş qoca, qadın və uşaq meyitləri vardı”.

Le Mond qəzeti: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında 3 baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyit görüblər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”.

Ermənilərin öz dilindən Xocalı etirafları:

Davud Xeyriyyanın “Xaç naminə” kitabından hissələr (19-76-cı səhifələr . Müəllifin  Xocalıdakı faciə haqqında qeydləri) Səhifə 26: “…O şaxtalı səhər günündə biz Daşbulağın yaxınlığındakı kilometrlərlə dərinliyi olan  bataqlığı keçmək üçün  ölülərdən  körpü düzəltməli olduq. Mən meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda podpolkovnik Oqanyan mənə işarə etdi ki, qorxmayım. Bu müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində olan qızın sinəsi  üzərinə çıxdım və yeriməyə başladım. Mənim çəkmələrim və şalvarım qan içində idi. 62- 63-cü səhifələrdə müəllif yazır:

“…Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul olan) alçaq monqollardan (türklər) təxminən 200-ə qədər meyit yığdı və onları ayrı-ayrı  yığınlarla  Xocalıdan bir neçə kilometr  qərbdə yandırdı. Sonuncu yük maşınında mənim 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq uşaq hələ də yaşayırdı . Mən heç vaxt o uşağın ölümlə mübarizə aparan  gözlərini unutmayacağam. Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf  sürüdü və daha sonra onları yandırdılar. Mən orada kiminsə kömək istəyərək, çığırdığını da eşitdim.  Daha yeriyə  bilmirdim. Ancaq mən  bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə ”yürüşlərini davam etdirdilər” Növbəti gün biz kilsəyə getdik və 1915-ci ildə həlak olmuş həmvətənlərimizin ruhları üçün dua etdik və axşam  törətdiyimiz! dəhşətdən qəlblərimizin təmizlənməsini dilədik.

 Əziz müsəlmanlar, elə isə gəlin bu faciəni heç vaxt unutmayaq. Unutmayaq ki ən azından belə bir faciə bir daha təkraralanmasın. Unutmayaq ki, düşmənimizi tanıyaq. Düşmənimiz tanıyaq ki, onunla mübarizə apara bilək.

Uca Allah, Xocalıda vəfat edənlərə rəhmət etsin! Xocalının intiqamını almaq, işğal altındakı torpaqlarımızı geri qaytarmaq üçün bizə güc və qüvvət versin. Qarabağda olan məscidlərimizdə  yenidən əzanlar oxuyub namazlar qıla bilməyimiz üçün bizə iman gücü versin!

 

24 Fevral 2012 / 2  R. Axır  1433

Read Previous

Ziyarətlərə yəni pirlərə getmək olar?

Read Next

Şəkidə Dəfn Xərcləri Neçəyə Başa Gəlir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.