• 26 Dekabr 2024

Yaxşılıq et, at dənizə. Balıq bilməsə, Xaliq (Yaradan) bilər

Bir gün bir adam qəlbindən “ Bu gün bir sədəqə verəcəyəm” deyərək bir hiss keçirir və bir nəfərə sədəqə verir. Ertəsi gün insanlar arasında belə bir söz dolaşır. “Bilirsiniz…? bu gecə fılan oğruya sədəqə verilmiş”. Bunu eşidən adam; bir az kədərlənir, amma yenə də sədəqə verdiyi üçün Allaha şükür edir.

 “Bəlkə verdiyim sədəqə qəbul olmamışdı ” düşüncəsi ilə növbəti gün yenə sədəqə verməyə qərar verir. Bu səfərdə sədəqəsini bir qadına verir. Bu dəfə isə insanlar öz aralarında belə danışmağa başlayır:  “Bilirsiniz…? Bu gecə filan zina edən qadına sədəqə verilib”

Bu sözləri duyan adam yenə çaşıb qalır,  üzüntü və kədəri bir az da artır, ancaq buna baxmayaraq sədəqə verdiyi üçün Allaha şükür edir.

Üçüncü gün bu səfər də tanımadığı bir kimsəyə sədəqə  verir. Lakin daha sonra  öyrənir ki, sən demə sədəqə verdiyi  adam varlı imiş! Səhəri gün yenə insanlar öz aralarında  bu sözləri söyləyirlər: “ bu gecə, fılan varlı adama sədəqə verilib!”

Bütün bunları eşidən adam  adam dərin düşüncələrə dalaraq bunları deyir:

Ey Allahım! Verdiyim sədəqələr oğruya, zinakara və imkanlı şəxslərə getmişdir”.

“ Ey Uca Rəbbim! Bütün təriflər Sənə məxsusdur” Bu sözləri söyləmişdir ki, birdən qulağına gizli bir səs gəlir:

“ Doğrudur! Sən oğruya sədəqə verdin. Lakin ümid edilir ki, sənin verdiyin bu sədəqə səbəbi ilə həmin adam etdiyi hərəkətdən utanar, peşman olar və artıq oğurluq etməz”

“Sən zina edən bir qadına sədəqə verdin. Bəlkə sənin verdiyin sədəqə səbəbi ilə zina etməkdən çəkinər və iffətli bir qadın olar”

“Sən imkanlı bir şəxsə sədəqə verdin. Bəlkə sənin verdiyin sədəqə səbəbi ilə adam ibrət alar, öz xəsisliyini dərk edərək  utanar və bundan sonra Allahın ona verdiyi mallardan Allah yolunda xərcləməyə başlayar”[1]

Yuxarıdakı hadisəni bizə danışan sizin təxmin etdiyiniz kimi sevimli Peyğəmbərimizdir (s.ə.s)

Sizcə Peyğəmbərimiz (s.ə.s) bu hadisədən nədən bəhs etmişdir? Bununla bizə  nə demək istəyir, nəyi başa salmaq istəyir…

Bəli insanların çoxu aşağıdakı bu ifadələri çox işlədir:

“Bu gündən sonra kimsəyə yaxşılıq etməyəcəm, insanların çoxu nankordur” .

“ Heç kimsəyə yaxşılıq etməyə dəyməz”

“Bu qədər yaxşılıq etdim, hamısı boşa getdi”…

Bu şəkildə düşünən İnsanlar çox vaxt etdikləri yaxşılıqların qarşılığını görmədikləri üçün etdikləri yaxşılığın boşa getdiyini zənn edirlər. Lakin bu düşüncə doğru deyildir!

 Kainatda edilən heç bir yaxşılıq boşa getməz! Bizim, “boş yerə etdim, kaş ki etməsəydim” deyə düşündüyümüz yaxşılıqlar hər şeydən öncə bizi Allah qatında hörmətli  bir insan olmaya bir addım daha yaxınlaşdırır. Etdiyimiz bu yaxşılıqlar səbəbi ilə bir günahımız silinir, Allah qatında bir dərəcə daha yüksəlirik. Bu da az bir şey deyil!

Unutmayaq!  Etdiyimiz yaxşılıqlar, qarşı tərəfdə  heç düşünmədiyimiz müsbət bir təsir meydana gətirə bilər. Bu təsir bəlkə bu gün özünü göstərməyə bilər. Lakin gün gələr o təsir özünü mütləq göstərər. Bir atalar sözündə deyildiyi kimi

“Yaxşılıq et, at dənizə. Balıq bilməsə Xaliq (Yaradan) bilər”

Xülasə etdiyimiz heç bir yaxşılıq boşa getməz. İnsanlığı etdiyi yaxşılıqlar ayaqda tutduğu kimi, yenə etdiyi yaxşılıqlar qurtaracaqdır. Pislər var deyə yaxşılıqdan əl çəkmə! Çünki yaxşılıqlardan əl çəkməkdə bir pislikdir.

Uca Allah! Bizi hər zaman yaxşılıqlar arxasınca gedən, insanların rizası üçün deyil Allahın rizasını qazanmaq üçün yaxşılıq edən qullarından etsin! Amin


[1] Buxari, Zəkat,13; Müslim, Zəkât, 78

Read Previous

Yoluxucu xəstəliklərin yayılmasının səbəbi

Read Next

Ruzi üçün çalışmaq