• 23 Dekabr 2024

Yemək Ədəbləri

  yemekler[1]Möhtərəm möminlər, həyatın hər anında ədəbə riayət etməyi şüar kimi qəbul edən hər müsəlman yeyib-içməsi də peyğəmərimizin sünnəsinə uyğun olmalıdır. Yeyib-içmək ehtiyacı ödənilərkən, halal yolla qidalanmağa və israfdan qaçmağa səy göstərilməsi əmr edilmişdir. İslam cəmiyyətinin özünəməxsus bir süfrə mədəniyyəti və qidalanma ədəbi vardır. Bunların bilinməsi və ona görə hərəkət edilməsi, sağlam və xoşbəxt bir həyatın yaşanmasında ən mühüm rol oynayır.

     İslam ədəbinə görə yeməyə başlamazdan əvvəl və yeməkdən  sonra əllər yuyulmalıdır. Bu təmizlik və sağlamlıq nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Hədisi-şərifdə;   “Yeməyin bərəkəti, yeməkdən əvvəl və sonra əllərin yuyulmasıdır.”[1] buyurularaq bu hala işarə edilmişdir. Yeməkdən əvvəl əllərin yuyulması kirləri, sonra yuyulması isə ələ bulaşan yağ və bənzəri şeyləri təmizləyir.

    Hz. Peyğəmbərimiz (səs) belə xəbərdarlıq edir: “Əlində yemək bulaşığı qaldığı halda yumadan yatan kimsə hər hansı bir zərərə uğrayarsa özündən başqa heç kimi günahlandırmasın!”[2]

    Hər xeyirli işdə olduğu kimi yeməyə də “bismillah”-deyərək başlamaq İslamın gətirdiyi gözəlliklərdəndir. Hz. Peyğəmbərimiz (səs) belə buyurmuşdur:

    “Kim evinə girərkən və yemək yeyərkən bəsmələ çəkərsə (bismillah deyərsə) şeytan əsgərlərinə, “Burada nə gecələyə, nə də yemək yeyə bilərik”-deyir. Əgər o kimsə evə girərkən bismillah deməzsə şeytan onlara “Gecəni keçirəcək bir yer tapdıq”-deyir. O şəxs yemək yeyərkən bismillah deməzsə, şeytan yenə əsgərlərinə, “Həm sığınacaq yer, həm də yeyəcək yemək tapdınız”- deyir.”[3]

  Yeməyə başlayan kimsənin bismillah deməyi unutduğunda nə  edəcəyini yenə Peyğəmbərimizin (səs) tövsiyələrində görürük.

    Hz. Aişə (r.a.) belə nəql edir: Bir dəfə Allah Rəsulu (səs) əshabından 6 nəfərlə birlikdə yemək yeyirdi. Bir bədəvi gələrək yeməyi iki loğmada yeyib qurtardı. Hz. Peyğəmbərimiz (səs):

   “Əgər bu kimsə “bismillah” desəydi yemək hamınıza yetərdi. Elə isə biriniz yemək yediyi vaxt “bismillah” desin. Yeməyin əvvəlində bunu söyləməyi unudarsa: “bismilləhi əvvəlihi və axirihi, əvvlində də sonunda da bismillah” desin.” buyurdu.[4] Bununla bağlı digər bir heyrətamiz hadisə də belə cərəyan etmişdir. Əshabdan Üməyyə bin Mahşinin (r.a) nəql etdiyinə görə Rəsulullahın (səs) yanında bir adam yemək yeyirdi. Həmin adam son loğmaya qədər bismillah demədi. Son loğmanı ağzına apararkən “bismilləhi əvvəlihi və axirihi, əvvlində də sonunda da bismillah” –dedi. Bunu eşidən Hz. Peyğəmbərimiz (səs) təbəssüm etdi və: “Şeytan onunla birlikdə yemək yeyirdi. O, bismillah deyən kimi şeytan yediklərini qaytardı.” buyurdu.[5]

Yemək, mümkün mərtəbə bir yerdə yeyilməlidir. “Topluluqda  rəhmət, ayrılıqda əzab vardır.” buyuran Peyğəmbərimiz (səs) yeyərkən də bir yerdə yeməyi tövsiyə etmişdir. Vəhşi bin Hərbin (r.a.) xəbər verdiyinə görə bir qrup əshabələr:

     -Ya Rəsuləllah! Yemk yeyirik, amma doymuruq, dedilər. Hz. Peyğəmbərimiz (səs) onlara: “Hər halda tək-tək yeyirsiniz.”-dedikdə:

     -Bəli, elə edirik dedilər. Allah Rəsulu (səs): “Birlikdə yeyin və bismillah deyin ki, yeməyiniz bərəkətlənsin!”-dedi.[6]

     Yeməyə böyüklərdən əvvəl başlamamaq da yeməyin ədəblərindəndir. Əshabələrdən Hüzeyfə (r.a) belə deyir, “Birlikdə yemək yeyəcəyimiz zaman, Peyğəmbərimiz başlamadan biz əlimizi yeməyə uzatmazdıq.”[7] Əshabələrin Rəsulullahın (səs) böyüklüyünə hörmət edib tətbiq etdiyi  bu gözəl ədəb, əsrlərlə müsəlman ailələrdə öz əksinə taparaq günümüzə qədər gəlib çatmışdır. Evin böyüyü oturub yeməyə başlamadan əvvəl yeyib-içmək böyüb ədəbsizlik kimi qiymətləndirilmişdir.

    Bundan əlavə bir mömin yeməyini sağ əli ilə və önündən  yeməlidir. Ömər bin Əbu Sələmə (r.a) belə nəql edir:

    “Rəsulullahın (səs) himayəsində böyüyən bir uşaq idim. Yemək yeyərkən əlimi qabın hər tərəfinə uzadardım. Bunu görən Peyğəmbərimiz (səs) mənə belə buyurdu: -“Öğlum, bismillah de, sağ əlinlə və həmişə önündən ye.”[8]

    Möhtərəm müsəlmanlar, yemək ədəblərindən biri də yeməyi sol əllə deyil sağ əllə yeməkdir.

   Sələmə bin Əqva (r.a) bu barədə belə nəql edir: “Bir nəfər Peyğəmbərimizin yanında sol əliylə yemək yeyirdi. Peyğəmbərimiz (səs) –ona: -Sağ əlinlə ye!” buyurdu. Həmin adam: -“Yeyə bilmərəm, deyə cavab verdi. Allah Rəsulu (səs) həmin adama: “Heç yeyə bilməyəsən!”-dedi.

    Sələmənin bildirdiyinə görə, həmin adam təkəbbürünə görə belə demişdi. Rəsulullahın (səs) bədduasını aldıqdan sonra, həqiqətən də əlini ağzına apara bilmədi.[9]

    Bu gün cəmiyyətimizdə islamdan uzaq mədəniyyətlərin təsiri ilə müasirlik adı altında sol əllə yemək yeməyi adət halına gətirmək meyli görünür. Xüsusilə yeməkxana və restoran kimi yerlərdə bıçaqların sağ tərəfə, qaşıq və çəngəllərin sol tərəfə qoyulması və dəyişməz bir qayda kimi tətbiq edilməsi bunun bir təzahürüdür. Bu yanlış bir davranışın İslamın yemək ədəbi ilə uyğun olmadığı özünü bariz şəkildə göstərir. Müsəlmanlar bu mövzu ilə bağlı həddindən çox diqqətli və tələbkar olmalıdırlar.

    Bundan başqa bir kimsə xoşuna gəlməsə belə hazırlanan yeməyə hörmətsizlik etməməli, bəyənmədiyini birüzə verməməlidir, heç olmasa bunu dil ilə ifadə etməkdən çəkinməlidir. Əbu Hüreyrə (r.a) Rəsulullahın (səs) heç bir zaman yeməkdə qüsur axtarmadığını, ürəyi istəyərsə yeyər, istəməzsə yemədiyini bildirirdi.[10]

    Əziz qardaşlar, xütbəmə bir ayə ilə son verirəm:

    “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!”[11]

10  May  2013 /30 C. Axır 1434  



[1]Tirmizi, Ətimə, 39.

[2]Əbu Davud, Ətimə,53.

[3]Muslim, Əşribə, 103.

[4]İbn Macə, Ətimə, 7; Əbu Davud, Ətimə, 15.

[5]Əbu Davdu, Ətimə, 15.

[6]Əbu Davud, Ətimə, 14.

[7]Müslim, Əşribə, 102.

[8] Buxari, Ətimə, 2.

[9]Müslim, Əşribə, 107.

[10]Buxari, Mənakib, 23.

[11]əl-Bəqərə, 172

Read Previous

Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür

Read Next

Türkiyədə başörtüyü sərbəstliyi konstitusiyada öz əksini tapacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.